TDT Avropaya doğru genişlənir: Müşahidəçi üvzlər üçün böyük şans

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci sammitində bir sıra təklif və təşəbbüslərlə çıxış edib.
Prezident bildirib ki, Qazaxıstan "TDT+" formatının yaradılması ideyasını dəstəkləyir.
"Bir çox ölkələr təşkilatımızın fəaliyyətinə maraq göstərir. Qazaxıstan əsas vəzifəsi əməkdaşlığımızın daha da genişləndirilməsi olacaq "TDT+" formatının yaradılması ideyasını dəstəkləyir. Bu təşəbbüs, şübhəsiz, təşkilatın beynəlxalq nüfuzunu daha da artırmağa xidmət edir", – o vurğulayıb.
Tokayevin səsləndirdiyi fikirlərlə bağlı Crossmedia.az-a danışan Milli Məclisinin deputatı Asim Mollazadə bildirib ki, TDT+ layihəsi sayəsində təşkilatın fəaliyyəti dahada genişlənəcək: "Bu gün TDT təhlükəsizlik, iqtisadiyyat, dövlətlər arası əlaqələr və böyük strateji addımların birlikdə həyata keçirilməsi kimi bir sıra məsələlərlə bağlı dövlətləri birləşdirir. Təşkilatın TDT+ layihəsi ilə genişlənməsi, yeni üzvlərin qəbulu onu daha da gücləndirəcək. TDT-nin genişlənməsi hazırda müşahidəçi olan Şimali Kipr, Macarıstan kimi ölkələrin tamhüquqlu üzv olmaları üçündə böyük şansdır".
Deputat, TDT-nin Avropaya doğru genişlənməsi ilə bağlı danışarkən bildirib ki, bu gün təşkilat coğrafi mövqeyi baxımından həm Avropa, həm də Asiya qitələrini birləşdirən bir təşkilatdır.
“Mənə elə gəlir ki, Avropaya doğru genişlənmə dedikdə Avropa İttifaqı Təşkilatı nəzərdə tutulmur. TDT türk dövlətlərinin təşkilatıdır və bu gün Türkiyənin Avropada da yerləşməsi ilə Avropa artıq TDT-də təmsil olunur".
Fatimə Hacıəliyeva
17:17 11.10.2025
Oxunuş sayı: 6137