TDT-nin hərbi, siyasi, iqtisadi baxımdan geniş hədəfləri var - Deputat

Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə Toplantısı təkcə diplomatik hadisə deyil, həm də türk dünyasının gələcək istiqamətini müəyyənləşdirən strateji platformadır. Müasir çağırışlar fonunda bu Zirvə, birliyimizin gücünü, həmrəyliyimizi və qlobal miqyasda təsir imkanlarımızı nümayiş etdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Təşkilatın məqsədi təkcə ortaq dəyərləri qorumaq deyil, həm də onları regional sülh, sabitlik və inkişafın dayanıqlı əsasına çevirməkdir. Qəbələdə qəbul ediləcək qərarlar türk dövlətləri arasında siyasi, iqtisadi və təhlükəsizlik sahəsində inteqrasiyanı daha da gücləndirəcək.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-a açıqlama verib:
"Türk Dövlətləri Təşkilatının tarixi Naxçıvandan başlayır. Qəbələdə baş tutan 12-ci Zirvə toplantısı təşkilatın fəaliyyətinin 16-cı ildönümünə təsadüf edir. Budəfəki toplantının sülh və təhlükəsizlik mövzusuna həsr olunması təsadüfi deyil. Mövcud geosiyasi dəyişikliklər fonunda sülh və təhlükəsizlik bütün coğrafiyalar üçün ön plandadır. Azərbaycan TDT-nin ən fəal üzvlərindən biridir və qurumun inkişafında xüsusi rola malikdir. Belə ki, ölkəmiz türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərir. Azərbaycan ötən ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşündə də bu istiqamətdə öz mövqeyini ortaya qoydu.
TDT-nin siyasi, iqtisadi, hərbi baxımdan geniş hədəfləri var. Məlum olduğu kimi, Azərbaycan ötən il Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdü. Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşıda duran prioritet məsələlərdən biridir.
Hesab edirəm ki, Qəbələ toplantısı da türk dövlətləri arasında əlaqələrin genişləndirilməsi, Türk dünyasının gücləndirilməsi baxımından vacib toplantı kimi tarixə düşəcək".
Ayhan
19:21 06.10.2025
Oxunuş sayı: 1822