Selektiv abortlar və demoqrafik fəlakət

1. Abortların
keçmişi və bu günü
Abortların leqallaşdırılması, onların kütləviləşməsinə şərait
yaratmışdır. Abortlar ilk dəfə 1920-ci ildə Rusiyada leqallaşdırılmışdır. Bundan
40-50 il sonra Avropanın bir çox ölkələri abortları leqallaşdırdı. SSRİ-də
abortların leqallaşdırılmasının əsas məqsədi, qadınların ailədə uşaqlara baxmaq
vəzifəsindən azad olaraq xalq təsərrüfatı işlərinə cəlb olunması idi (demoqraf
Andrey Popov). Lakin, bu qərar demoqrafik böhrana səbəb oldu. 30-cu illərdə
SSRİ-nin qarşısında yaranan hərbi təhlükə, demoqrafik böhrandan çıxmaq
zərurətini ortaya qoydu və 1936-cı ildə abortlar qadağan edildi. Bu addım,
kriminal abortların meydana çıxmasına və qadın ölümlərinin artmasına şərait
yaratdı.
1955-ci
ildə N. Xruşov 12 həftəlik hamiləlik dövrünədək abortların həyata keçirilməsi
ilə bağlı yeni qanun qəbul etdi. 60-cı illərin ortalarında Avropada hormonal
preparatların meydana çıxması kontraseptiv inqilaba səbəb oldu. Bu, bir
tərəfdən qadınların arzuolunmaz hamiləlikdən asanlıqla azad olmasını təmin
edərək qadınların kişilərdən asılılığının azalmasına şərait yaratdı.
SSRİ
ərazisində 80-90-cı illərədək abortlardan qorunmaq üçün, kontraseptiv
vasitələrə tibbi baxımdan etimad olunmadı. Bu isə, kriminal abortların sayını
artırdı. Azərbaycan da SSRİ-nin tərkibində olduğu üçün (1920-1991), bu və ya
digər şəkildə eyni problemlərlə üzləşmişdir. Bu gün, Azərbaycanda abortların
hüquqi tənzimlənməsi məsələsi, sovet dövründən qalan (12 həftəlik hamiləlik
dövrünədək abortlara icazə verən) qanunlar vasitəsilə təmin olunur.
Bu gün
dünyada təqribən hər il 50-60 milyon, hər gün 150 min, bir saat ərzində 6 mindən
çox doğulmamış körpə və ya canlı embrionlar abortlar vasitəsilə məhv edilir. 1960-2016-cı illərdə dünyada 2.3 milyard abort
olmuşdur. Yəni, son 56 ildə dünya əhalisinin 3/1 qədər doğulacaq insan abortlar
vasitəsilə məhv edilmişdir.
Bu gün dünyada hamiləliklərin 21%-i abort ilə nəticələnir ki,
onlardan inkişaf etmiş ölkələrin 26%, inkişaf etməkdə olan dövlətlərin payı
20%-dir. Beynəlxalq Planlaşdırılan Valideynlik Federasiyasının (IPPF) 2014-cü
il göstəricilərinə görə, dünyada abortların sayı ən çox əhali sayına malik olan
Çində daha yüksəkdir (9.173100 yəni, ümumi əhalinin sayına görə 6.7%). Azərbaycanda
isə, abortların sayı 159.700 (ümumi əhalinin sayına görə 16%) olmuşdur (diaqram
1).
Diaqram 1. Hər il
abortların sayına görə öndə olan ölkələr
(PP USA 2013, IPPF
2014)
2. Dünyada
abortlara münasibət
Bu gün
dünyada bir çox cəmiyyətlər abortu cinayət və günah hesab etdikləri halda, digərləri
bunu adi və normal bir hal kimi qəbul edirlər. Abortun qadınların hüquq və
azadlığının tərkib hissəsi olduğunu müdafiə edənlər (liberallar, feministlər)
bildirirlər ki, embrion bioloji, sosial və hüquqi baxımdan insan olmadığı üçün,
abort edənlərin heç bir hüquqi-mənəvi məsuliyyəti yoxdur və embrionun həyatı
qadının azad seçimindən, sağlamlığından, şəxsi həyatından üstün ola bilməz.
Tradisionalist görüşlü qruplar (dindar, konservativ, patriarxal) isə, bu
fikrə qarşı çıxaraq bildirirlər ki, qadınların özlərinin yaşamaq hüquqları
olduğu kimi, daşıdıqları embrionun da canlı bir varlıq kimi həyatını davam
etdirmək hüququ vardır və qadınların onları bu imkandan məhrum etmək, təbii ahəngi
pozmağa hüquqları yoxdur.
Bu məsələ,
liberal və tradisionalist görüşlər arasında kəskin mübahisə məsələsi olaraq
qalır. BMT, Beynəlxalq Planlaşdırılan Valideynlik Federasiyasının
(International Planned Parenthood Federation – IPPF) və digər beynəlxalq təşkilatların
abortların sərbəst olması ilə bağlı mövqeyinə baxmayaraq, cəmiyyətlərin bu məsələyə
sosial-mədəni ənənələrdən gələn baxış bucağı, dövlətlərin abortlarla bağlı
hüquq normalarının müəyyənləşməsinə təsir göstərir (Xəritə 1).
Xəritədən
və digər materiallardan diqqəti cəlb edən məqamlar aşağıdakılardır:
1. Şimali Amerika və Avropada, qismən
Avrasiyada dünyəvi liberal sistem ilə idarə olunan əksər dövlətlər hamiləliyin
müəyyən dövrünədək abortlara icazə verirlər. Lakin, onlar abortların sayına görə
öndə gedirlər. Onların büyük qisminin protestant məzhəbində olduqları diqqəti cəlb
edir. Çünki katolik və provaslav kilsələrindən fərqli olaraq, əksər protestant
kilsələri abortları bu və ya digər şəkildə dəstəkləyirlər. Avrasiya qitəsində
hamiləliyin müəyyən dövrünədək abortlara icazə verən və abortların sayına görə
öndə gedən buddizm və induizmin geniş yayıldığı bir çox Uzaq Şərq ölkələri
(Çin, Hindistan) diqqəti cəlb edir.
Xəritə 1. Dünyada
abortların hüquqi
tənzimlənməsi xəritəsi (2010)
2. Katolik
məzhəbinin və İslam dininin geniş yayıldığı ərazilərin bir çoxunda (Avrasiya, Cənubi
Amerika, Afrika), həmçinin iudaizmin dövlət dini səviyyəsində olduğu İsraildə
abortlara bir çox məhdudiyyətlər vardır.
3. Ortodoks kilsənin abortlara qarşı
olmasına baxmayaraq, əksər postsosialist və postsovet ortodoks ölkələrində
hamiləliyin müəyyən dövrünədək abortlar geniş yayılıbdır. Onlar arasında Azərbaycan
və digər postsovet müsəlman ölkələri də vardır. Bu ərazilərdə abortlara olan
münasibət dini dəyərlərdən deyil, keçmiş SSRİ-də abortlara olan dövlət münasibətindən
irəli gəlir.
Lakin,
abort məsələsinə münasibəti dinlərin və dövlətlərin səviyyəsində ümumiləşdirmək
doğru olmazdı. Çünki bu məsələyə münasibətdə həm eyni dinə (və ya məzhəbə) mənsub
insanlar arasında, həm də bir dövlətin daxilində müxtəlif sosial-mədəni qruplar
arasında fərqli yanaşmalar mövcuddur. Əslində, bu yanaşmalar, müəyyən cəmiyyətlərin
tarixi inkişafı, modernləşmə səviyyəsi və ənənəvi kültürü ilə birbaşa bağlıdır.
3. Abortlar
nəticəsində baş verən ana ölümləri
Abortlar vasitəsilə
məhv edilən canlı embrionlarla yanaşı, həmin abortlara məruz qalan analar öz həyatlarını
itirirlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmalarına görə, hər il
dünyada on minlərlə qadın məhz abort nəticəsində ölür.
Abortların qadağan olunmaması bir tərəfdən dünyada hər il 50-60 milyon canlı
embrionun məhv edilməsinə, hər il on minlərlə qadının ölümünə səbəb olursa, abortların
tam qadağan olunması da həmin problemin aradan qalxmasına şərait yaratmır. Yəni,
hər iki halda, abortlar, qadınların həyatı üçün ciddi fiziki-psixoloji təhlükə
və cinsi diskriminasiya halı olaraq qalır. Hər iki halda, abortlar qadınlarda
sonsuzluq və digər təhlükəli sağlamlıq problemlərinin yaranması ehtimalını
artırır və onların psixoloji durumuna mənfi təsir göstərir.
Abortların qadağan olunması, əksər hallarda qadınların ölümü ilə nəticələnən
kriminal abortların artmasına, yeni doğulan körpələrin öldürülməsinə və ya uşaq
evlərinə verilməsinə səbəb olur. Qadınların arzuolunmaz hamiləliklərinin
(zorlanma, şikəst embrion və s) qadağalarla qarşısını almaq mümkün deyildir.
Biz,
Rusiyada ana ölümlərinin və abortlardan ölümlərin səviyyəsinə (1934-1998) diqqət
yetirsək görərik ki, Rusiyada 1936-1955-cı illərdə qadın ölümlərinin səviyyəsi
yüksək olmuşdur (diaqram 1.2). Çünki 1936-1955-cı illərdə SSRİ-də abortlar
qanunla qadağan olunmuşdur.
Diaqram 2. Rusiyada ana
ölümlərinin və abortlardan ölümlərin səviyyəsi (1934-1998)
Avropada
sosial-iqtisadi durumun, tibbi xidmətlərin yüksək olması və kontraseptiv vasitələrin
geniş tətbiqi ilə əlaqədar olaraq ana ölümləri və kriminal abortların səviyyəsi
digər regionlardan kəskin şəkildə fərqlənir. Ana ölümləri və kriminal
abortların səviyyəsi, müvafiq regionların sosial-iqtisadi durumuna, tibbi xidmətlərin
və kontraseptiv vasitələrin tətbiqi səviyyəsinə adekvatdır. Bunu, Avropa,
Okeaniya, Latın Amerika, Asiya və Afrika regionları arasında ana ölümləri və
kriminal abortların səviyyəsini müqayisə etməklə müşahidə etmək olar (diaqram
3).
Diaqram 3. Regionlara görə
ana ölümləri (100 min) və təhlükəli abortlar (% ilə) səviyyəsi (2008)
4. Abortların nəticəsi olaraq meydana çıxan demoqrafik fəlakət
İlk öncə
abortların və sonra hamiləlikdən qorunma vasitələrinin (antibiotiklər və s)
meydana çıxması və daha doğrusu, bunlar üçün sosial-hüquqi mühitin
formalaşması, qadınları kişilərə tabe olmaqdan xilas etdi. Çünki təkrar uşaq
istehsalı onların kişiyə maddi baxımdan asılı olmasını və ailədaxili işlərə təhkim
edilməsini təmin edirdi. Bu vasitələr qadına imkan verdi ki, o, iqtisadi və
sosial baxımdan daha azad olsun.
Patriarxal cəmiyyətin qınağının və onun əxlaq normalarının zəif olduğu
böyük şəhərlər, qadınların cinsi müstəqilliyini artırdı. Embrionun mənsubiyyətini
ortaya qoyan DNA testlərinin meydana çıxması isə, abortların səviyyəsini bir qədər
də yüksəltdi.
XX əsrin
60-70-ci illərdən başlayaraq, dünyanın əksər yerlərində abortların sərbəst
olduğu ölkələrin əksəriyyəti demoqrafik problemlər ilə üzləşiblər. Xüsusilə,
bu, təbii artımın aşağı olduğu Avropa, ABŞ və Rusiyada daha açıq şəkildə
müşahidə olunur (diaqram 4).
Diaqram 4. XX və XXI əsrlərin
əvvəllərində doğum səviyyəsi
Biz,
dünyada XX və XXI əsrlərin əvvəllərinin, həmçinin, son 30-40 ilin demoqrafik səviyyələri
arasında müqayisəyə diqqət yetirsək görərik ki, dünyada doğumların sayı bir neçə
dəfə azalmışdır. Artıq, bu demoqrafik tənəzzül, bəzi ölkələr üçün geridönülməz
demoqrafik partlayış həddinə çatmışdır (diaqram 5).
Diaqram 5. Dünyanın
demoqrafik öndərləri
Son 20
il müddətində (1990-2010) ölkələrin demoqrafik durumuna diqqət yetirsək görərik
ki, ailə planlaşdırması siyasəti dünya əhalisinin azalmasına öz təsirini güclü
şəkildə göstərmişdir. Artıq, demoqrafik tənəzzül mərhələsinə daxil olan dövlətlər
mövcud durumdan çıxış yollarını axtarırlar. Təəssüflər olsun ki, bir çox ölkələr
üçün, artıq geriyə yol görünmür.
