Biz əbədi düşmən münasibətində yaşaya bilmərik – Partiya sədrindən maraqlı AÇIQLAMA

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi regionun gələcək inkişafında mühüm rol oynayır. Uzun illər davam edən müharibədən sonra tərəflər arasında yaranan yeni reallıqlar, nəqliyyat əlaqələrinin bərpasını həm iqtisadi, həm də siyasi baxımdan zəruri edir. Bu istiqamətdə atılan addımlar, Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq üçün mühüm zəmin yaradır.
Son aylar regionda baş verən diplomatik fəallıq və beynəlxalq vasitəçilərin təşəbbüsləri fonunda nəqliyyat dəhlizlərinin açılması məsələsi yenidən gündəmə gəlib. Avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşdə iki ölkə rəhbəri arasında logistik əlaqələrin qurulması barədə ilkin razılıq əldə olunub. Ardınca qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsi bu istiqamətdə irəliləyişin mümkünlüyünü göstərir.
Bu mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Ədalət Partiyasının sədri Mütəllim Rəhimli bildirib ki, nəqliyyat keçidlərinin bərpası sülh sazişinə aparan yolda ən vacib addımlardan biridir. Onun sözlərinə görə, bu mexanizmlərin formalaşdırılması regionda stabilliyin təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır: “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün ilk növbədə nəqliyyat keçidləri bərpa olunmalıdır. Logistik əlaqələrin qurulması istiqamətində Vaşinqtonda keçirilən görüşdə də razılıq əldə olunub. Bu, gələcək əməkdaşlıq üçün vacib mexanizmlərin yaranmasına şərait yaradır.”
M. Rəhimli bildirib ki, artıq qarşılıqlı etimad mühitinin formalaşması üçün müəyyən addımlar atılıb. O, Paşinyanın təyyarəsinin Azərbaycanın hava məkanından istifadə istəyi ilə bağlı müraciətinə müsbət cavab verilməsini bu baxımdan müsbət siqnal kimi dəyərləndirib: “İki ölkə arasında gərginlik tərəflərdən heç birinə fayda vermir. Bu vəziyyətdən xüsusilə Ermənistan əziyyət çəkir. Çünki ölkə iqtisadi cəhətdən blokada şəraitindədir və tezliklə iqtisadiyyatını şaxələndirməyə, yeni ticarət yolları açmağa ehtiyac duyur”.
Partiya sədri qeyd edib ki, Azərbaycanın yerləşdiyi geostrateji mövqe həm iqtisadi, həm də siyasi baxımdan unikal imkanlar yaradır. Regionda nəqliyyat dəhlizlərinin kəsişdiyi bu məkan, ölkəmiz üçün strateji üstünlük təşkil edir.
“Azərbaycan bu üstünlüyü iqtisadi dividendlərə çevirməlidir. Ermənistana gedən yolların ölkəmizdən keçməsi bizim üçün həm siyasi təsir aləti, həm də iqtisadi qazanc mənbəyidir. Ona görə də bu istiqamətdə atılacaq addımlar yalnız faydalı ola bilər,” – deyə Rəhimli vurğulayıb.
Onun fikrincə, Ermənistanın Qazaxıstandan idxal etdiyi buğdanın Azərbaycan üzərindən daşınması məsələsinə baxıla bilər, lakin bu proses mərhələli şəkildə və müəyyən çərçivədə həyata keçirilməlidir: “Biz əbədi düşmən münasibətində yaşaya bilmərik. Kommunikasiyalar gec, ya tez bərpa olunacaq. Lakin bu, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsindən və gələcəkdə regionda gərginliyə səbəb olmayacağına dair etibarlı qarantiyalar təqdim etməsindən sonra mümkündür”.
M. Rəhimli hesab edir ki, qarşılıqlı etimadın möhkəmləndirilməsi və tədrici diplomatik dialoq regionda sabitliyin bərqərar olmasına, iqtisadi inteqrasiyanın isə yeni mərhələyə keçməsinə gətirib çıxaracaq.
Nigar Yahyazadə
16:55 22.10.2025
Oxunuş sayı: 1265