Vaşinqton Bəyannaməsi Cənubi Qafqazda yeni sabitlik mərhələsinin başlanğıcıdır - Deputat

Avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması Cənubi Qafqazda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində atılmış ən mühüm addımlardan biri kimi qiymətləndirilir. Bu razılaşma yalnız region dövlətləri üçün deyil, həm də sərhədlərimizdən uzaqda yerləşən bir çox ölkələr üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın bölgədə sülhün əsas təminatçısına çevrilməsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Məhz bu kontekstdə Qırğızıstan Prezidenti Sadır Japarov da TDT sammitində qeyd edib ki, Vaşinqton Bəyannaməsinin imzalanması Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsi baxımından xüsusi önəm kəsb edir. Onun sözlərinə görə, bu sənəd region dövlətləri arasında qarşılıqlı etimadı gücləndirir, əməkdaşlıq mühitini genişləndirir və Cənubi Qafqazın beynəlxalq aləmdə sülh və dialoq məkanı kimi formalaşmasına zəmin yaradır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Azərbaycan Milli İstiqlal Partiyası sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Cənubi Qafqazda sabitlik və mövcud reallıq Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyi uğur, antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə yaranıb:
"Bu reallığı Azərbaycan özü, öz gücü ilə formalaşdırıb. 30 il ərzində torpaqlar işğal altında olduğu vaxtda Cənubi Qafqazda sabitlik ola bilməzdi və təəssüf olsun ki, beynəlxalq təşkilatların, eləcə də böyük dövlətlərin prosesə lazımi səviyyədə dəstək verməməsi səbəbindən bu müddət uzandı. Nəhayət, biz öz gücümüzə bu reallıqları formalaşdırmış olduq. Təbii ki, Vaşinqton görüşü və avqustun 8-də əldə edilən razılıq ABŞ kimi böyük bir dövlətin bu prosesdə iştirakını mümkün edib. Bu iştirakla ABŞ regionda Azərbaycanın formalaşdırdığı reallıqlar kontekstində daha dayanıqlı sülh və sabitliyin qarantı rolunda çıxış etməyə başlayıb. Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, bu prosesdə Vaşinqtonun iştirakı və 8 avqustda imzalanan sənədlər əsasında demək olar ki, regionda yeni bir dönəm başlanıb. Azərbaycanın təklifi əsasında Zəngəzur dəhlizinin — adı necə adlanmasından asılı olmayaraq — bu kommunikasiya qovşağının açılması və ABŞ-nin bu prosesdə iştirakı həm region ölkələri, həm də bütövlükdə böyük dövlətlər üçün yeni perspektivlər açır. Həmçinin, TDT-də birləşmiş türk dövlətləri üçün də əlavə imkanlar yaradır".
A. Əlizadənin fikrincə, logistik baxımdan Azərbaycan elə bir ərazidə yerləşir ki, Zəngəzur dəhlizinin və kommunikasiya qovşağının istifadəyə verilməsi ilə bütövlükdə Çindən, Orta Asiyadan, bilavasitə Azərbaycan və Türkiyədən keçməklə Avropaya çıxış əldə olunur:
"Cənubi Qafqazda sabitlik bu bölgəyə diqqəti artırır və yeni missiyaların qoyulması imkanlarını mümkün edir. Bu baxımdan Sadır Japarovun dediyində həqiqət var. Həqiqət ondan ibarətdir ki, Azərbaycanın bərpa etdiyi yeni reallıqlar fonunda ABŞ-nin iştirakı ilə yeni bir dönəm başlayır. Bu dönəm həm böyük dövlətlər, həm region dövlətləri, həm də TDT-nin əsas qüvvələri olan Azərbaycan, Türkiyə və digər türk dövlətləri üçün əhəmiyyətli perspektivlər açır. Prosesin bu cür davam etməsi TDT üçün əlavə iqtisadi və siyasi dividentlər yaradır".
Türkan Kərimli
22:05 08.10.2025
Oxunuş sayı: 4204