Cənubi Qafqazda "yer-yerindən oynayacaq": "Rusiya Ermənistanı ələ keçirmək istəyəcək"

ABŞ-nin Türkiyədəki səfiri Tom Barak Vaşinqtonun Zəngəzur dəhlizi ilə bağlı təklifini açıqlayıb: 32 kilometrlik marşrut Amerika şirkətinə 100 illik icarəyə verilir və hər kəsin istifadəsinə açılır.
Zəngəzur dəhlizində təhlükəsizliyin özəl şirkətə verilməsi ideyası ilk dəfə Ermənistan tərəfindən irəli sürülüb. Dəhlizin Rusiyanın iştirakı ilə açılmasını qarşı çıxan İrəvanın iki il öncə gündəmə gətirdiyi bu variantın Avropadakı tərəfdaşlarının ideyası olduğu istisna deyildi. Həmin vaxt regional konyuktura fonunda Bakı bunu qəbul etmirdi və əsasən 10 noyabr razılaşması üzərində dayanırdı. Mövcud konyukturada Azərbaycan və Ermənistanın dəhlizin Rusiyasız açılması üzərində mövqeləri yaxınlaşıb, lakin əsas problem təhlükəsizliyin necə və kimin tərəfindən təmin ediləcəyidir.
Bundan sonra Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Konstantin Zatulin deyib ki, Rusiya ilə Azərbaycan və Ermənistan gərginliyin əsas səbəbi Zəngəzur dəhlizi ilə bağlıdır.
Görünür, Zəngəzur dəhlizi ilə bağlı yeni mübarizə başlayıb.
Bu barədə Crossmedia.az-a danışan politoloq Azər Qasımlı söyləyib ki, bütün güclərin geoiqtisadi maraqlarının geosiyasi maraqlarla Zəngəzur dəhlizində kəsişdiyini görürünür, amma maraqlı detallarla: "İranın ilk növbədə Ermənistanın ərazi bütövlüyü məsələsini Zəngəzur dəhlizi üzərindən gündəmə gətirməsi Azərbaycana yönəlik addım kimi dəyərləndirilsə də, bu, fikrimcə, belə deyil. Əvvəla, Azərbaycan dəfələrlə Ermənistanın torpağında gözü olmadığını bildirib, amma İran buna baxmayaraq yenə də öz fikrində israrlı olub ölkə adı çəkmədən. Məsələ ondadır ki, İran bu dəhlizə nəzarət baxımından ən perspektivli ölkə kimi Rusiyanı görür, xüsusən də, "9 noyabr" bəyannaməsinin 9-cu bəndində görə. Amma İran yaxşı bilir ki, Rusiyanın gələcək planları yenidən Sovet İttifaqı coğrafiyasını bərpa etməkdir və gec-tez Rusiya tək dəhlizi yox, ilk növbədə bütün Ermənistanı ələ keçirmək istəyəcək. Bəlli olur ki, İran Azərbaycandan yox, Rusiyadan çəkinir. Bu durumda Zəngəzur dəhlizinə ABŞ-ın nəzarət etməsi fikrinə razı olar, nəinki Rusiyanın. İranın ABŞ-la gizli danışıq kanallarına sahib olduğunu hamı bilir. ABŞ-ın dəhlizə nəzarət etməsi Ermənistanın suverenliyi üçün qarant rolu oynayır. İrana da bu lazımdır. ABŞ İranın Avropaya çıxışı üçün şərait yaradar".
Onun sözlərinə görə, bir nüans da Rusiyanın Ermənistanın bütün dəmir yollarına və maliyələşməsinə sahib olması detalıdır: "Zəngəzur dəmir yolunu Rusiya maliyyələşdirməli və çəkməlidir Ermənistan adına. Bu, necə olacaq? Bəlkə də Rusiyanın sakitliyi bundandır.
Amma Zəngəzur dəhlizinin qorunması üçün hansısa ölkənin və ya təşkilatın müdafiəsinə ehtiyac yoxdur. Bunun üçün bir çox yeni texniki metodlar var. Onlardan qoruma üçün istifadə edilə bilər".
Kənan Novruzov
13:37 16.07.2025
Oxunuş sayı: 4707