Ermənistan öhdəliyini yerinə yetirməlidir - Deputat

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, əgər Azərbaycanla sülh sazişinin paraflanması zamanı Konstitusiya Məhkəməsi sənədin Konstitusiyaya zidd olduğunu qərara alarsa, o, şəxsən konstitusiya dəyişiklikləri ilə bağlı təşəbbüs göstərəcək. Paşinyan bu fikri “İrəvan dialoqu” beynəlxalq forumunda səsləndirib və vurğulayıb ki, hazırda bu barədə düşünməyə ehtiyac olmasa da, yeni Konstitusiyanın qəbul edilməsi gündəmdədir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputat Arzuxan Əlizadə ilk olaraq bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana və eləcə də qardaş Türkiyəyə ərazi iddiaları var və bu, konstitusion müstəvidə təsbit olunmuş bir məqamdır:
“Ermənistan Konstitusiyasının tərkib hissəsi hesab olunan Müstəqillik haqqında Aktında ərazi iddiaları ilə bağlı müddəa var və Konstitusiyaya istinad olunur. Həmin müddəa ilə faktiki olaraq qanunvericilik səviyyəsində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. Bununla bağlı Azərbaycan tərəfinin haqlı tələbi var və tələb də ondan ibarətdir ki, Ermənistanla sülh müqaviləsi imzalanacaqsa, imzalanmaya qədər mütləq şəkildə Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir. Konstitusiya dəyişiklikləri də, təbii ki, Ermənistan qanunvericiliyinə uyğun olaraq referendum yolu ilə reallaşdırılmalıdır. Bununla bağlı məsələ zaman-zaman Ermənistanın gündəminə gəlir. Ermənistan ictimai fikrində bu məsələ zaman-zaman diqqətə çatdırılmaqla gündəmdə olur. Hələ 2022-ci ildə Paşinyanın verdiyi hökumət qərarı ilə Konstitusiya İslahatları Şurası adlı bir qurum formalaşdırılıb və onlara yeni konstitusiyanın işlənməsi ilə bağlı tapşırıq verilib. Bu yaxınlarda yenə də Paşinyanın sərəncamı əsasında yeni bir qrup da formalaşdırılıb və onlara da yeni konstitusiyanın formalaşdırılması ilə bağlı tapşırıq verilib. Paşinyan özü də dəfələrlə deyib ki, Ermənistanın yeni konstitusiyaya ehtiyacı var və yeni dövrün tələblərini özündə əks etdirən konstitusiya qəbul edilməlidir. Bununla bağlı Ermənistan Ədliyyə naziri bir açıqlama verib. 2026-cı ilin sonuna qədər konstitusiya dəyişiklikləri reallaşacaq deyə bir fikir də formalaşıb. Bununla bağlı elə həmin qurumun da açıqlamaları olub. Paşinyanın da bununla bağlı mövqeyi bəllidir. O da məlumdur ki, 2026-cı ilin iyun ayında Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Açığı, mən əvvəlcədən də elə bu məsələlər gündəmə gələndə dəfələrlə mövqeyimi bildirmişəm ki, Ermənistanda çox böyük ehtimalla parlament seçkilərindən sonra yeni konstitusiyanın qəbulu ilə bağlı məsələ reallaşacaq. Amma ən yaxşı halda mövqeyim ondan ibarətdir ki, parlament seçkiləri ilə paralel, eyni gündə referendum da keçirilə bilər və Konstitusiya islahatlarına, yeni Konstitusiyanın qəbuluna gedilə bilər. Bu olmalıdır.
Sülh müqaviləsi ki paraflandı avqustun 8-də orada da istinad var. Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyev olduqca dəqiq ifadə elədi. Həmin saziş imzalanandan sonra mətbuata açıqlamasında, qeyd elədi ki, Ermənistana ev tapşırıqları verilib və bu ev tapşırıqlarından birincisi də, əslində elə Konstitusiya dəyişiklikləridir ki, bu reallaşmalıdır. Azərbaycan tərəfinin konkret mövqeyi var. Bununla bağlı heç bir halda Konstitusiya dəyişiklik edilmədən, Azərbaycana ərazi iddiaları konstitusiya müstəvisində aradan qaldırılmadan, Ermənistanla sülh müqaviləsi imzalanmasından söhbət gedə bilməz. Bu, əslində həm haqq və ədalətə, həm də beynəlxalq hüquqa söykənən bir tələbdir. Əgər bir ölkə ilə sülh sazişi imzalayırsansa və həmin ölkə 30 il ərzində sənin torpaqlarını işğal altında saxlayıb, onları özününkü hesab edibsə, üstəlik bu gün də konstitusion müstəvidə, qanunvericilik səviyyəsində həmin iddiaları davam etdirirsə, o ölkə ilə sülh müqaviləsi imzalanması nonsens olar. Bu, heç bir halda mümkün deyil. O ki qaldı bu prosesin reallaşmasına, təbii ki, Paşinyan müəyyən çətinliklərlə üz-üzədir. Bunu da demək lazımdır. Amma bu çətinliklərin bizə heç bir aidiyyatı yoxdur. Zamanında Azərbaycan torpaqlarına iddialı olan elə Paşinyan idi ki, “Qarabağ Ermənistandır və nöqtə” deyirdi. Yəni onların təfəkkürü onsuz da xəstədir. Ona görə də bunların sözlərinə inanmaq olmaz”.
