Ermənistan konstitusiyasını dəyişmir: Sülhün üstündən xətt çəkilir?

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Ermənistanda Konstitusiyaya dəyişikliklərin həyata keçirilməsinin çətin olacağını bildirib. Agentliyin qiymətləndirməsinə görə, bu proses siyasi və institusional maneələrlə üzləşə bilər. Məlumatda qeyd olunur ki, dəyişiklik təşəbbüsləri daxili siyasi sabitliyə də təsir göstərə bilər.
Məlum olduğu kimi, yekun sülh sazişi üçün rəsmi Bakının əsas tələblərindən biri Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Çünki bu sənəddə konkret olaraq Azərbaycana qarşı ərazi iddiaları var. Odur ki, Azərbaycanın mövqeyi tamamilə başa düşüləndir.
Əgər beynəlxalq reytinq agentliyinin iddiası doğrudursa, deməli, üfüqdə sülh görünmür.
Politoloq Aytən Qurbanova bu barədə Crossmedia.az-a danışıb.
O, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların dəyişdirilməsinin sülh sazişinin bağlanması və davamlı sülhün təmin olunması üçün əsas şərt olduğunu vurğulayıb: "Düşünürəm ki, “Fitch Ratings”in son hesabatında Ermənistanın konstitusiyada dəyişiklik etməsinin çətin olacağı ilə bağlı iddiaları təsadüfi deyil. Məsələnin kökündə həm hüquqi, həm də siyasi problemlər dayanır. Məlum olduğu kimi Azərbaycan ilə sülh sazişinə mane olan əsas məsələ məhz Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların olmasıdır. Bu müddəalar dəyişdirilmədən sülh sazişinin hüquqi əsası formalaşa və davamlı sülh təmin edilə bilməz".
A Qurbanova Ermənistanın konstitusiyasında dəyişiklik edilməsinin qarşısını alan siyasi və ictimai maneələrdən danışıb: "Konstitusiyaya dəyişiklik edilməsi üçün Ermənistan parlamentində 2/3 səs çoxluğu tələb olunur. Ermənistanın mövcud hərbi-siyasi hakimiyyəti isə bu dəstəyi qazana bilmir. Belə ki, daxili müxalifətin revanşizmi təşviq edən çıxışları, Qərb-Rusiya qarşıdurması və cəmiyyətin parçalanması bu prosesi kifayət qədər gecikdirir. Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı sülh prosesinin əsas şərtinin yerinə yetirilməsinin hazırkı şəraitdə mümkünsüzdür. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Ermənistanın daxili siyasətindəki qeyri-sabitlik, iqtisadi-siyasi təzyiqlər və qətiyyətli siyasi iradənin olmaması nəticəsində sülh prosesinin gələcəyini şərtləndirən əsas müddəanın – yəni konstitusiyaya dəyişikliyin edilməsi ilə bağlı real addımların atılması – mümkün görünmür".
Fatimə Nəbiyeva
20:50 29.06.2025
Oxunuş sayı: 5059