Nəsilvermə
əmsalının çox aşağı səviyyədə olduğu Avropa Birliyi ölkələrində əhalinin
65-70%-ni yaşlılar, 30-35%-ni gənclər təşkil edir. Gənclər arasında da evlənmək
və nəsil artırma meylinin çox aşağı olması, yaxın 30-40 il ərzində bu ölkələrdə
hərtərəfli tənəzzülün, sosial-demoqrafik məhvin siqnalını verməkdədir. Avropa
Birliyi ərazisində 1995-ci ildən təbii artım səviyyəsi 0 həddinə
yaxınlaşmışdır. AB-də immiqrantların artımı hesabına ümumi demoqrafik durum
tənzimlənir (Diaqram 6).
Diaqram 6. AB əhalisinin 1960-2013 illərdə təbii və miqrasiyon artımı
Ailə
qurumunun süqutu cəmiyyətin süqutuna şərait yaradır. İndividualizmin inkişafı
ailə qurumunun inkişafına tərs mütənasibdir. Çünki kollektiv dəyərlərə
əsaslanan ailə qurumu şəxsiyyətin formalaşmasını təmin edir. İfrat individual
dəyərlər şəxsiyyəti məhv edir. Bunun nəticələrindən biri də tənhalıq problemi
və artan intihar hallarıdır. Buna görə də, Qurani-Kərimdə deyilir: “Özünə kifayət etdiyini düşünən insan yolunu
azar.” (Ələq 6-7).
Mövcud
vəziyyətin təhlili göstərir ki, dünyada sosial-siyasi idarəetmə sistemində
ciddi qüsurlar vardır. Bu qüsurların ortadan qaldırılması üçün, alternativ
sosial-iqtisadi siyasət modellərinin ortaya qoyulması labüddür.
Azərbaycanda abortların statistikası və demoqrafik perspektivlər
Azərbaycanda
abortlar nəticəsində ana ölümü səviyyəsi illərə görə 1990-cu ildən 1994-cü ilədək
17-dən 70 nəfərədək artmış, 1995-ci ildən 2003-cü ilədək 53-dən 21 nəfərədək
enmiş, 2004-cü ildən 2007-ci ilədək 34-dən 54 nəfərədək artmış və 2008-ci ildən
2016-cı ilədək 40-dan 22 nəfərədək enmişdir (Cədvəl 1).
Cədvəl 1. Azərbaycanda ana ölümü səviyyəsi |
İllər |
Nəfər |
İllər |
Nəfər |
İllər |
Nəfər |
1990 |
17 |
1999 |
51 |
2007 |
54 |
1991 |
20 |
2000 |
44 |
2008 |
40 |
1992 |
32 |
2001 |
28 |
2009 |
37 |
1993 |
60 |
2002 |
22 |
2010 |
26 |
1994 |
70 |
2003 |
21 |
2011 |
27 |
1995 |
53 |
2004 |
34 |
2012 |
26 |
1996 |
57 |
2005 |
41 |
2013 |
25 |
1997 |
41 |
2005 |
41 |
2015 |
24 |
1998 |
51 |
2006 |
51 |
2016 |
22 |
Azərbaycanda sosial-iqtisadi durum və tibbi xidmətlərin
səviyyəsi, ana ölümünün səviyyəsinin yüksək olmasına şərait yaratmır. Avropada
ana ölümləri və kriminal abortların səviyyəsinin aşağı olmasının əsas səbəblərindən
biri, orada kontraseptiv vasitələrdən geniş istifadə ilə
bağlıdır.
1. Azərbaycanda əhalinin müasir
kontraseptiv üsullardan istifadə səviyyəsi
Azərbaycanda
qadınların müasir kontraseptiv üsullardan istifadə səviyyəsi (14%) digər
postsovet ölkələri ilə müqayisədə iki-üç dəfə (30-50%) aşağıdır. 15-49 yaşarası
ailəli qadınların kontraseptiv üsullardan istifadə edənlərinin (54.9%) 41 %-i ənənəvi,
14 %-i müasir üsullara etimad edir (DSS, 2011 – Diaqram 7).
Diaqram 7. Seçilmiş ölkələrdə kontraseptiv üsulların
cari istifadəsi (faizlə -
AzDSS-2011)
Müasir kontraseptiv üsullardan
istifadə etməmək, dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulmasına,
arzuolunmaz hamiləliklərin artmasına, doğuma nəzarət üsulu kimi süni abortların
sayınn çoxalmasına, abortlar nəticəsində ana ölümü riskinin artmasına şərait
yaradır. Buna görə də, bu sahədə maarifləndirmə işlərinin artırılmasına ehtiyac
vardır.
2. Azərbaycanda abortların demoqrafik
vəziyyətə təsiri
2010-cu
ildə Dünya Sağlamlıq Təşkilatının məlumatlarında bildirilir ki, abortların
sayına görə Gürcüstan və Ermənistan Aİ-dən çox irəli getmişdir. Lakin, Azərbaycanda
abortların səviyyəsi onlardan iki və üç dəfə aşağıdır (diaqram 8). Bu abortlar
arasında selektiv abortların da payı böyükdür.
Diaqram 8. Doğulan hər
1000 nəfərə düşən abortların sayı
(World Health Organization 2010)
2012-ci ilədək Səhiyyə Nazirliyi sistemi üzrə, 2012-ci
ildən başlayaraq digər nazirlik, komitə və təşkilatların nəzdində olan tibb müəssisələrin
məlumatları əsasında Azərbaycanda doğuş və abortların səviyyəsinin statistikası
ortaya qoyulmuşdur (Cədvəl 2 - DSK).
Cədvəl 2. Doğuşlar və abortlar
|
Azərbaycanda 2000-2016-cı illərdə ümumi doğulanların
sayı 116.6 mindən 158.1 minə yüksəlmişdirsə, həmin ərəfədə abortların sayı da
17.5 mindən 34.6 minə qalxmışdır. Abortlar arasında selektiv aborların sayını
göstərən statistika olmasa da, yeni doğulan cinslər arasında olan disbalans
göstəricisi böyük ehtimal ilə selektiv aborların payına düşür.
Azərbaycanda
2000-2016 illərdə abortların sayının 7.8-dən 13-ə qədər artması müşahidə olunur
(diaqram 9).
Diaqram 9. 2000-2016-cı
illərdə abortların sayı
Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara
görə, son 60 ildə Azərbaycanda ümumi nəsilvermə əmsalı 5-dən 2-yə enmişdir.
Xüsusilə, 1995-ci ildən başlayaraq bu günədək həm kənd, həm də şəhərdə nəsilvermə
əmsalı təqribən 2 səviyyəsində olmuşdur. Halbuki, bu əmsal 1960-1990-cı illərdə
şəhərlərdə 3.5-dən 3-ə, kənd yerlərində 7-dən 3-ə enmişdir. 1995-ci ildən
başlayaraq bu günədək ümumi nəsilvermə əmsalının təqribən 2 səviyyəsində
olması, demoqrafik inkişafa mənfi təsir göstərə bilər (diaqram 10).
Diaqram 10. Azərbaycan
üzrə əhalinin
ümumi nəsilvermə əmsalı
Nəsilvermə əmsalında doğum və ölüm səviyyələrinə
diqqət yetirsək görərik ki, doğum səviyyəsi kəskin aşağı düşsə də, ölüm səviyyəsi
təqribən eyni səviyyədə olmuşdur (6.7 – 5.9 nisbətində) (diaqram 11).
Diaqram
11. Azərbaycan üzrə
doğum və ölümün
ümumi əmsalları
Azərbaycanda əhalisinin sayının son 100 ildə artım
dinamikasına fikir versək görərik ki, 2011-ci ildən ümumi artımın dinamikası
nisbətən zəifləmişdir. Lakin, son dövrdə Azərbaycan əhalisi 1.5 milyondan çox
artmışdı (diaqram 12).
Diaqram
12. Azərbaycan Respublikası əhalisinin sayının dəyişməsi
(min nəfər)
Azərbaycan digər Cənubi
Qafqaz ölkələrindən təbii artım əmsalına görə çox irəlidədir. Bu əmsalın
proqnozlara görə, 2025-ci ildə min nəfərə 9.7, 2050-ci ildə min nəfərə 11.6 səviyyəsinə
yüksəlməsi ehtimalı vardır (cədvəl 3).
Cədvəl 3.
Ölkələr üzrə demoqrafik göstəricilər (2006)
Nəsilvermə əmsalının regional üzrə fərqlərinə diqqət yetirsək görərik
ki, ən aşağı göstərici Bakı (1.8) və Zaqatala-Şəki bölgəsində (1.9), ən yuxarı
göstərici Yuxarı Qarabağdadır (2.6). Bu məsələdə qadınların təhsil səviyyəsi və
maliyyə imkanları rol oynamır (diaqram 13).
Daiqram 13. Əsas xüsusiyyətlərinə görə ümumi nəsilvermə əmsalı
(AzDSS-2011)
Azərbaycanda nəsilvermə əmsalının
aşağı düşməsində, 2011-ci ildən ümumi
artımın dinamikasının nisbətən zəifləməsində
abortların rolu vardır. Çünki 2000-2016-cı illərdə
abortların sayının 17.5 mindən 34.6 minə qalxması bunun göstəricisidir. Lakin,
Azərbaycan əhalisinin 79%-nin 50 yaşadək olması
müsbət haldır (diaqram 14).
Diaqram 14. Azərbaycanda əhalinin yaş qrupları
üzrə bölgüsü
Göründüyü kimi, abortların ölkələrin
demoqrafik və sosial-iqtisadi inkişafına mənfi təsiri vardır. Çin dövləti 70-ci
illərdə əhalinin artımını sosial-iqtisadi təhlükə hesab edərək, “Bir ailə - bir
uşaq” siyasətinə baş vurdu. Bu siyasət, ölkənin əməkqabiliyyətli əhalisinə,
gender balansına, demoqrafiyaya, mənəviyyata, ailənin zəifləməsinə və
sosial-iqtisadi inkişafa zərbə vurdu. Yaşlı nəslin artması və gənc nəslin
azalması, iqtisadiyyatın aşağı düşməsinə və pensiya alan əhalinin artmasına
səbəb oldu. Çinin dünya iqtisadiyyatında payının təqribən 40% olması,
Hindistanın isə 20% təşkil etməsi, onların demoqrafik üstünlükləri ilə
bağlıdır. Çünki insanlar yalnız istehlakçı deyil, həmçinin, öz tələbatından bir
neçə dəfə artıq maddi-mənəvi dəyər yaradan bir istehsalçıdırlar. Təbii
resursların məhdudluğunu irəli sürən iqtisadi prinsip (A. Smit, Maltus) ona
görə gerçək deyildir ki, o, alternativ təbii resursların varlığını və gəlir
bölgüsündə ədalətsizliyin reallığını nəzərə almır.
Selektiv abortlar
Selektiv abort - valideynlərin ultrasəs müayinəsi ilə embrionun cinsini
müəyyən etdikdən sonra cinsi ayrıseçkilik edərək ondan abort (gec mərhələdə
süni doğuş) yoluyla qəsdən xilas olmaqdır. Selektiv abortlar arasında da ən çox
ayrıseçkiliyə məruz qalan cins qızlardır. Problemin diqqəti cəlb edən aktual məqamı
da məhz bundan ibarətdir.
Abortlar arasında selektiv abortların
payı az deyildir. Onların sayını müəyyən etmək çətindir. Çünki selektiv
abortların əksəriyyəti qeyri-qanuni yolla baş verdiyi üçün, onların real
mənzərəsi gizli qalır. Həmçinin, gender statistikası ilə bağlı şəffaflıq əksər
ölkələrdə qənaətbəxş səviyyədə deyildir. Buna görə də hesab etmək olar ki,
problem göründüyündən də dərindir.
Hər hansı ölkə əhalisinin
cinslərə görə bölgüsündə müşahidə olunan uyğunsuzluq, yəni, doğulan qız və
oğlan uşaqlarının sayında olan kəskin fərq, selektiv abortların səviyyəsinin müəyyənləşdirilməsi
baxımından mühüm rol oynayır.
Doğulan hər
100 nəfər qız uşağına düşən oğlan uşaqlarının sayının 106-dan çox olması, təbii-obyektiv bir hadisə kimi dəyərləndirilə bilməz.
Çünki araşdırmalar göstərir ki, doğulan qız və oğlan uşaqlarının sayı ilə digərlərindən
fərqlənən ölkələrdə daha çox selektiv abortlar həyata keçirilir və qız
uşaqlarına qarşı ayrıseçkilik nümayiş olunur. Əksinə, doğulan hər 100 nəfər qız
uşağına düşən oğlan uşaqlarının sayının 103-dən az olması da qeyri-təbiidir.
