Ərazidəki ermənilərin hansı məqsədlə orada qalması ciddi surətdə yoxlanılmalıdır - Deputat

Şuşa yaxınlığında tapılan silah-sursat və Xankəndində qarşısı alınan terror cəhdi göstərir ki, azad edilmiş ərazilərdə təhlükə hələ də tam aradan qalxmayıb və gizlədilmiş silah-sursat ehtimalı qalmaqdadır.
Məsələ ilə bağlı deputat Arzuxan Əlizadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Şuşa yaxınlığında çoxlu silah-sursat tapılıb: "Dərhal diqqət yönəlir ki, iki gün əvvəl meşədə və digər ərazilərdə gizlədilmiş silah-sursatı, qumbaraları və avtomat silahını götürərək Xankəndində terror aktı törətməyə cəhd edən bir erməni tutulub. Hüquq-mühafizə orqanlarımızın və polis əməkdaşlarımızın sayqınlığı sayəsində həmin şəxs tutularkən bir polis əməkdaşı da yaralanıb".
Deputat əlavə edib ki, əgər bu cəhdin qarşısı alınmasaydı, təbii ki, terror aktı törədilməsi təhlükəsi olardı və bu təhlükə hər zaman mövcuddur: "Belə təhlükələrin qarşısı alınmalıdır. Ümumiyyətlə məlumdur ki, işğal dövründə ermənilər işğal etdikləri ərazilərdə — bu gün azad etdiyimiz ərazilərdə — bir milyondan çox mina basdırıblar və silah-sursatın olması ehtimalı da kifayət qədər böyükdür. Bir neçə ildir ki, ərazilərimizdə hüquq-mühafizə orqanları və müvafiq qurumlar təmizləmə işlərini həyata keçirirlər, amma görünən odur ki, hələ də müəyyən yerlərdə silah-sursat qalma ehtimalı mövcuddur.
Gələcəkdə əgər silah varsa, bir gün atıla bilər; əgər minalar varsa, partlama riski mövcuddur. Ərazidə qalan 5–10 nəfər erməninin hansı məqsədlə orada qalması da ciddi surətdə yoxlanılmalıdır — haradan idarə olunduqları müəyyən edilməlidir. Bu kontekstdə iş davam etdirilir".
“Hesab edirəm ki, hüquq-mühafizə orqanlarımız bu prosesi olduqca peşəkarlıqla həyata keçirirlər, amma yenə də ehtiyatlı olmaq lazımdır. Vətəndaşlarımız da bu məsələlərdə yardımçı olmalıdırlar: hüquq-mühafizə orqanlarına, polis əməkdaşlarına və əlaqədar qurumlara şübhəli yerlər, silah-sursat gizlədilə biləcək məkanlar barədə məlumat verməlidirlər. Vətəndaş sayqınlığı olmalıdır. Hüquq-mühafizə orqanlarımızın, xüsusilə həmin ərazilərdə keşik çəkən əməkdaşların peşəkarlıq səviyyəsinə şübhəmiz yoxdur, amma bu proses davam etməlidir. Mən şübhə etmirəm ki, ərazidə hələ də silah-sursatın gizlədilməsi ehtimalı var",- deyə deputat fikirlərini yekunlaşdırıb.
Bənövşə Zahidli
18:18 16.09.2025
Oxunuş sayı: 720