A.Əlizadənin sözlərinə görə, Konstitusiyaya uyğunluq məsələsinə gəlincə, bir müddət əvvəl Ermənistan Konstitusiya Məhkəməsi hazırkı Konstitusiyanın sülh müqaviləsinin imzalanmasına heç bir maneə törətmədiyi ilə bağlı rəy verib:
“Paşinyan da həmin rəyə istinad edərək bildirirdi ki, Konstitusiya Məhkəməsi deyir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yoxdur və sülh müqaviləsinin imzalanması ilə bağlı Konstuitusiya Məhkəmsinin də qərarı var.
Amma biz unutmamışıq və unutmamalıyıq: ermənilər heç vaxt verdikləri sözə əməl etməyiblər. İmzalarına belə hörmət etmirlərsə, biz niyə inanmalıyıq? Yada salıram ki, Koçaryan dövründə, 1990-cı illərin sonlarında Ermənistanda prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürəndə məsələ qalxmışdı ki, o, Ermənistan vətəndaşı deyil. Ermənistan qanunvericiliyinə əsasən, vətəndaş olmayan şəxs prezident seçilə bilməz və namizəd ola bilməz. O zaman Ermənistan Konstitusiya Məhkəməsi belə bir qərar verdi ki, Qarabağ əraziləri Ermənistan ərazisidir və Koçaryan orada anadan olduğuna görə Ermənistan vətəndaşı sayılır. Bu rəyin sayəsində Koçaryan və daha sonra Sarkisyan prezident seçildilər. Yəni bu əldəqayırma qurum — Konstitusiya Məhkəməsi və digər strukturlar — istənilən vaxt öz maraqlarına uyğun rəy verə bilirlər. Onların verdiyi rəy bizim üçün adi kağız parçasından başqa bir şey deyil. Amma konstitusion müstəvidə, Konstitusiyada yer alan ərazi iddialarından Ermənistan mütləq şəkildə geri çəkilməlidir. Əgər bunu edə biləcəklərsə, edəcəklər. Əgər edə bilməyəcəklərsə, heç bir sülh müqaviləsinin imzalanmasından söhbət getməyəcək. Bundan itirən də elə Ermənistanın özü olacaq. Ermənistan daha ciddi problemlərlə üzləşəcək və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş olacaq. Prezidentin dediyi kimi, ev tapşırığını yerinə yetirməmiş olacaq. Əgər bu tapşırıq yerinə yetirilməzsə, Ermənistan sinifdə qalacaq, olduğu yerdə qalacaq və zamanında deyildiyi kimi, dalan ölkə olaraq qalacaq. Bizim üçün hava hər zaman xoşdur — sülh müqaviləsi bağlansa da, bağlanmasa da. Sadəcə olaraq biz bölgədə sülhün, dayanıqlı sabitliyin və inkişafın tərəfdarıyıq. Bu baxımdan biz Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyirik ki, mövcud vəziyyətdən kənar qüvvələr bu prosesi manipulyasiya edərək öz məqsədləri üçün istifadə etməsinlər. Top Ermənistan tərəfindədir. Ermənistan üzərinə götürdüyü öhdəliyi — Azərbaycanın verdiyi ev tapşırığını — konkret şəkildə yerinə yetirməlidir. Heç bir şəkildə sağa-sola fikir yayındırmaqla, Konstitusiya Məhkəməsini və ya digər qurumları misal gətirməklə bu tapşırıqdan, Azərbaycanın haqlı tələbindən yayınmaq mümkün deyil”.
Nəzrin Salmanova
18:07 21.08.2025
Oxunuş sayı: 4155