Çünki 100 qız – 103 oğlan nisbəti də göstərir ki, oğlan uşaqları cinsi
diskriminasiyaya məruz qalırlar. Demoqrafik
strukturun gender balansının maksimum nisbətinin 100-106 çərçivəsində olması təbii-obyektiv
hadisə kimi dəyərləndirilirsə, bu çərçivə fövqünə çıxması subyektiv amillərlə əlaqələndirilir.
Oğlanların qızlara nisbətdə cüzi fərqlə çox olması təbii-obyektiv
qanunauyğunluq olduğu üçün, ona konkret qiymət vermək çətindir. Araşdırmalar göstərir ki, doğuşda
kişilər və qadınlar arasında olan fərq sonrakı müxtəlif yaş mərhələlərində bərabərləşir,
hətta, əksər hallarda 55-60 yaşdan sonrakı mərhələlərdə qadınların sayı kişilərdən
çox olur. Biz, bunu, Azərbaycanın demoqrafik gender inkişaf dinamikasında
müşahidə edə bilərik (Cədvəl 3)
Tədqiqatçılar hesab edirlər ki, kişilər qadınlardan fərqli olaraq
müharibələrdə iştiraklarına (müharibə illəri fenomeni), kriminal təhlükələrlə
üzləşdiklərinə görə daha çox ölüm riskinə məruz qalırlar. Maraqlıdır ki,
əmin-amanlıq illərindən fərqli olaraq, I və II Dünya Müharibələri dövründə
Avropada oğlan uşaqları daha çox dünyaya gəlmişlər (1 - 2.5%). Eyni
tendensiyanı Cənubi Qafqazda 90-cı illərin əvvəllərindən başlayan hadisələrlə
də əlaqələndirmək mümkündür (3). Lakin, dünyada abortlar nəticəsində hər il minlərlə
qadının öldüyünü nəzərə alsaq, qadınların kişilərdən az riskə məruz qaldığını
söyləmək olmaz.
Demoqrafik araşdırmalar göstərir ki, ümumbioloji amil kimi bütün
kişilər qadınlara nisbətdə, həmçinin, erkək cinsli bitki və heyvanlarda dişilərə
nisbətdə ömür müddəti qısa olur. Aşağıdakı cədvəldən göründüyü kimi, doğum ərəfəsində
cinslər arasında normal fərq (103-105) kişilərin üstünlüyü ilə seçilirsə, orta
yaşlarda cinslər arasında fərq bərabərləşir, 60-65 yaşından yuxarı isə, kişilərin
üstünlüyü ilə müşayiət olunur. Bu fərqlər ölkələrə görə dəyişir (Cədvəl 2.1).
Cədvəl
2.1. Müxtəlif ölkə
və regionlarda 1 qadına düşən kişilərin sayı ((2014 CIA World Factbook)
Cədvəldə yuxarıdan aşağıya doğru gender
nisbətində oğlanların, sonra qızların sayının çox olduğu, daha sonra isə,
gender nisbəti normal olan ölkələri müqayisə üçün təqdim etmişik. Göstərilən
nisbətlərdə ilk fərqlər sonradan kəskin şəkildə dəyişə bilər. Cinslər arasında
balans dünya üzrə normal (1 - 1.1) olsa da, ölkələrin ümumi göstəricilərində
gender nisbətindən asılı olmayaraq, çox vaxt normadan kənara çıxır. Təbii ki,
burada ölkələrin demoqrafik siyasətinin xüsusi rolu vardır.
Əmək miqrasiyaları da ölkələrdə cinslərin disharmoniyasına səbəb olur.
Əmək miqrasiyası nəticəsində Azərbaycandan və digər Cənubi Qafqaz ölkələrindən
minlərlə kişi əhalisi ölkələrini tərk etmişlər. Azərbaycandan 2 milyondan artıq
əhalinin, əsasən, işçi qüvvəsi olan cavan kişi əhalisinin Rusiya, Qazaxıstan,
Türkiyə və digər ölkələrə əmək miqrasiyası etdiyi və ya daimi yaşayış üçün
getdiyi məlumdur. Bu ölkədə cinslərin disharmoniyana səbəb olan əsas amillərdən
biri kimi dəyərləndirilməlidir. Lakin, Azərbaycanda 15-20 yaşadək müşahidə
olunan gender disbalansı, növbəti evlilik yaş dövrlərində bərabərləşir. Bunu,
cinslərarası nisbətdə müşahidə olunan fərqin başqa ölkələrə miqrasiyası ilə
bağlı ola bilər (diaqram 14).
Diaqram 14. Daimi yaşamaq üçün Azərbaycandan
gedənlərin ölkələr
üzrə bölgüsü
Çin, Hindistan, Nepal, Banqladeş, Vyetnam, Zaqafqaziya,
Lixtenşteyn, Balkanlar (xüsusilə, alban
dilli regionlar) və başqa ölkələrdə cinslərin nisbətində olan disbalans
normadan (100 qız - 106 oğlan) çoxdur. Bu, təbii bir hadisə deyildir. Çünki
araşdırmalar göstərir ki, bu ölkələrdə digər dünya ölkələrinə nisbətdə selektiv
abortlar daha geniş yayılmışdır (Xəritə 3).
Xəritə
3. Dünyada oğlanların daha çox
doğulduğu
ərazilər (2012)
Xəritədən göründüyü kimi,
Hindistan, Çin və Cənubi Qafqazda cinslərin nisbətində balans daha çox
pozulmuşdur. Bu ölkələrdə və regionda hər 100 qıza 115-118 oğlan düşür. Bəzən
etnik və regional dəyərlərin də selektiv abortların meydana çıxmasında öz təsiri
vardır. Məsələn, Çində yaşayan tibet və uyğur etnik qrupları arasında selektiv
abortlar səviyyəsi yox dərəcəsindədir. Yaxud, Hindistanın şimalındakı əhali
arasında gender disbalansı, onun dravidlərin məskunlaşdığı cənub ərazilərindən
xeyli yüksək səviyyədədir.
Hindistanda selektiv
abortlar nəticəsində hər il 100 min qız öldürülür. Çində iqtisadi təhlükəsizlik
baxımından 1970-ci ildən həyata keçirilən “Bir ailə - bir uşaq” siyasəti,
doğumun ümumi səviyyəsini 4-5 dəfə aşağı salmış və yeganə övladın oğlan olmaq
istəyi selektiv abortların artmasına səbəb olmuşdur.
Ailədə tək övlad fenomeni
və demoqrafik gender disbalansı, uşaqların təhsil səviyyəsinin artmasına təsir
göstərsə də, ölkənin sosial-iqtisadi inkişafına mənfi təsir göstərən məncilliyin,
tənbəlliyin, homoseksuallığın genişlənməsinə səbəb oldu. Dövlət, əməkqabiliyyətli
əhalinin mənəvi və demoqrafik tənəzzül (2000-ci ildə Çin əhalisi 1.2 milyard
azalmışdı) təhlükəsini nəzərə alaraq, 2015-cü ildən “Bir ailə - bir uşaq” siyasətinə
son qoydu (ailədə 2 iki uşağa icazə verildi). Çində uzun müddət həyata keçirilən
“Bir ailə - bir uşaq” siyasəti elə bir vəziyyət yaratmışdır ki, 40 milyona
yaxın kişi evlənmək problemi ilə üzləşmişdir. Çünki çinlilər bu məhdudiyyət
qarşısında oğlan uşaqlarının dünyaya gəlməsinə daha çox üstünlük vermişlər. Bunun
nəticəsi olaraq, Çində qız qaçırılması adəti geniş yayılıbdır. Eyni adət Azərbaycanda
da geniş yayılıbdır. Kişilərin qadınlardan 30 milyon çox olduğu Hindistanda isə,
ailədə bir neçə qardaş üçün evə bir gəlin gətirilir (poliandriya) (5). Vyetnamın
Mekonq əyalətində isə, əhali oğlanlardan qurtulmağa üstünlük verirlər. Çünki
burada oğlanların gələcəyini təmin etmək olmur. Qızları isə, Cənubi Koreya və
Tayvanda olan imkanlı ailələrə ərə vermək daha asandır (6).
Selektiv abortlar nəticəsində meydana
çıxan demoqrafik gender disbalansı evlilik və cinsi təminatsızlıq problemləri
yaradır. Bu isə, kişi əhalisinin evlənmək və cinsi təminat məqsədilə başqa
ölkələrə (kişi əhalisinin az olduğu) əmək miqrasiyasına, seks-turuzmə şərait
yaradır. Kişilərin artması, cəmiyyətdə aqressiyanın, cinayətkarlığın, insan
alverinin və fahişəliyin genişlənməsinə şərait yaradır. Məsələn, çinli kişilər
evlənmək üçün, qonşu Koreya və Vyetnama səfər edirlər. Bu isə, həmçinin,
fahişəlik institutunun genişlənməsinə və cəmiyyətdə aqressiyaların artmasına
səbəb olur. Gender disbalansının meydana çıxdığı ölkələrin parlamentlərində
poliqamiya məsələsinin gündəmə gəlməsi, mövcud durumdan çıxış yollarıın
axtarılması kimi dəyərləndirilə bilər.
Hindistan və Çində olduğu kimi, Cənubi
Qafqazda da yaşayan xalqlar arasında ailədə oğlanların varlığına üstünlük verən
patriarxal ənənələr selektiv abortların yayılmasına şərait yaradır. Əhalisinin
gender nisbəti 100 qız - 115 oğlan olan Ermənistanın statistik xidmətinin məlumatlarına
görə, erməni qadınların sayı (1 milyon 684 min – 51.5%) kişilərin sayından 100
min çoxdur. Bunu, həm təbii artımın aşağı səviyyədə olması, həm də kişilərin
sosial-iqtisadi problemlərlə və hərbi münaqişə ilə bağlı olaraq başqa ölkələrə
miqrasiya etməsi ilə əlaqələndirirlər (7). Gender nisbətinin kəskin şəkildə
pozulduğu bir çox ölkələrdə də oxşar problemlər mövcuddur.
Diaqram 15. Ölkələrə
görə 15 yaşın altında
olan uşaqların cinsləri
Bir çox
ölkələrdə doğuma görə cinslərin nisbətinə tarixi-müqayisəli şəkildə (1950-2010)
diqqət yetirsək görərik ki, dünyada bu balans XX əsrin 80-ci illərindən
başlayaraq sürətlə pozulmuşdur (diaqram 2.4).
Dünyada
cinsi balansın XX əsrin 80-ci illərindən başlayaraq sürətlə pozulmasını
abortların leqallaşdırılması ilə də bağlamaq tam mənada doğru olmazdı. Çünki
selektiv abortlar sahəsində öndə gedən Cənubi Qafqaz ölkələrində abortların
leqallaşdırılması 1955-ci ildən (SSRİ tərkibində) həyata keçirilmişdir. XX əsrin
80-ci illərindən başlayaraq ultrasəs müayinənin (USM) meydana çıxması selektiv
abortların sürətlə artmasına şərait yaratmışdır (diaqram 16).
Diaqram 16. Bir çox ölkələrdə
doğuma görə
cinslərin nisbəti (1950-2010)
Azərbaycanda
və digər Cənubi Qafqaz ölkələrində, həmçinin, digər dünya ölkələrində XX əsrin
80-ci illərindən başlayaraq selektiv abortlar sürətlə artmışdır. Çünki həmin
dövrdə artıq USM bu bölgədə tətbiq olunmağa başlamışdır. Bu baxımdan, USM-in
meydana çıxması əhalinin gender balansının normal səviyyədən (100-107),
qeyri-normal səviyyəyə (100-118) qalxmasına səbəb olmuşdur.
Diaqram 17. Bir çox ölkələrdə
doğuma görə
cinslərin nisbəti
(1950-1935)
Selektiv
abortlar, USM meydana çıxanadək ümumi abortlar statistikasının tərkib hissəsi
olmuşdur. Çünki 70-80-ci illərədək embrionun cinsinin müəyyən edilməsi
metodları primitiv olduğu və zəif ehtimallara əsaslandığı üçün, geniş yayılma
imkanları yox idi. Lakin, doğuşdan sonra körpələrin öldürülməsi imkanları geniş
idi. Çünki əksər yerlərdə buna nəzarət mexanizmləri zəif olmuşdur.
Cahiliyyə
ərəblərində olduğu kimi, müasir dövrdə də çinlilər qız uşaqlarını çaylara
atırdılar. Lakin, USM-nin meydana çıxması, bu ənənənin ortadan qalxmasına şərait
yaratmışdır. İndiyədək çay kənarlarındakı əyalətlərdə “qızları çaya atmayın!” xəbərdarlıq
nişanələrinin olması, bu ənənənin hələ də bəzi əyalətlərdə davam etdiyini göstərir.
