Türkiyə prezident seçkilərində Ərdoğan namizəd olmaya bilər - VARİS KİM OLACAQ?

2028-ci ildə Türkiədə keçiriləcək prezident seçkiləri təkcə bu ölkənin gələcəyi üçün deyil, eyni zamanda regionda formalaşacaq siyasi düzən baxımından da mühüm əhəmiyyət daşıyır. Qardaş ölkədə baş tutacaq bu siyasi proses, regional güc balansına, geosiyasi əməkdaşlıqlara və beynəlxalq münasibətlərə birbaşa təsir göstərə bilər. Hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə yeni rəhbərliyin hansı kursu seçəcəyi, hansı dövlətlərin maraqlarını nəzərə alacağı və regionun taleyinə necə yön verəcəyi suallar doğurur. Bu baxımdan, 2028-ci il seçkiləri sadəcə daxili siyasi mübarizə deyil, həm də beynəlxalq diqqətin mərkəzində olan strateji bir dönüm nöqtəsi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı Crossmedia.az-a açıqlama verib:
"Türkiyədə gedən prosesləri biz də diqqətlə izləyirik. Çünki Azərbaycan və Türkiyə bir yerdə siyasət yeridir. “Bir millət, iki dövlət” formulu bütün sahələrdə həyata keçirilir. Ona görə də Türkiyədə gedən istənilən proses Azərbaycana da təsir edir. Eyni zamanda Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri də proseslərin gedişinə öz təsirini həmişə göstərib və bundan sonra da göstərəcək. Biz istəyərdik ki, Türkiyədə Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi kurs dəyişməsin, davam etdirilsin. Hesab edirəm ki, Ərdoğanın həyata keçirdiyi kurs Türkiyənin milli maraqlarına cavab verir. Orada iqtisadi çətinliklər, sosial problemlər var və bunlar hamısı aydındır. Çətinliklərin aradan qaldırılması üçün yeni proqramlar lazımdır – o öz yerində. Amma siyasi kursu dəyişməklə həyata keçirmək ola bilər ki, müvəqqəti şəkildə kimlərinsə vəziyyətini yaxşılaşdırsın, bəzi problemləri aradan qaldırsın. Amma bir dövlət kimi bu, Türkiyənin işinə yaramayacaq. Bu gün Türkiyə regionun lideridir və dünyada söz sahibidir. Azərbaycanı da bütün məsələlərdə dəstəkləyir. Bu gün Azərbaycana qarşı çox böyük hücumlar var. İkinci Qarabağ müharibəsində qələbəmizi həzm edə bilməyənlər hələ də Azərbaycana qarşı müxtəlif platformalardan hücum edirlər. Bu prosesin də içərisində Türkiyə bizimlə daima bərabərdir. Belə də, Türkiyədə istənilən iqtidar Azərbaycanın maraqlarını hökmən nəzərə alacaq. Çünki Türkiyə xalqında Azərbaycanla bağlı elə yüksək fikir formalaşıb ki, kimlərinsə sifarişi ilə bizim maraqlarımıza zidd heç bir addım atıla bilməz".
Akif Nağı həmçinin bildirib:
"Türkiyədə 2028-ci ildə seçkilərin keçirilməsi məsələsi aydındır. Ərdoğan verdiyi açıqlamalarda seçkilərdə iştirak etməyəcəyini bildirir, daha sonra isə məsələni qeyri-müəyyən vəziyyətdə saxlayır. Ona görə seçkilərdən çox şey gözləyirik – görək, gözlədiyimiz kurs qalacaq, yoxsa başqa istiqamətə yönələcək? Orada Ərdoğanın siyasətini davam etdirə biləcək şəxslər də var. Ərdoğan böyük bir partiyaya rəhbərlik edir və həmin partiya daxilində bacarıqlı, Ərdoğanın ortaya qoyduğu siyasəti davam etdirə biləcək şəxslər var. Ona görə də burada iki variant mümkündür. Birinci – Ərdoğan özü seçkilərdə iştirak edir. Lakin mən düşünürəm ki, bu, Ərdoğan üçün uyğun deyil, çünki onun dincəlməyə də ehtiyacı var. İkinci – başqa bir namizədin partiyadan ortaya qoyulması, Ərdoğanın da ölkədəki vəziyyəti diqqətdə saxlayıb göstəriş verməsi. Düşünürəm ki, ikinci variant daha məqsədəuyğundur".
Ayhan
16:55 09.07.2025
Oxunuş sayı: 1261