PKK silahı yerə qoydu: Əliyev Ərdoğana zəng etdi - BÖLGƏDƏ YENİ DÖNƏM BAŞLAYIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək onu və qardaş Türkiyə xalqını təbrik edib. Mövzu PKK terror təşkilatının özünü ləğv etdiyini və silahı yerə qoyduğunu elan etməsi, regionda təhlükəsizlik və siyasi sabitlik baxımından mühüm hadisənin baş verməsi ilə bağlı olub. Prezident İlham Əliyev bu tarixi qərarı, Türkiyədə həyata keçirilən ardıcıl və qətiyyətli siyasətin nəticəsi kimi dəyərləndirərək, "Terrorsuz Türkiyə" hədəfinə doğru atılmış əhəmiyyətli addım olduğunu vurğulayıb. Eyni zamanda dövlət başçıları Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin perspektivləri barədə də fikir mübadiləsi aparıblar.
Mövzu ilə bağlı Crossmedia.az-a Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı açıqlama verib: "Hər halda, bu hadisə təkcə Türkiyə üçün deyil, bütövlükdə region üçün də mühüm bir dönüş nöqtəsi ola bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın silahı yerə qoymasını çox böyük coşğu və sevinc ilə qeyd etdi. O, çıxışında bildirdi ki, “bu gün Türkiyədə hər evin qarşısında bayraq asılıb” və bu hadisə ölkə üçün tarixi əhəmiyyət daşıyır. Ərdoğan vurğuladı ki, PKK adlı bir terror təşkilatı, hansı ki, bu illər ərzində Türkiyəyə iki trilyon dollar civarında iqtisadi zərər vurub, indi silahı yerə qoyur. Təbii ki, bu hadisəyə gətirib çıxaran əsas amillərdən biri Türk ordusunun terrora qarşı apardığı qətiyyətli mübarizədir. Ordu bu illər ərzində PKK-nın fəaliyyətini məhdudlaşdırıb, onun yayılmasına imkan verməyib. Amma bu mübarizənin ağır tərəfi də var – çox sayda gənc həyatını itirib, ailələr faciələr yaşayıb".
"Ərdoğanın dediyinə görə, bu hadisə həm də yeni bir dönəmin başlanğıcıdır: “Silahlar susacaq, diplomatiya danışacaq”. Yəni dağlardan silahlı birliklər çəkiləcək, onların yerini masa arxasında müzakirə aparacaq komissiyalar tutacaq. Bu da o deməkdir ki, Türkiyə daxilində siyasi sabitlik və milli birliyin güclənməsi gözlənilir".
S.Rüstəmxanlı qeyd etdi ki, Ərdoğan bir daha vurğuladı ki, nə vaxt ki türk, kürd, ərəb bir araya gəlib birlik nümayiş etdirir, bölgədə sabitlik və əmin-amanlıq olur. "Amma parçalanma başladıqda düşmənlər bu fürsətdən istifadə edirlər. O səbəbdən də, bu dəfə daha fərqli və sağlam nəticələrin əldə olunacağına ümid var. Təbii ki, biz bu prosesi Türkiyə cəmiyyəti qədər dərindən təhlil edə bilmərik. Bu prosesin nəticəsi barədə – yəni doğrudanmı PKK tam şəkildə silahı yerə qoyacaq, yoxsa bir qismi digər təşkilatlara, məsələn PJAK-a qoşulacaq – bunu zaman göstərəcək. Amma, televiziya görüntülərindən müşahidə etdiyim qədəri ilə həqiqətən də PKK üzvləri, o cümlədən qadınlar və gənclər silahlarını təhvil verirdilər. Ola bilsin ki, bu, Türkiyə üçün xeyirli bir prosesin başlanğıcıdır. Biz də qardaş dövlətə uğurlar arzulayırıq".
Sabir Rüstəmxanlı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdi və bu hadisəni yüksək qiymətləndirdi: "Bu, həm də Azərbaycan–Türkiyə qardaşlığının növbəti təzahürüdür".
Xumar Emilqızı
18:14 14.07.2025
Oxunuş sayı: 1141