Uşaqların sayının
azaldılmasına yönələn ailə planlaşdırılması siyasətinin tətbiqi patriarxal cəmiyyətlərdə
seçimin oğlanlar xeyrinə edilməsinə şərait yaradır. Bu problemin həlli üçün,
patriarxal ölkələrdə gender bərabərliyi siyasətinin inkişaf etdirilməsi
vacibdir. Bununla yanaşı, ailə planlaşdırılması siyasətinin ortadan
qaldırılmasının düşünürük ki, selektiv abortların azalmasında müsbət nəticələri
olacaqdır. Lakin, problemin fundamental həlli, sosial dövlət prinsiplərinin
inkişaf etdirilməsinə bağlıdır. Yəni, əhalinin sosial-iqtisadi durumunun
yaxşılaşdırılması, pulsuz təhsilin genişləndirilməsi, ailələrdə nəsilvermə əmsalının
artmasına və bunun nəticəsi olaraq selektiv abortların azalmasına şərait
yaradacaqdır.
BMT-nin
Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA) 2010-2015 il məlumatlarında Azərbaycan digər Cənubi Qafqaz ölkələri
ilə bərabər əhalinin gender disbalansı sahəsində Çindən sonra ön sıralarda
olmuşdur. Bu, bir daha təsdiq edir ki, Cənubi Qafqaz ölkələrinin bir qisim əhalisi
arasında selektiv abortlara münasibət qeyri-ciddidir. Bu coğrafiyada kişilər
qadınlar arasında fərq 10-15%-dir.
Azərbaycanda selektiv
abortlar hüquqi baxımdan qadağan olunubdur. Çünki sovet dövründən qalan "Əhalinin sağlamlığının qorunması haqqında”
qanunun 30-cu maddəsinə əsasən, hamiləliyin süni surətdə pozulması qadının
arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır (6 həftəlik müddətə qədər ambulatoriya şəraitində, 6
həftədən 12 həftəyədək müddətdə isə, yalnız stasionarda aparılmasına icazə
verilir). Bu müddətin fövqündə həyata keçirilən bütün
abortlar (tibbi zərurət halları istisna olmaqla) qanun pozuntusudur.
12 həftənin
sonunadək embrionun cinsini müəyyən etmək mümkün deyildir. Deməli, Azərbaycanda selektiv abortlar qeyri-qanuni yolla daha gec hamiləlik dövründə həyata keçirilir. Azərbaycanda
ailə planlaşdırılması və reproduktiv sağlamlığın qorunması haqqında” qanununa
əsasən, ana və körpənin sağlamlıq problemi meydana çıxdığı təqdirdə, həkim
məsləhəti ilə aborta icazə verilir. Qanunvericilikdə
selektiv abortlara münasibət yoxdur.
Diaqram 17. Ölkələrə görə cinsi nisbət
səviyyəsi (1980-2010)
Araşdırmalar göstərir ki, Cənubi Qafqaz ölkələrində
demoqrafik gender nisbəti müstəqillik qazanmasından sonra, daha doğrusu,
1995-ci ildən sonra daha sürətlə irəliləmişdir. Görünür, USM-nin tətbiqi bu
dövrdən başlayaraq daha da artmışdır. Lakin, 90-cı illərədək gender nisbəti
normada (103-106) olmuşdur.
Qafqaz Barometr mərkəzi 2010-cu ildə Cənubi
Qafqaz ölkələrində uşaqların cinsi dəyərləndirilməsi ilə bağlı sosioloji sorğu
keçirmişdir. Məlum olmuşdur ki, Ermənistan və Gürcüstanda kişi respondentlərin
60%-i, Azərbaycanda isə 33%-i oğlan uşaqlarına üstünlük vermişlər. Onlar, qız
uşaqlarına verdiyi dəyərə görə bir-birindən fərqlənməmişlər (5-6%). Lakin, “fərqi
yoxdur” deyənlər arasında azərbaycanlı kişi respondentlər kəskin fərqlənmişlər
(61%).
Diaqram 18. Uşaqların ölkələrə
görə cinsi
dəyərləndirilməsi (CB 2010)
Cənubi
Qafqaz ölkələrinin qadın respondentləri arasında azərbaycanlı qadınlar (20%)
oğlan uşaqlarına digərlərindən (Ermənistan 50%, Gürcüstanda 37%) daha az
üstünlük vermişlər. “Fərqi yoxdur” deyənlər arasında azərbaycanlı qadın
respondentlər kəskin fərqlənmişlər (68%).
1990–2016-cı illərdə Azərbaycanın
şəhər və kənd yerləri üzrə doğulan uşaqların cins nisbəti barədə DSK-nın
məlumatlarına diqqət yetirsək görərik ki, doğulanlar
arasında hər 100 qıza düşən oğlanların sayı 1990-2003-cü illər arasında 107-dən
118-ə qədər artmış, 2003-2018-cı illərdə isə 118-dən 114-ə qədər qalxıb
enmişdir. 1995-2006 illər arasında şəhər yerlərində, 2006-2016 illərdə isə,
kənd yerlərində cinsi disbalans daha yüksək olmuşdur (cədvəl 1.3).
Diaqram 19. Azərbaycanda
dünyaya gələn uşaqların cinsinə
görə nisbəti tendendiyası (1980-2010) (DSK, 2010)
DSK-nın 2010-cu ildən 2016-cı ilədək
şəhər və kənd yerləri üzrə doğulan uşaqların cins nisbətinə diqqət
yetirsək görərik ki, bu
göstərici nisbətən aşağı düşmüşdür.
2017-ci ilin əvvəlinə
Azərbaycanda əhalinin cins və yaş üzrə tərkibinə diqqət etsək görərik ki, cinslər
arasında bir disbalans vardır. Əhalinin cins və yaş üzrə (1000 nəfər) bölgüsü
barədə DSK-nın məlumatlarına
diqqət yetirsək görərik ki, yeni doğulanlar arasında qızlar
74.6 min (46.8%), oğlanlar isə 84.9 min (53.2%) nəfər təşkil edirlər. Cinslərin
nisbətinin ən çox pozulduğu yaş qrupu 20-24-dür.
Cədvəl
2.2. 1990–2016-cı illərdə şəhər
və kənd yerləri üzrə doğulan uşaqların cins nisbəti (doğulanlar arasında hər
100 qıza düşən oğlanların sayı)
20-24 yaş qrupunadək kişilərin
sayının qadınlara nisbətən üstünlük təşkil etməsi, oğlan uşaqlarının daha çox
doğulması ilə izah olunur. Kişilər arasında ölüm səviyyəsinin daha yüksək
olması, 20 və yuxarı yaşda olan qadınların sayının kişilərə qarşı artmasına
səbəb olur. Lakin, Azərbaycanda 2005-ci ildən 5 yaşadək uşaq ölümü əmsalı iki
dəfə aşağı düşmüşdür (1990-cı ilə nisbətdə). Biz, statistikaya müraciət etsək
görərik ki, 5 yaşadək uşaq ölümü əmsalında qız və oğlanlar arasında böyük bir
fərq yoxdur.
Diaqram 20. Azərbaycan
Respublikası üzrə 5 yaşadək uşaq ölümü əmsalı (hər 1000
nəfər diri doğulana)
25 yaşdan başlayaraq
qadınların sayı tədricən kişilərin sayını üstələyir. Bu fərq, 60 yaşından sonra
daha bariz şəkildə ortaya çıxır. Cinslərin bütün yaş qruplarının
göstəricilərinin cəmi təqribən bərabər olur (50.1% - 49.9%). Bu nisbətdə
balans, kişilərin qadınlara nisbətən daha tez vəfat etməsi ilə təmin olunur.
Evlilik yaşlarında (20-40) cinslərin nisbətlərində də təqribən bərabərlik
müşahidə olunur. Cinslərin evlilik yaşında bərabərləşməsinin əsas səbəblərindən
biri, bu yaşda olan kişilərin başqa ölkələrə əmək miqrasiyası ilə bağlı ola
bilər. Biz, 2 milyondan çox evlilik yaşında olan azərbaycanlının (20-40) başqa
ölkələrə (xüsusilə, Rusiyaya, Qazaxıstana) miqrasiya etdiklərini və onların
əsasən kişilərdən ibarət olduğunu nəzərə alsaq, doğum mərhələsində olan
cinslərarası disbalansın sonradan necə tənzimləndiyini anlaya bilərik.
Cədvəl 2.3. Əhalinin cins
(%) və yaş üzrə (1000 nəfər)
bölgüsü (2017 - DSK)
2017-ci
ildə doğulan qızların (74.6 min) və oğlanların (84.9 min) arasındakı fərq 10
minə yaxındır. 2016-cı ildə də eyni göstərici olmuşdur (158.1 min). 2016-cı
ildə abortların sayı 34.6 min olmuşdur (22%). 2016-cı ildə doğulacaq 5 uşaqdan
1-i (34.6 min) abort olunmuşdur. Onlar arasında selektiv aborların payı az
deyildir.
Selektiv abortlarda gender assimmetriyasının pozulduğu ölkə və
regionlardan bəhs edərkən, həmin ərazilərdə yaşayan fərqli bölgələrdən danışmaq
daha doğru olardı. Çünki bir ölkə ərazisində selektiv abortlara gender
prizmasından yanaşmada fərqli yanaşmalar mövcuddur. Bu yanaşmalar, şəhər və kənd
yerlərinə, etnik ənənələrə, dini baxışlara və mədəni stereotiplərə görə fərqli
ola bilər.
Selektiv abortların geniş yayıldığı ölkələr ərazisində gender bərabərliyinin
qismən inkişaf etmiş əraziləri də vardır. Bunlar, adətən modernləşmiş şəhər əraziləridir.
Əyalətlərə nisbətən şəhərlərdə bu kimi hallara az təsadüf olunur. Çünki gender
bərabərliyinin təmin olunduğu modernləşmiş şəhərlərdə qızlar oğlanlarla müqayisədə
sosial baxımdan daha fəal olurlar. Onların işlə təmin olunmasından və maddi gəlir
əldə etməsində böyük problemlər yaşanmır. Buna görə də, şəhər yerlərində ənənəvi
stereotiplər tədricən öz əhəmiyyətini itirir. Bu kimi, stereotiplər əyalətlərdən
şəhərlərə köç edən ailələr arasında öz varlığını qoruyub saxlayır. Çünki
stereotiplərin ortadan qalxması uzun müddət tələb edir. Cəmiyyətdə gender
stereotiplərinin ortadan qalxma müddəti, gender bərabərliyinin inkişaf sürətinə
bağlıdır.
Azərbaycanda
bəzi tibbi istisnalar olmaqla 12
həftədən sonra abort etmək qeyri-qanunidir. Bu baxımdan, ölkədə selektiv
abortların qarşısı hüquqi olaraq alınmışdır. Çünki hamiləliyin 12 həftəliyində
USM embrionun cinsiyyətini müəyyən edə bilmir. Lakin, reallıq göstərir ki, Azərbaycanda
selektiv abortlar geniş tətbiq olunur. Bu, qeyri-qanuni əməllər necə baş verir?
Buna aşağıdakı müsahibə aydınlıq gətirir:
“15 il
iş stajı olan qinekoloqun dedikləri: “Bu
gün azərbaycan ailəsi üç uşaqdan artıq uşaq istəmir. Bu da, o zaman baş verir
ki, ilk iki uşağı qızdır, deməli, üçüncü oğlan olmalıdır. Oğlan doğulanadək
qadın 5-6 abort etdirə bilər.” Sual verilir: “Dövlət xəstəxanalarında hamiləlik dövrü çox olanda (12 həftədən çox)
abort edirlər?” Həkim-gineqoloqun cavabı: “Əlbəttə, onlar sadəcə olaraq qadının 13-14 həftəlik deyil, 10 həftəlik
hamiləlik dövründə olduğunu yazırlar.”
Selektiv
abortların təhlükələri
Selektiv
abortlar hamiləliyin daha gec dövründə baş verdiyi üçün, onun qadınların fiziki
və psixoloji sağlamlığına təhlükəsi daha çoxdur. Hətta, selektiv abortlar nəticəsində
ölüm və intihar halları da az deyildir. Bununla bağlı yerli mətbuatda kifayət qədər
məlumatlar vardır. Onlardan bir neçəsini təqdim edirik.
Selektiv abortların fiziki təhlükələri barədə
hadisələr
- “Şamaxıda Kəmalə Bəkirovanın hekayəsi sadəcə
ana ölümü ilə bağlı statistikada növbəti rəqəm ola bilərdi, amma olayın
istintaqı zamanı bu ölümün sıradan olmadığı üzə çıxdı. Səhiyyə Nazirliyinin
Doğuşayardım Komissiyasının məlumatına görə, bu, qadının səkkizinci hamiləliyi
olub. Kəmalə iki qız və üç oğlan doğub. Oğlanların üçü də doğuşdan az sonra
ölüb. Ölümündən bir qədər əvvəl qadın ən azı üç dəfə abort eləyib, həm də hamiləlik
müddəti 12 həftədən çox olduğu halda – hamiləliyin bu dövründə USM cinsiyyəti
müəyyən edə bilir. Sonuncu abortdan sonra həkimlər ona hamilə qalmağı qadağan
edib, amma nə olursa olsun oğlan doğmaq arzusunda idi. İndi ailə uzun zaman
gözlədiyi varisinə qovuşub, amma o, anasız böyüməli olacaq.”
