ŞKTR-də yeni seçilmiş prezident yeni proses başladır? – Adanın taleyi barədə türkiyəli professorun şərhi

Oktyabrın 19-da keçirilən seçkilərdə ilkin nəticələrə əsasən Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qalib gəlib və ölkənin yeni prezidenti seçilib. Türkiyə Xarici İşlər Nazirliyi Erhürmanı təbrik edərək seçkiləri “kiprli türklərin azad və suveren iradəsinin təzahürü” kimi qiymətləndirib. Ankara həmçinin adadakı sabitlik, rifah və inkişaf üçün səylərinə bundan sonra da dəstək verəcəyini bəyan edib.
Bu siyasi dəyişiklik və Türkiyənin mövqeyi barədə Crossmedia.az-a türkiyəli professor Mehmet Yüce fikirlərini bölüşüb.
- ŞKTR niyə Türkiyə üçün strateji əhəmiyyət daşıyır?
ŞKTR, Türkiyə üçün sadəcə tarixi-mədəni bağların davamı deyil, Şərqi Aralıq dənizində geosiyasi mövcudluğun əsas dayaqlarından biridir. Ada Türkiyəyə dəniz yurisdiksiya sahələrində qanuni dayaq və regional balans imkanı verir. 1974-cü il Sülh Hərəkatı ilə üzərinə götürülən tarixi–insani məsuliyyət bu gün də “Kipr türklərinin suverenliyi və siyasi bərabərliyi” prinsipində davam edir. Bu səbəbdən ŞKTR, Türkiyənin enerji təhlükəsizliyi, müdafiə strategiyası və xarici siyasət baxışının ayrılmaz hissəsidir; təkcə müttəfiq deyil, milli kimlik, təhlükəsizlik və regional sabitliyin rəmzi kimi qiymətləndirilir.
- Türkiyənin ŞKTR-yə yanaşması və seçkilərə münasibəti nədir?
Türkiyənin Kipr siyasəti konjonktural dəyişikliklərdən asılı olmayan, uzunmüddətli təhlükəsizlik, sabitlik və suverenlik prinsiplərinə əsaslanan davamlı dövlət siyasətidir; hakimiyyət dəyişikliyi bu xəttin mahiyyətini dəyişmir. Türkiyə ŞKTR-də keçirilən seçkilərə birbaşa müdaxilə etmir, onları Kipr türklərinin azad və suveren iradəsinin təzahürü kimi dəyərləndirir. Eyni zamanda adadakı reallıqlar çərçivəsində Ankara ilə məsləhətləşmə zərurəti siyasi xəttin ayrılmaz hissəsidir. Prezident seçkilərini qazanan cənab Erhürmanın “Türkiyə ilə məsləhətləşmədən Kiprdə xarici siyasət müəyyənləşdirilməsi mümkün olmayacaq” fikri də bu reallığı ifadə edir: Türkiyənin qəbul etmədiyi həllin ŞKTR-da həyata keçməsi mümkün deyil.
- ŞKTR-nin TDT və Azərbaycanla münasibətlərinin strateji mənası nədir?
ŞKTR, Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür və hər bir iqtidar üçün TDT ilə əməkdaşlıq seçim deyil, zərurətdir. Bunun məntiqi davamı kimi, ŞKTR üçün Azərbaycanın dəstəyi xüsusi əhəmiyyət daşıyır: İlham Əliyevin indiyədək verdiyi siyasi dəstək Kipr türkləri üçün mühüm olub və ŞKTR-nin beynəlxalq aləmdə tanınmasına yönələn səylərdə həlledici rol oynaya bilər. Bu kontekstdə cənab Erhürmanın yaxın zamanda Azərbaycana səfəri gözlənilir; məqsəd TDT çərçivəsində əməkdaşlığı dərinləşdirmək, həm siyasi legitimlik, həm də iqtisadi–enerji layihələrində sinerji yaratmaqdır.
Fidan Qarayeva
17:15 21.10.2025
Oxunuş sayı: 2845