TDT-nin Qəbələ toplantısı bu istiqamətdə dönüş nöqtəsi olacaq - Deputat

Türk dünyasının həmrəyliyini, siyasi və iqtisadi birliyini möhkəmləndirən əsas platformalardan biri olan Türk Dövlətləri Təşkilatı bu dəfə diqqət mərkəzindədir. Qardaş ölkələrin dövlət başçılarının bir araya gəldiyi XII Zirvə Toplantısı Azərbaycanın ev sahibliyində, Qəbələdə keçirilir. “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunan bu mühüm tədbir yalnız türk dövlətlərinin gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmir, həm də regionun strateji sabitliyi baxımından yeni mərhələnin əsasını qoyur. Zirvə, türk dövlətlərinin ortaq maraqlar əsasında birləşərək güclü siyasi və iqtisadi ittifaq formalaşdırmaq niyyətinin növbəti təzahürüdür.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Nigar Məmmədova Crossmedia.az-a açıqlama verib:
"Türk Dövlətləri Təşkilatının zirvə toplantıları hər zaman vacib müzakirələrlə, ortaq strateji prioritetlərlə, effektiv qərarlarla yadda qalır. Budəfəki zirvəyə Azərbaycan ev sahibliyi edir. “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunmuş 12-ci zirvə toplantısında da təhlükəsizlik naminə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində qərarların qəbul ediləcəyi gözləniləndir.
XII Zirvə Görüşünün Bəyannaməsi isə Təşkilatın strukturunun yeni mərhələyə keçidini əhatə edəcək.
Zirvə çərçivəsində keçirilən ikitərəfli görüşlər də xüsusi əhəmiyyət kəsb edir. Belə görüşlər türk dünyasının gələcək inteqrasiyası baxımından vacibdir.
Son vaxtlar Türkmənistanın Təşkilata üzvlük məsələsi də gündəmdədir. Hesab edirəm ki, Qəbələ toplantısı bu istiqamətdə dönüş ola bilər. Məlum olduğu kimi, Türkmənistan TDT-nin tamhüquqlu üzvü olmasa da, bu ölkə türk dünyasının bir parçası kimi son vaxtlar fəallığı artırıb. 2021-ci ilin noyabrında keçirilən 9-cu Zirvə Toplantısında Təşkilatın müşahidəçi üzvü olan Türkmənistan ötən il Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palataları Birliyinə tamhüquqlu üzv qəbul edilib.
Aşqabadla Bakı arasında ikitərəfli münasibətlərdə də dinamika müşahidə olunmaqdadır. TDT toplantısı çərçivəsində Türkmənistanın işğaldan azad olunmuş ərazilərin bərpasına dəstəyi ilə bağlı konkret addımların atılmasını gözləmək olar".
Ayhan
19:19 06.10.2025
Oxunuş sayı: 9125