- “Ağır abortdan sonra
parapsoriaz (ağır dərəcəli dəri xəstəliyi) xəstəliyinə tutuldum. Bütün bədənim
yara ilə örtüldü, yüksək dozalı dərmanlardan istifadəyə başladım. Hormonal
təsirli dərmanlardan çəkim artmışdı, bir gün qarnında nə isə hərəkət etdiyini
hiss edim, müayində həkimin cavabından huşumu itirdim.”
Selektiv abortların psixoloji təhlükələri barədə hadisələr
- “Hamiləliyimin
altıncı ayına girmişdim, ərim hər gün “qızdı
ya oğlan” sualını verəndə cavabdan qaçmaq üçün bəhanə axtarırdım.
Bətnimdəki yenə qız idi. Birinci qızım doğulanda ərim hirsini cehizimdən çıxdı,
hər şeyi qırdı, ikincisində isə bir müddət evdən çıxıb getdi. Bu dəfə isə “o qızı doğsan, başımı götürüb Rusiyaya
gedəcəm” dedi. Ərim məni nişanlı ikən qaçırmışdı, ailəmlə küsülü idim. O
bizi atıb getsəydi, təkbaşına nə edəcəkdim. Beləcə pulla həkim tapıb o qızımı
öz əlimlə “öldürdüm”. “Qafqazinfo” xəbər verir ki, Şərafət
Nəbiyeva (43 yaş) ərinin təzyiqi ilə qız övladının ölümünə səbəb olub. Dediyinə
görə, özü və həkimi də “şərikli cinayət”dən sonra ağır xəstəliyə tutulublar.
Qəhrəmanım deyir ki, bu Allahın cəzası da ola bilər. “Sonuncu abortdan sonra ərimdən yenə də xoş üz görmədim. Həyat yoldaşım
bizi atıb Rusiyaya getdi, belə olacağını bilsəydim qızımı “öldürməzdim.” (14).
- “Vüsalə selektiv aborta getdiyindən təəssüflənərək deyir: "Üçüncü dəfə
hamilə qalanda iki qızım var idi. USM göstərdi ki, yenə də qızım olacaq. Ərim qətiliklə
buna qarşı çıxdı və ona etiraz etməyə cəsarət etmədim. Abort oldum. Amma Bakıda
doktor mənə artıq doğa bilməyəcəyimi söylədi. Bir il sonra kiçik qızım xəstələndi
və pnevmoniyadan öldü. Yəqin ki, bu, canlını öldürdüyümüz üçün Allahın bizə cəzası
idi. İndi yalnız bir uşağımız qaldı. Bir daha uşağımız olmayacaq.”
- “Oğlunun hazırda 19 yaşı
olduğunu deyən ana başına gələn son hadisələr zamanı oğlunun evdə
deyil, əsgərlikdə olduğunu söyləyib. Məişət zorakılığının qurbanı
olan xanımın sözlərinə görə, evli olduğu 20 ildə dəfələrlə həyat yoldaşı
onu aborta məcbur edib: "Hamiləliyimin ikisinin cinsinin qız olduğunu
öyrənmişdim, ikisini isə heç imkan vermədilər ki, cinsini öyrənim, məni abort
etdirməyə məcbur etdilər. Abortlardan sonra sağlamlığımda ciddi problem
yarandı, dəfələrlə müalicə olundum, amma müalicələrin təsiri olmadı. Axırıncı
dəfə həkimə gedəndə süd vəzimdə şiş olduğunu dedilər. Uşaq baxçasında
təmizlikçi işləyirdim, biraz özüm pul düzəltdim, biraz da yoldaşımı məcbur
etdim ondan aldım, İrana gedən xanımlara qoşulub ora həkimə getdim. Həkim
bildirdi ki, abortlar nəticəsində sağlamlığımda ciddi problemlər yaranıb. Sonra
da əlavə etdi ki, yalnız ana olsam sağala bilərəm. İllərdi xəstə idim deyə
hamilə qala bilmirdim, İrandan gələndən sonra müalicə olundum və hamilə
qaldım. Ana olacağımı biləndə həm evdə, həm də qaynanam və baldızım
tərəfindən təzyiqlərə məruz qaldım. Mənə təzyiq edirdilər ki, bu övladımı
da abort etdirməlisən, amma razılaşmadım. Yoldaşım dedi ki,
bizi evə qoymayacaq, qovacaq hər ikimizi. Amma mən bu dəfə övladımı
öldürtdürməməyə söz vermişdim, qız olduğunu biləndə isə ona lap bağlandım."
(16).
- "Xəstəxanaya heç kim
arxamca gəlmədi, ərim bizi evə qoymadı. Polislə evə girdim. Bir müddət sonra
məni qovdu, artıq dözə bilmədim. Hər gün içirdi, məni döyürdü, işığı
kəsirdi, uşağa heç nə almırdı, uşağın yemək qablarını sındırırdı. Deyirdi başqası
ilə evlənəcəm. İşgəncələrə dözməyə gücüm qalmadığına görə intihar etməyə qərar
verdim. Övladıma süd verdim, onunla vidalaşdım, özümü evdə ipdən asdım.
Həmin vaxt qaynanam təsadüfən evə gəlib, ipi kəsib məni xilas ediblər.
Gözlərimi açanda xəstəxanada olduğumu gördüm. Xəstəxanadan çıxandan sonra
o evə qayıtmadım." (16).
- "4
aylıq hamilə olduğum vaxt qayınanam məni aborta məcbur etdi. Səbəbi də o idi
ki, xarici görünüşdən uşağın qız olduğunu düşünürdü. Uşağın oğlan olduğunu hiss
edirdim. Amma mən kim idim ki, qayınanamın sözünün qabağına söz qoyum. Deyirdi
ki, əgər abort etdirməsəm və uşaq qız olsa, məni boşayacaqlar. Çünki artıq bir
qızımız var idi. Sonra oğlumuz da oldu. Amma o təfəkkürdə olan insanlarla
yaşamaq mümkünsüz hala gəlmişdi, heç bir mövzuda anlaşmaq mümkün olmurdu. Ona
görə də daha dözə bilmədim və boşandım. Deməli, boşanmaq üçün oğlan uşağının
olmaması səbəb deyil. Öldürülən uşağıma görə çəkdiyim əzablar hələ də yadımdan
çıxmır, özümü təqsirli hiss edirəm. Hər dəfə öz özümə deyirəm ki, kaş
mübarizəyə vaxtında başlayardım”.
Xatirə
Qəmbərovanın ali təhsilli olması yardımına çatıb və boşansa da, işləyib
övladlarını saxlaya bilir: "Amma hər qadının belə şansı yoxdur və elə
ailələrə dözməyə məcburdurlar, qayınanaları, ərləri nə desə, onu etməlidirlər.
Elə adamların əsasən oğlan uşağı arzuladıqlarını isə dəfələrlə müşahidə
etmişik” (10).
Selektiv abortların sosial təhlükələri barədə
hadisələr
- “… Bu, bizim faciəmizdir. Tarazlığın
saxlanılması Allah tərəfindən yəqin edilir, biz isə bu tarazlığı pozuruq, bu məsələyə
qarışırıq. Xeyr, biz qarışmırıq, biz faktiki olaraq pozuruq. Qadınların sayının
azalması ilə hara gəlib çıxacağıq? Bu gənclər 20-30 ildən sonra kiminlə ailə
quracaqlar? Kim ana olacaq? Ev işlərini kim yerinə yetirəcək? Bu, böyük faciədir.
Bunun qarşısı alınmalıdır. Mən bundan çox narazıyam.” (Asif, 61 yaş, orta ümumi
təhsilli, iki qızı, iki oğlu var, Abşeron regionu) (10).
- “Deyirlər ki, ana bətnində qız uşaqları
olduğu halda süni abortların sayı indi daha çoxdur …mən bunu gələcək faciə kimi
başa düşürəm, çünki onlar gələcək anaları öldürürlər. Analar yoxdursa oğullar
da olmayacaq” (respondent) (10).
- “Təsəvvür edin ki, bu il bizdə dünyaya gələn
uşaqlar arasında 3.000 nəfər oğlan uşağı və 1.000 nəfər qız uşağımız olmuşdur.
Əgər 20 ildən sonra 1.000 nəfər kişi 1.000 nəfər qadınla evlənərsə digər 2.000
nəfər kişi nə edəcək? Onlar bu barədə fikirləşmirlər. Bizim xalqımız 20 ildən
sonra nə baş verəcəyini düşünmür” (Həkim) (10).
-
“…Hər il sentyabr ayında biz statistik məlumatlar əldə edirik və görürük
ki, sinifdə 20 nəfərdən yalnız 4-ü qız uşağıdır. Bütün qalan uşaqlar
oğlanlardır. Biz başa düşürük ki, bu, çox təhlükəlidir. Gələcəkdə Azərbaycanda
qızların sayı məhdud olacaq və xalq arasında ailə qurmaq üçün başqa millətlərdən
qızların alınması geniş vüsət alacaq. Ölkəmizin adət-ənənələri gələcəkdə yoxa
çıxacaq, çünki ailədə uşaqların əsas etibarilə təlim-tərbiyəsi ilə məşğul olan
analardır.” (Siyəzən/Quba-Xaçmaz regionunda yaşlı bir nəfər).
KİV-dən əldə edilən bu əhvalatlar
cəmiyyətdə selektiv abortlar və
gender bərabərsizliyi ilə bağlı durumu müəyyən qədər əks etdirir. Bu və ya digər
hadisələrin təhlili göstərir ki, cəmiyyətdə selektiv abortlara şərait yaradan
müəyyən mədəni stereotiplər mövcuddur. Adətən, cinsi diskriminasiyanın səbəblərini
sosial-mədəni dəyərlərdə axtarırlar. Bəzi insanlar bunun din ilə bağlı olduğunu düşünürlər. Əslində isə,
selektiv abort məsələsi İslam dininin dəyərləri ilə daban-dabana ziddir. Bu baxımdan, biz problemin
kökünü bilmək üçün islam dininə və kültürəl dəyərlərə diqqət yetirməmiz
vacibdir.
Qeyd edilməlidir ki, selektiv abortlar istənilən
ölkədə doğulan uşaqların cinsə görə nisbətinin ciddi şəkildə oğlan uşaqlarının
xeyrinə pozulmasına gətirib çıxarır. Bu fenomenlə bağlı aparılmış ən son
araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin
ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib
çıxara bilər. Bu problemin illərlə davam etdiyi Hindistan və Çinin təcrübəsi
göstərir ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün
partnyor tapa bilməməsi ilə nəticələnir və bu da öz növbəsində cinayətkarlıq
statistikasının ikiqat artması, zorakı davranış hallarının geniş yayılması, gəlin
qaçırma, insan alveri, zorlama və fahişəlik kimi bir sıra mənfi hallarla sıx şəkildə
əlaqəlidir.
Hər bir ailədə dünyaya gələcək uşaqların
fiziki və psixoloji baxımdan sağlam tərbiyəsini və yaxşı təhsil almasını təmin
etmək istəyi üzərində formalaşan ailə planlaşdırılması siyasəti selektiv
abortlara şərait yaradan əsas amillərdəndir. Çünki ailə planlaşdırılması ilə
bağlı seçim edən ailələr cinsi diskriminasiyaya yol verərək selektiv abortlara
gedirlər. Bu seçimdə ən çox diskriminasiyaya məruz qalanlar qız uşaqları
olurlar.
İslam dini selektiv
abortlara qarşıdır
Müsəlman
ölkələrinin əksər hissəsi abortların tam və qismən qadağan olunmasını dəstəkləyirlər.
Bu fərqli yanaşmaların İslam dinində də öz əsası vardır. Şəriət qanunlarına görə,
müsəlman qadınlar ərlərinin və həkimlərin ümumi razılığı əsasında bətnindəki
embrionun 40 gününədək (Maliki məzhəbinə görə) və ya 120 gününədək (Hənəfi məzhəbinə
görə) ondan xilas ola bilərlər.
Qurani-Kərimdə buyurulur:
“Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə
şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi)
torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən,
tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş)
bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində
müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq
olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz
deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün
elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə
unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən.
Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir
kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.” (Həcc 5)
“Biz, həqiqətən,
insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm
övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik). Sonra onu (Adəm
övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. Sonra
nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik,
sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha
sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli
olan Allah nə qədər (uca, nə qədər) uludur!” (Muminun 12-15)
Bunlar öz təsdiqini hədislərdə də tapır:
"Hər
biriniz ananızın qarnında qırx gün saxlanılır, sonra orada laxtalanmış qan
və parça ət şəklində bir müddət qalır. Sonra mələk göndərilir və ona ruh üfürür."
(Müslim, Tale 1)
“Məni üzərindən
40 gün keçəndən sonra Allah ona bir mələk göndərir və o da onun qulağını, gözlərini,
dərisini, bədənini, sümüklərini şəkilləndirdikdən sonra soruşur: “Ey Rəbbim!
Oğlan, yoxsa qız olacaq?” (Müslim, Tale 3)
Bu ayə və
hədislərə əsasən müsəlman alimləri abortların 40 və ya 120 günədək həyata
keçirilməsini mümkün hesab edirlər. Lakin, 120 gündən (bəzilərinə görə 40 gündən)
sonra həyata keçirilən abortlar insanın qətl edilməsi kimi həm hüquqi, həm də mənəvi
məsuliyyəti ortaya qoyur. Şəriət hökmlərinə əsasən 120 gündən sonra abort edən
qadınlar gurrə cəriməsinə (120 qr qızıl) cəlb olunurlar.
İslam
dinində selektiv abortlar şiddətlə qınanır. İslamdan
öncə cahiliyyət dövründə ərəblər qız uşaqları olduqda onları diri-diri
basdırırdılar. Lakin, İslam dini buna qarşı çıxdı.
Qurani-Kərimdə buyurulur:
“Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə
olduğu kimi) övladlarınızı (qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də
ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!” (İsra 31)
“(Ey Elçim!)
De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik
qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin.
Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin.
Allahın (qətlini) haram buyurduğu cana qıymayın. (Allah) bunları sizə tövsiyə
etmişdir ki, bəlkə, düşünüb anlayasınız!” (Ənam 151).
“Diri-diri
torpağa gömülən körpə qızdan: “Axı o hansı günaha görə öldürüldü?” soruşulacağı
zaman” (Təkvir 8-9).
“Ya Peyğəmbər! Mömin
qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri,
övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa
gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad
etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları
barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et
və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm
edəndir!” (Mumtəhənə 8-9).
“Kişilərin qadınlar üzərində
şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar kişilər üzərində
hüquqları vardır.” (Bəqərə 228)
Bununla bağlı bir neçə səhih
hədis də vardır:
Xəlifə Ömər dövründə, bir qadın ifadə
vermək üçün xəlifənin yanına çağırılır. Hamilə qadın qorxudan yolda uşağını
salır. Xəlifə Ömər şuranın üzvlərindən nə edəcəyini soruşur. Əksəriyyət, bunda
heç bir qərəz olmadığı üçün, nəsə etməyin lazım olmadığını deyir. Xəlifə Ömər,
Hz. Əlidən (əs) fikrini soruşur və o, deyir: "Bu yoldaşlar söylədikləri fikirlərində yanılırlar. Onlar səni
müdafiə etmək üçün belə dedilərsə, yaxşı məsləhətçi olmadıqlarını göstərdilər.
Anasının bətnindən düşərək ölən uşağa görə diyət verilməlidir.” Xəlifə Ömər
bu ictihada uyaraq diyəti ödəmişdir.
Məlum olduğu kimi, şəriətdə diyət ölüm
cəzasının qarşılığıdır.
Hz. Məhəmməd (səs) buyurur: “Övladlarınızın
ən yaxşısı qızlarınızdır”... “Üç qız övladını layiqincə tərbiyə edib, ər evinə
köçürən valideynlər cənnətlikdirlər.”
İmam Sadiq (əs) buyurur: “Qız
övladları rəhmət, oğlan övladları isə nemətdir.”
İslam
dininin selektiv abortlara qarşı olduğu və bunun cinayət olduğu, həm Qurani-Kərim
ayələri, həm də səhih hədislər (şiə və sünni) vasitəsilə təsdiq olunur. Bu
baxımdan, dindar müsəlmanların arasında selektiv abortların yayılması mümkün
deyildir. Bunu edən müsəlman həm hüquqi, həm də mənəvi məsuliyyət
daşıyırlar.
Azərbaycan xalq mədəniyyətində selektiv
abortlara münasibət
Azərbaycanda
selektiv abortların yayılmasına səbəb olan əsas amillərdən biri də, xalqın
kültüründə keçmiş gender bərabərsizliyi ənənələrindən irəli gələn bəzi xoşagəlməz
adətlərin qalıqlarıdır. Bu adətlərin İslam dini ilə əlaqəsi yoxdur. Əksinə,
onlar dini dəyərlərə ziddir. Bu adətlər, kültürün tərkibində yer tutan
patriarxal ənənələrin davamıdır. Kültür dinin təsirinə məruz qalsa da, ondan fərqli
şəkildə inkişaf edir. Din və kültür arasında ziddiyyətlər də buradan irəli gəlir.
Azərbaycanda
qədim dövrlərdən gələn bir çox atalar sözləri və adətlər vardır ki, onlar
xalqın mentalitetinin formalaşmasında mühüm rol oynayırlar. Şüurları
stereotiplər ilə strukturlaşdıran bu kültür elementləri selektiv abortlara və
gender bərabərsizliyinin bir çox təzahür formalarına şərait yaradır.
Azərbaycanda Kifayət, Bəsti, Qızbəsti və digər bu kimi qız adlarının
olması, cinsi diskriminasiyanın göstəriciləridir. Toy mərasimlərində gəlinə
oğlan övladı doğmaq arzulanır və onun qucağına oğlan uşağı qoyularaq
deyilir: “Yeddi oğul istərəm, bircə dənə qız gəlin”. Yaxud “qızını döyməyən
dizini döyər”, “qızı özbaşına buraxsan ya halvaçı tapar, ya da zurnaçı”,
“qeyrətsiz oğuldansa kor qızım olsa yaxşıdır”, “qız yükü duz yükü”, “oğul düşmən çəpəridir” – kimi bir çox deyimlər
selektiv abortların əsasında dayanan ənənəvi stereotiplərdir.
Cinsi
diskriminasiyaya səbəb olan stereotiplər aşağıdakılardır:
1. Kişilər vətəni düşməndən qoruyan əsgərlərdir.
“Oğul
düşmən çəpəridir” – deyimi, oğlanların
vətənin düşmənlərdən qorunmasında rolunu önə çəkir. Ağcabədi/Aran regionunda keçirilən qrup müzakirələri iştirakçılarından
biri Aynur adlı gənc qadın söyləmişdir: “Zənnimcə, bizə müharibədən sonra əsgərlər
- oğlan uşaqları lazımdır. Demirəm ki, anaların qızları olmasın. Hər bir azərbaycanlı
qadını, əgər bacarırsa, qoy bir oğlan Vətən üçün, bir oğlan da özü üçün dünyaya
gətirsin. Çünki bizim oğullarımız bizi xaricdə təmsil edir və sərhədlərimizi
qoruyur.” (17).
2. Qadınların iqtisadi asılılığı
Selektiv abortların geniş yayıldığı əraziləri birləşdirən ümumi bir
xüsusiyyət ondan ibarətdir ki, bu cəmiyyətlərdə nəslin varisinin oğlan vasitəsilə
təmin olunacağını dəstəkləyən patriarxal dəyərlər güclü, gender bərabərliyi isə
zəifdir. Məsələn, Çində ənənəvi olaraq çinlilərin mentalitetində oğlan uşağı
ailənin yeganə varisi hesab olunur. Qız isə, ailəni tərk etdiyi üçün varisliyi
qoruya bilmir. Buna görə də, oğlan uşağı doğan anaların hörməti qız uşağı
dünyaya gətirən analardan dəfələrlə artıq olur. İlk övladı qız olan bir çox ailələr
ikinci övladı (yəni, oğlan övladını) dünyaya gətirmək üçün dövlətdən izin
alırlar. Eyni ənənələri selektiv abortların geniş yayıldığı digər ərazilərdə də
müşahidə etmək olar. Bu cür ənənələr bir ölkənin bir bölgəsində güclü, digər
bölgəsində isə, zəif ola bilər. Adətən, bu ənənələr o cəmiyyətlərdə daha çox
güclü olur ki, həmin cəmiyyətlərdə valideynlər qızlarının sosial və maddi uğur əldə
edəcəyinə inanmırlar. Onlar, özlərini və ailənin gələcəyini sosial-iqtisadi
baxımından zəmanət altına almaq üçün, oğlan uşaqlarına üstünlük verirlər. Bu
cür hallar gender bərabərliyinin pozulduğu cəmiyyətlərdə baş verir. Çünki bu cəmiyyətlərdə
qızlar sosial-iqtisadi yük kimi dəyərləndirilir.
“Oğul evin dirəyidir,
arxasıdır” deyimi məişət və sosial güvənsizlikdən, xüsusi mülkiyyətin
itirilməsi təhlükəsindən irəli gəlir. Çünki oğlan mülkiyyətin qoruyucusu və
təminatçısı kimi tanınır.
Yerli mətbuatda
bununla bağlı məlumatlar:
- “Bəsti xanımın 3 oğlu var. Deyir
ki, balaca olanda nənəsi ona və bacılarına baxıb, köksünü ötürərmiş: “Oğlan doğulsaydınız, nəslimizin
davamçısı, ev-eşiyimizin sahibi olardınız, ailəmizi qoruyardınız.
Amma indi gedib başqasının ocağını qızdıracaqsınız”. “Bəs qardaşa bacı, anaya
qız lazım deyil? - soruşuruq. – “Əslində mən indi qızı olan analara
baxıb, köksümü ötürürəm. İndi başa düşürəm ki, oğlanlarıma bacı da
lazımdır. Qaynanam, qaynatam, ərim isə nənəm kimi düşünürlər. Deyirlər ki,
qız nəyə lazımdır? Qız yükü ağırdır, sabah bilmirsən kimin evinə düşəcək, nə
kimi problemlər yaşayacaq. Onların fikrincə, qız ailə qurub gedir, oğlan
isə yanımızda qalır (18).
Azəbaycanda əks fikirdə olanlar da çoxluq
təşkil edir. Praktika göstərir ki, qızlar əksər hallarda öz qoca valideynlərinə
daha çox sahib çıxırlar.
-
Yaşı səksəni ötmüş Şubay müəllim isə oğlanlarını qızlarından
üstün tutanlara haqq qazandırmır. Deyir ki, bu ahıl çağında oğullarının hərəsi
bir diyardadır, qalıb qızının ümidinə: “Həyat yoldaşım ölənə qədər çətinliyim
yox idi. İndi oğlanlarımın yadına da düşmürəm. Yaxşı ki, qızım var, bu
gün qayğıma da o qalır. Yeməyimi verir, paltarımı yuyub, ütüləyir. Pensiyamdan bir manata da
dəymir. Deyir nəyə ehtiyacın var, ona xərclə…” (18).
- Abşeronda iki oğlu, dörd
qızı olan yaşlı kişi qızların vacibliyini xüsusilə
vurğulamışdır: “İsmətli və qeyrətli
qız övladı yüz oğuldan üstündür. Qız ata və ana üçün vacibdir, bizim bəzən kədərli
və bəzən xoşbəxt günlərimiz olur. Kədərli günün olduqda görürsən ki, oğlun
yanında deyil, o, əlləri cibində uzaqlardadır. Ancaq qızın sənin kədərini
paylaşır. O, ailə üzvlərindən hər-hansı birini itirəndə onun vəfatından yeddi
gün, qırx gün keçənə qədər yemir, içmir. Sən bu dünyanı tərk edən zaman o, dərhal
gəlir. Qızların həyat yoldaşları da sənin üçün eynidir.” (17).
- Bakıda qrup müzakirələrində iştirak etmiş gənc respondent nəslin
davamının vacibliyini və ailə mülkiyyətinin qorunmasında oğul övladının rolunu
belə izah etmişdir: “Nəsil məfhumunun
müəyyən bir anlamı var. Məsələn, üç qızı olan kişi ailəsinin davamçısı kimi
oğul arzusunda olur. İstənilən miras kişi xətti ilə ötürülür. Buna görə də oğul
atanın davamçısıdır. Beləliklə, insanlar oğulun olmasını istəyirlər.” (17).
Siyəzən/Quba-Xaçmaz fokus qrup
müzakirələrində iştirak etmiş 64 yaşlı təqaüddə olan müəllim öz fikrini belə
izah etmişdir: “Bəli, qızlar ailə
quran zaman valideyn evini tərk edəndə oğlanlar atalarına kömək məqsədilə
vacibdir. Qızlar köçəri quşlar kimidir. Ancaq oğlanlar öz ataları ilə qalır. Əgər
iki və ya üç oğlu olan ata nə isə etmək istəsə onun oğlanları ona kömək edəcəklər.
Beləliklə, hər kəs oğlu olmasını istəyir. Onlar Allahın mükafatlarıdır.” (17).
- Dörd qızı və bir oğlu olan 39 yaşlı Nailə (ali təhsilli, Lerik/Lənkəran)
oğlan uşaqlarına üstünlük verilməsinin səbəblərindən biri kimi qızların
başqasına məxsus olduğu haqda ümumi qəbul edilmiş fikri irəli sürmüşdür: “Qızlar yadlara məxsusdur. Onlar ailə qurur
və ata evini tərk edir. Valideyn həmişə qızları barədə narahat olur. Hara getsələr
onlar evə gec dönəndə valideyn bu barədə narahat olur. Lakin valideyn oğlu barədə
belə narahatlıq keçirmir.” (17).
- “Mən dünyadan köçəndə cənazəmi çiyinlərində
qoy oğlum aparsın. İstəyirəm ki, cənazəmi məzara oğlanlarım aparsınlar. Kədərli
vaxtlarda ailənin qayğısına qalan və ailəni dəstəkləyən qızlar var, lakin yas mərasimi
zamanı süfrələrə yemək təmin edən oğullar da var, bu zaman hər kəs deyir ki,
“layiqli oğuldur”. Lakin elə oğullar da var ki, onlar heç analarını basdırmağa
da gəlmirlər. Başqa nə deyə bilərəm?” (Gültəkin, 73 yaş, orta ümumi təhsilli,
iki oğlu var, Tovuz/Gəncə-Gazax) (17).
- “Qız övladına cehiz verməlisən. Tutaq ki, qızını axmaq bir adama ərə
verirsən, o, gələcəkdə sənin qızından boşana bilər, o, boşanıb evə dönəcək və
onun atası və ya qardaşı onu saxlamalıdır. Yükün ağırlığı onun atasının və ya
o, vəfat edərsə qardaşının çiyinlərinə düşür. Beləliklə, hər kəs oğul övladı
istəyir, insanlar qızı olmağını bir o qədər də arzulamır”. (qrup müzakirələrinin
iştirakçısı, gənc kişi, Abşeron) (17).
- “Oğlan uşaqları bütün nöqteyi-nəzərlərdən
qız uşaqlarından üstün tutulur… onlar işdə və həyatda özlərini idarə edə bilirlər.
Ancaq qızın barədə həmişə narahat olursan. Bunun əksinə olaraq oğluna getməyə və
özünü saxlamağa icazə verə bilərsən. Mənim kimi analar heç azacıq da olsun qızı
olmasını istəmir”. (qrup müzakirələrini iştirakçısı, gənc qadın
Tovuz/Gəncə-Qazax) (17).
3. Kişilər ənənəvi
məsuliyyətdən qurtulmaq istəyirlər
Azərbaycanda “qız yükü, duz yükü” deyimi vardır.
Ənənəvi olaraq, mədəniyyətdə kişilərin ailənin maddi və mənəvi təminatında,
ailə üzvlərinin fiziki-psixoloji qorunması istiqamətində xüsusi məsuliyyəti
vardır. Ailədə oğlan uşaqları müəyyən yaşdan sonra atalarının bu yükünün bir
qismini öz üzərlərinə götürürlər. Lakin, qızlar sərt patriarxal cəmiyyətlərdə
özlərini reallaşdırmaq imkanlarına malik olmadıqlarına görə, bu yükü bölüşdürə
bilmirlər. Qızlar atalarının, ərlərinin, qardaşlarının himayəsi altında bir yük
kimi qalmaqdan başqa seçimə malik deyillər. Qızlar, yalnız ailədaxili işlərdə
ailənin yükünü bölüşdürmələrinə, hətta ailənin aqrar təsərrüfat işlərini idarə
etmələrinə baxmayaraq, onların əməyi reproduktiv əmək kimi dəyərləndirilir. Bu
səbəbdən, belə cəmiyyətlərdə qızlar yük kimi dəyərləndirilirlər.
Mətbuatda bununla bağlı bir
hadisə barədə belə deyilir:
- “Aysel
Əhmədovanı qızı olduğu üçün evdən qovublar. Əvvəlcə USM oğlunun olacağını
göstərib. Sonra məlum olub ki, həkim yanılıb – Ayselin qızı olub. Əri deyib ki,
qız övladı onun namusuna xələl gətirəcək və qadını uşaqla birlikdə evdən qovub.
Qadın qızı ilə birlikdə ata evinə qayıdıb. Orda da qardaşı tələb edib ki,
qızını internata versin, yalnız bu şərtlə onu geri qəbul etməyə razı
olduqlarını deyiblər. Nəticədə qadın sığınacağa gəlib çıxıb.” (13).
Bu gün, şəhərlərdə qadınların
kütləvi şəkildə dövlət və özəl strukturlarda fəal təmsil olunmasına, bölgələrdə
qadınların aqrar təsərrüfatda fəal çalışmasına, maddi məhsulların istehsalında,
ticarət sektorunda öndə olmasına baxmayaraq, mentalitetdə köhnədən qalma
stereotiplər hələ də yaşamaqdadır. Bu gün, qadınların kişilərin ailədə daşıdığı
ənənəvi yükünün yarıdan çoxunu öz üzərlərinə götürmələrinə baxmayaraq, bəzi
kişilər öz üzərlərinə düşən məsuliyyət ağırlığından bəhs edirlər. Bunlar bir
daha göstərir ki, müasir dövrdə kişilərin böyük bir qismi artıq ənənəvi
məsuliyyəti daşımaqdan imtina edirlər.
4. Qadınların sosial statusunun aşağı olması
Patriarxal cəmiyyətlərdə qadınların heç bir
sosial statusu olmadığı üçün, qadınlar pozitiv mənada “ev xanımı”, “ana” kimi
tanınırlar. Belə bir cəmiyyətdə sosial fəallıq edən bir çox qadınlar “küçə
qadını” kimi neqativ statuslarla ad çıxarırlar. Bu cəmiyyətlərdə qadınların
pozitiv sosial statusları olmadığı üçün, qız uşaqlarının doğulması əhəmiyyət
kəsb etmir. Oğlan uşağı olmayan ataların belə cəmiyyətlərdə sosial statusu da
aşağı olur. Kişilər bu cəmiyyətlərdə öz statuslarını artırmaq üçün, oğlan
uşaqlarının olmasına xüsusi önəm verirlər. Hətta, oğlan uşağı doğan qadınların
ailədə və cəmiyyətdə hörməti daha yüksək olur.
Qadınlar ailədə selektiv abortlara getməyə
məcbur edilir. Selektiv abortlar əksər hallarda
kişilərin təhriki ilə baş verir. Çünki qadınlar üçün belə bir addım atmaq,
onların həm fiziki, həm psixoloji durumuna mənfi təsir göstərir. Bəzi qadınlar,
belə abortlardan sonra dərin stresslər keçirir və özlərini psixoloji baxımdan
bərpa etməkdə çətinlik çəkirlər. Azərbaycanda qadınlar arasında olan intihar
hallarının əsas səbəblərindən birini burada axtarmaq doğru olardı.
Qadınları selektiv
abortlara getməyə məcbur edən şərtlər fərqli ola bilər. Bəzən, onlar ailənin dağılmaması və qınaqlara məruz
qalmaması üçün bu yolu seçmək məcburiyyətində qalırlar. Bəzi qadınlar ailədə və
qohumlar arasında öz statuslarını qaldırmaq üçün belə bir seçim edirlər. Çünki
onlar özlərini həmin cəmiyyətdə təsdiq edə bilmirlər. Adətən, patriarxal
cəmiyyətlərdə qadınlar ailə və cəmiyyətdə öz statuslarını oğulları vasitəsilə
qaldırmaq yolundan başqa seçimə malik deyillər. Qayınana institutu da buradan
irəli gəlmişdir.
Bəzən evsizlik, işsizlik, yoxsulluq
problemləri qadınları selektiv abortlara getməyə məcbur edir. Bütün hallarda,
patriarxal cəmiyyətin dəyərləri qadınları selektiv abortlara vadar edir. Bu cür
hallar bölgələrdə daha çox yayılmışdır. Şəhərlərdə də bölgələrdən gələn və
urbanizasiya proseslərinin təsirindən kənarda qalan sakinlər tərəfindən geniş
tətbiq olunur.
Yerli mətbuatda bununla bağlı məlumatlar:
- "Lənkəranda 6 günlük Mələyin nənəsi tərəfindən
öldürülməsi hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata
görə, 4 il əvvəl qız övladı dünyaya gələn Vəliyə Nurullayeva daha sonra bətnindəki
körpələrin cinsiyyəti məlum olan kimi onları abort etdirib. Bəlli olub ki,
V.Nurullayeva ilk övladı dünyaya gələndən sonra hamilə olduğu 4 qızı ailə üzvlərinin
təkidi ilə abort etdirib. Sonuncu hamiləlikdə isə həkimlər ona nəticələri gec
deyib və abortu məsləhət bilməyiblər. Bu səbəbdən də Mələk normal hamiləliyin
yekununda dünyaya gəlib və anadan olandan 6 gün sonra nənəsi Atifə Nurullayeva
tərəfindən öldürülərək quyuya atılıb”.
Onun sözlərinə görə, o, uşağın qətlini
“cinlərin” üstünə atmaq istəyib. O, deyib: “İkinci qızı istəmirdim, oğlan
istəyirdim. Fikirləşdim ki, uşağı cinlərin öldürdüyünə hamı inanar. Sonra
qorxdum ki inanmazlar. Buna görə də uşağı götürüb həyətdəki quyuya atdım.”
(13).
- “Üç yaşlı qızı olan və hamiləliyinin
dörd-beşinci ayında olan Sevinc deyir: “Anam bizə nifrət eləyir. Mənə və bacıma. Qız olduğumuz üçün
bizi sevmir. Hətta uşaqlıqda da sevmirdi. Yedirirdi, içirirdi, geyindirirdi,
oxudurdu, amma sevmirdi. Bacımın
bir qızı var, əməliyyat vaxtı uşaqlığını çıxarıblar, onun daha uşağı olmayacaq.
Mənim də bir qızım var, ikinci də qız olacaq. Anam uşaqlarımızı da sevmir, tək
ümidim bu uşağa idi (əli ilə qarnını göstərir), bu da belə…” “Ana necə öz
övladını sevməyə bilər?” – sualına belə cavab verir: “Atam bizə görə onu atıb.
Anam onun üçün oğlan doğa bilməyib, o da başqası ilə evlənib.” (13).
- Bakı sakini, 38 yaşlı Ulviyə (ad dəyişdi), üç uşağın anasıdır. O, möcüzəvi
şəkildə selektiv abortdan qaçmağa müvəffəq olub. O, deyir: "Biri 9-cu, digəri
5-ci sinifdə oxuyan iki qızımız var. Oğlan uşağının olmaması, məni ərimin və
qaynanamın hədəfinə çevirmişdi. Qaynanamın üç oğlu var. Buna görə də, o, məni
oğlan dünyaya gətirmək qabiliyyətində olmadığımı və tamamam olduğumu
bildirirdi. Mən üçüncü səfər hamilə qaldım. USM-nin ilk göstəricilərinə görə
növbəti qız övladım dünyaya gəlməli idi. Ərim və qaynanam məni abort etməyə
vadar etdilər. Təkrar USM-də yoxlaqdıq və məlum oldu ki, oğlum olacaq. Artıq
bizim bir oğlumuz var. Onun dünyaya gəlməsi ilə mən rahatlandım. Ərim dəyişdi,
aqressivliyi azaldı, həssaslaşdı, qaynanamın isə, artıq mənimlə işi olmadı.”
(18).
Aparılan sosioloji tədqiqatın
nəticələri və KİV-dən əldə etdiyimiz hadisələrin təhlili göstərir ki,
modernləşmənin və gender bərabərliyinin zəif inkişaf etdiyi bəzi bölgələrdə
bəzi patriarxal ənənələr hələ də mövcuddur. Onların mövcudluğunu təmin edən
amillər bəzi bölgələrdə hökm sürən gender bərabərsizliyi hallarıdır. Onların
aradan qaldırılması üçün, qadınların təhsil səviyyəsinin yüksəldilməsi və
onların sosial işlərlə məşğulluq səviyyəsinin artırılması zəruridir.
Buna paralel şəkildə, sosial və
tibbi sığortanın inkişaf etdirilməsi, dəfn mərasimlərinin dövlət himayəsinə
keçirilməsi və tənzimlənməsi mühüm şərtləndəndir. Bunları həyata keçirən sosial
dövlət tədbirləri artdıqca, bütün gender bərabərsizliyi halları, həmçinin,
selektiv abortlar da tədricən ortadan qalxacaqdır. Çünki ictimai şüurda kök
salan gender stereotipləri öz gücünü sosial dövlətin zəifliyəndən alır.
Azərbaycanda bu problemlərin həll olunması üçün, bölgələrdə sosial dövlət
tədbirlərinin gücləndirilməsinə ehtiyac vardır.
Nəticə və tövsiyələr
1.
Dünyada abortların
səviyyəsi kritik həddə çatmışdır. Abortların artması, ailə qurumunun iflasına
da şərait yaradır. Ailə qurumunun süqutu cəmiyyətin süqutuna şərait yaradır.
İndividualizmin inkişafı ailə qurumunun inkişafına tərs mütənasibdir. Çünki
kollektiv dəyərlərə əsaslanan ailə qurumu şəxsiyyətin formalaşmasını təmin
edir. İfrat individual dəyərlər şəxsiyyəti məhv edir. Bunun nəticələrindən biri
də tənhalıq problemi və artan intihar hallarıdır. Mövcud vəziyyətin təhlili
göstərir ki, dünyada sosial-siyasi idarəetmə sistemində ciddi qüsurlar vardır.
Bu qüsurların ortadan qaldırılması üçün, alternativ sosial-iqtisadi siyasət
modellərinin ortaya qoyulması labüddür.
2.
Abortlar ana
ölümü riskini daşıyır. Avropada kontraseptiv vasitələrdən
geniş istifadə, ana ölümü səviyyəsinin
aşağı olmasını təmin edir. Azərbaycanda yoxsul ailələrdə, kənd yerlərində,
orta və ya aşağı təhsilli qadınlar arasında
kontraseptiv vasitələrdən istifadə səviyyəsi aşağı olduğu üçün, ana ölümləri arasında
onların payı daha çoxdur.
3.
Kontraseptiv üsullardan istifadə etməmək, ana ölümü
riski ilə yanaşı, dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulmasına,
arzuolunmaz hamiləliklərin artmasına, doğuma nəzarət üsulu kimi süni abortların
sayının çoxalmasına səbəb olur. Buna görə də, bu sahədə maarifləndirmə işlərinin
artırılmasına və yoxsul ailədən olan qadınların güzəştli tibbi dəstəyinə
ehtiyac vardır.
4.
Müasir qoruyucu vasitələrdən istifadə və abortlara
münasibət məsələsində Bakı şəhəri ən azı iki dəfə bölgələrdən irəlidədir. Bölgələr
arasında cənub bölgələri bu sahədə daha aşağı göstəricilərə malikdirlər. Bu,
yanlız apardığımız sorğularla deyil, bizdən əvvəlki dövrlər də aparılan
sorğuların nəticələri ilə təsdiq olunur. Lakin, bölgələrdə və ümumən Azərbaycanda
nəsilvermə əmsalının aşağı olması (2 həddinə enməsi) və müasir qoruyucu vasitələrdən
istifadə və abortlara münasibət səviyyəsinin aşağı səviyyədə qalması təsdiq
edir ki, əhali arasında (xüsusilə, bölgələrdə) ənənəvi qoruyucu üsullardan
istifadəyə üstünlük verilir.
5.
Əhali arasında (xüsusilə, bölgələrdə) ənənəvi
qoruyucu üsullardan istifadəyə üstünlük verilməsi, gözlənilməz hamiləlik
riskini artırır. Bunun nəticəsi olaraq, qadınlar abortlara getməyə məcbur
olurlar. Abort, qadınlar üçün fiziki və psixoloji risk ehtimalını artırır. Buna
görə də, müasir qoruyucu vasitələrdən istifadə edən qadınların sayı kişilərdən
3 dəfə çoxdur. Onlar arasında 25-35 yaşında olan ali təhsilli qadınlar əksəriyyət
təşkil edirlər. Onlar abortlara öz həyat yoldaşları ilə məsləhətləşərək qərar verirlər.
Hər iki tərəf abortların müsbət hal olmadığını anladıqları halda, ona getməyə məcbur
olurlar. Çünki müasir qoruyucu vasitələrdən istifadə istiqamətində maaarifləndirmə
işi aşağı səviyyədədir.
6. Avropada abortların artması və nəsilvermə əmsalının
azalması nəticəsində demoqrafik vəziyyət
partlayış həddinə çatmışdır. Azərbaycanda 2000-2016 illərdə abortların sayının 17.5
mindən 34.6 minə qalxması, 1995-ci ildən başlayaraq bu günədək həm kənd, həm də
şəhərdə nəsilvermə əmsalının təqribən 2 səviyyəsinə enməsi demoqrafik inkişafın mənfi göstəricisi kimi dəyərləndirilə
bilər. Ümumi artım dinamikasının artan xətt üzrə inkişaf etməsinə baxmayaraq, nəsilvermə əmsalının
2 səviyyəsindən aşağı enməsi və abortların artan xətt üzrə davam etməsi, demoqrafik
geriləməyə şərait yarada bilər. Bunun üçün, nəsilvermə əmsalının
3-4 səviyyəsinə qaldırılmasına və abortların sayının azalmasına ehtiyac vardır.
Bu istiqamətdə ailə, uşaq və sosial
imtiyazları artırmaq, çoxuşaqlı ailələrdə uşaqların güzəştli
şərtlər əsasında yaxşı təhsil almasına şərait yaratmaq məqsədəuyğundur.
7. Azalmaqda olan nəsilvermə əmsalı, selektiv abortlara şərait yaradır. Azərbaycanda
ümumi nəsilvermə əmsalının 2-yə enməsi, ailə planlaşdırmasında iki uşaqdan
birinin oğlan olmasını nəzərdə tutur. İlk övladı oğlan olan ailələr ikinci
övladın cinsi ilə maraqlanmırlarsa, ilk övladı qız olan ailələr adətən ikinci
övladın cinsini USM ilə müəyyənləşdirir və qız olduğu təqdirdə bəzən selektiv
aborta gedirlər. İki oğlu olan ailələr üçüncünün qız olmasını, iki qızı olan
ailələr üçüncünün oğlan olmasını planlaşdırırlar. Növbəti hamiləlik gözlənənin əksi
olduqda, cinsindən asılı olmayaraq selektiv abortlara gedilir. Lakin,
patriarxal düşüncəli bəzi ailələrdə cinsi diskriminasiyaya məruz qalanlar əsasən
qızlar olurlar. Hamiləliklərin ardıcıllığında müşahidə olunan fərqlər də bunu təsdiq
edir. İlk hamiləliklərdə abortların əmsalı 1 %,
ikincidə 17 %, üçüncüdə 55 % və sonrakı hamiləliklərdə 70 % olması buna
sübutdur.
8. Azərbaycanda qanunsuz
abortetmə səviyyəsinin yüksək, müvafiq orqanların hüquqi məsuliyyətinin və xalqın kontraseptiv vasitələrdən istifadə səviyyəsinin aşağı
olması, selektiv
abortların artmasına, qadınların fiziki-psixoloji sağlamlığının ortadan
qalxmasına, ana ölümlərinin və qadın intihar hallarının artmasına səbəb olur.
Bunun üçün, kontraseptiv
üsulların istifadəsini artırmaq və bu istiqamətdə maarifləndirmə işləri həyata
keçirilməsi, cinayət məcəlləsinin 141-ci maddəsində qanunsuz abortetməyə qarşı
ağırlaşdırıcı hallar salınması və cinayət məsuliyyətinin artırılması, gender bərabərsizliyinə
şərait yaradan bütün cəhalət
hallarına qarşı mübarizəyə cəmiyyətin bütün təbliğat vasitələrinin səfərbər
olunması, xüsusilə, din xadimlərinin bu işdə daha fəal iştirak etməsi, selektiv
abortların fiziki və psixoloji fəsadları barədə mütəxəssislərin fikirlərinin
KİV-də geniş təbliğ olunması labüddür.
9.
XX əsrin 80-ci
illərindən başlayaraq selektiv abortlar sürətlə artmışdır. Çünki həmin dövrdə
artıq USM tətbiq olunmağa başlamışdır. Bu baxımdan, USM-in meydana çıxması əhalinin
gender balansının normal səviyyədən (100-107), qeyri-normal səviyyəyə (100-118)
qalxmasına səbəb olmuşdur. Buna görə də, USM ilə bağlı bəzi məhdudiyyətlərin
olması məqsədəuyğundur.
10. Selektiv
abortlar hamiləliyin daha gec dövründə baş verdiyi üçün, onun qadınların fiziki
və psixoloji sağlamlığına təhlükəsi daha çoxdur. Hətta, selektiv abortlar nəticəsində
ölüm və intihar halları da az deyildir.
11. Azərbaycanda 15-20 yaşadək müşahidə olunan gender
disbalansı, növbəti evlilik yaş dövrlərində bərabərləşir. Bunu, cinslərarası
nisbətdə müşahidə olunan fərqin başqa ölkələrə miqrasiyası ilə bağlıdır. Biz, həmin
miqrantların geriyə döndüklərini təsəvvür etsək, ölkədə gender disbalansının
hansı səviyyəyə çatacağını ehtimal edə bilərik. Kişilərin sayının həddən artıq
çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi ilə nəticələnir. Bu
da öz növbəsində cinayətkarlıq statistikasının ikiqat artması, zorakı davranış
hallarının, aqressiyanın geniş yayılması, qız qaçırma, insan alveri, zorlama və
fahişəlik kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir. Lakin,
miqrantların kütləvi şəkildə geri dönmək ehtimalı zəifdir. Çünki onlar
immiqrasiyada olduğu ölkələrdə demoqrafik ölümün qarşısını alır və iqtisadi
inkişafa təkan verirlər. Hər bir halda, Azərbaycanda gender balansının
qorunması istiqamətində strateji siyasət həyata keçirilməlidir.
12.
Azərbaycanda bəzi tibbi istisnalar olmaqla 12 həftədən sonra abort etmək
qeyri-qanunidir. Bu baxımdan, ölkədə selektiv abortların qarşısı hüquqi olaraq
alınmışdır. Çünki hamiləliyin 12 həftəliyində USM embrionun cinsiyyətini müəyyən
edə bilmir. Lakin, reallıq göstərir ki, Azərbaycanda selektiv abortlar geniş tətbiq
olunur. Deməli, qanunun icrasında boşluq vardır.
13. İslam dininin selektiv abortlara münasibətinin birmənalı
şəkildə neqativ olmasına baxmayaraq, bu kimi hallar cəmiyyətdə yayılır. Bu, cəmiyyətdə
islami dəyərlərin zəiflədiyini və islam dini barədə maarifçiliyin aşağı səviyyədə
olmasını göstərir. Bu baxımdan, islam dinində gender məsələləri ilə bağlı tədqiqat
işlərinin aparılmasına və onların cəmiyyətdə təbliğ olunmasına ehtiyac vardır.
14. Azərbaycanın bəzi
bölgələrində və həmin bölgələrdən olan insanlar arasında ənənəvi patriarxal
stereotiplər və gender bərabərsizliyi prinsipləri üstünlük təşkil edir. Buna
görə də, kişi = qadın + 1 formulu
üzrə gender bərabərliyinin maarifləndirmə yoluyla inkişaf etdirilməsi vacibdir.
15. Selektiv
abortlar istənilən ölkədə doğulan uşaqların cinsə görə nisbətinin ciddi şəkildə
oğlan uşaqlarının xeyrinə pozulmasına gətirib çıxarır. Bu fenomenlə bağlı aparılmış
ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə
əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib
çıxara bilər. Bu problemin illərlə davam etdiyi Hindistan və Çinin təcrübəsi
göstərir ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün
partnyor tapa bilməməsi ilə nəticələnir və bu da öz növbəsində cinayətkarlıq
statistikasının ikiqat artması, zorakı davranış hallarının geniş yayılması, gəlin
qaçırma, insan alveri, zorlama və fahişəlik kimi bir sıra mənfi hallarla sıx şəkildə
əlaqəlidir.
16. Aparılan sosioloji
tədqiqatın nəticələri və KİV-dən əldə etdiyimiz hadisələrin təhlili göstərir
ki, modernləşmənin və gender bərabərliyinin zəif inkişaf etdiyi bəzi bölgələrdə
bəzi patriarxal ənənələr hələ də mövcuddur. Onların mövcudluğunu təmin edən amillər
bəzi bölgələrdə hökm sürən gender bərabərsizliyi hallarıdır. Onların aradan
qaldırılması üçün, qadınların təhsil səviyyəsinin yüksəldilməsi və onların
sosial işlərlə məşğulluq səviyyəsinin artırılması zəruridir.
17. Ölkədə sosial və tibbi
sığortanın inkişaf etdirilməsi, dəfn mərasimlərinin dövlət himayəsinə
keçirilməsi və tənzimlənməsi mühüm şərtləndəndir. Bunları həyata keçirən sosial
dövlət tədbirləri artdıqca, bütün gender bərabərsizliyi halları, həmçinin,
selektiv abortlar da tədricən ortadan qalxacaqdır. Çünki ictimai şüurda kök
salan gender stereotipləri öz gücünü sosial dövlətin zəifliyəndən alır.
Rauf Məmmədov
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi
11:52 19.06.2025
Oxunuş sayı: 1806
