Orta balların arxasında daha maraqlı bir hekayə var: Bakıdakı yüksəliş bir neçə elit məktəbin hesabına baş verməyib, yüksək səviyyəli riyazi düşünmə yalnız paytaxtda cəmlənməyib, ailənin sosial-iqtisadi vəziyyəti uşağın akademik taleyini tam müəyyən etmir və Azərbaycan daxilində beynəlxalq səviyyəyə çatan məktəb ekosistemləri artıq mövcuddur.
PISA nəticələri açıqlananda ictimai müzakirə adətən bir neçə rəqəmin ətrafında qurulur: Azərbaycan neçə bal topladı, OECD ortalamasından nə qədər geridə qaldı, Bakı əvvəlki dövrlə müqayisədə neçə bal irəlilədi? Bunlar vacib suallardır. Amma PISA kimi zəngin bir məlumat bazasını yalnız orta ballarla oxumaq, iqtisadiyyatı yalnız ÜDM rəqəmi ilə izah etməyə bənzəyir. Orta göstərici sistemin harada olduğunu deyir, amma onun içində nə baş verdiyini çox vaxt gizlədir.
Bu yazıda ayrı-ayrı şagird və məktəblərin nəticələrinə əsaslanan PISA 2025-in mikrodata adlanan dərin məlumat bazasının təhlilinə əsaslanır. Bu baxış ictimai müzakirədə az görünən, amma daha maraqlı məsələləri üzə çıxarır.
PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) OECD-nin hər üç ildən bir keçirdiyi beynəlxalq qiymətləndirmədir. O, 15 yaşlı şagirdlərin məktəbdə öyrəndiklərini real həyat məsələlərində nə dərəcədə tətbiq edə bildiyini ölçür və üç əsas istiqaməti əhatə edir: riyaziyyat, oxu və təbiət elmləri.
2025-ci ildə dünyanın 91 ölkə və regionundan 760 mindən çox şagird, o cümlədən Azərbaycanın 241 məktəbindən 7 432 şagird iştirak edib. Vacib bir detal: əvvəlki iki dövr (2018 və 2022) yalnız Bakıda keçirilmişdi. 2025-də isə ilk dəfə bütün ölkə — bütün iqtisadi rayonlar — əhatə olunub. Buna görə illər üzrə müqayisə Bakı üzrə aparılır.
| Göst ə rici | İzah |
|---|---|
| 460 bal | Bakı · riyaziyyat (+63, 2022-d ə 397 idi ) |
| 440 bal | Bakı · t ə bi ə t elml ə ri (+60, 2022-d ə 380 idi ) |
| 405 bal | Bakı · oxu (+40, 2022-d ə 365 idi ) |
| 422 / 409 / 374 | Ölk ə üzr ə · riyaziyyat / elm / oxu |
Kontekst üçün vacib məlumat: eyni dövrdə OECD ölkələrinin orta göstəriciləri PISA tarixindəki ən aşağı səviyyəyə düşüb. Dünyanın ümumi geriləmə fonunda Azərbaycan irəliləyən azsaylı ölkələrdən biri olub və artım tempinə görə dünyada 2-ci yerdə qərarlaşıb.
Əsas xəbər orta balda deyil, bütün məktəblərin irəliləməsidir
Bakıda riyaziyyat üzrə 63 ballıq artım çox böyük rəqəmdir. Belə bir sıçrayış görəndə ağlabatan ilk şübhə yaranır: bəlkə 2025-ci ildə nümunəyə daha çox güclü məktəb düşüb və nəticəni məhz onlar yuxarı çəkib?
PİSA mikrodatasının təhlili bu şübhəni ciddi şəkildə zəiflədir. Bakı məktəblərini aşağı, orta və yüksək nəticəli qruplara ayırdıqda görünür ki, 2025-də yalnız ən güclü məktəblər deyil, demək olar ki, bütün məktəb paylanması daha yüksək nəticəyə doğru sürüşüb.
Bu qrafikin ən vacib hissəsi əslində 540 bal deyil. Ən vacib hissə 403 və 444-dür. Çünki onlar göstərir ki, yaxşılaşma bir neçə "superməktəbin" işi deyil. Ən güclü məktəbləri analizdən çıxarsaq belə, qalan məktəblərin orta 80%-də riyaziyyat və təbiət elmləri üzrə artım təxminən 55 bal olaraq qalır.
Eyni zamanda bir nüansı qeyd ermək lazımdır ki, ən yüksək nəticəli məktəblər daha sürətlə irəliləyib. Bu, bir tərəfdən "mükəmməllik bazasının" böyüdüyünü, digər tərəfdən gələcəkdə məktəblər arasındakı fərqin genişlənə biləcəyini göstərir.
Bu artım statistik illüziya ola bilərmi?
Böyük bir artım görəndə ciddi yanaşma onun alternativ izahlarını da yoxlamağı tələb edir. Nümunənin tərkibi dəyişibmi? Güclü məktəblərin çəkisi həddən artıq böyükdürmü? 2025-də daha asan tapşırıqlar istifadə olunubmu?
Mikroməlumat üzərində aparılmış bir neçə yoxlama bu suallara cavab verir:
| Yoxlama | N ə baş verdi ? | N ə tic ə |
|---|---|---|
| Nümun ə nin t ə rkibinin uyğunlaşdırılması | 2025 Bakı nümun ə si 2022 il ə sinif , proqram , g ender v ə test dili üzr ə uyğunlaşdırıldı | Artım dem ə k olar ki, d ə yişm ə di |
| "Top m ə kt ə b " testi | Ə n yüks ə k n ə tic ə li m ə kt ə bl ə r k ə narlaşdırıldı | Orta 80% m ə kt ə bd ə riyaziyyat v ə elmd ə artım ≈55 bal qaldı |
| Ortaq PISA tapşırıqları | 2022 v ə 2025-d ə eyni kodla istifad ə olunmuş suallar müqayis ə edildi | 2025 üstünlüyü geniş tapşırıq d ə stind ə davam etdi |
| Ç ə kil ə rin yoxlanması | L5+ n ə tic ə nin ə sas hiss ə sini yaradan m ə kt ə bl ə rin nümun ə v ə ə hali ç ə kil ə ri müqayis ə edildi | Konsentrasiya anormal ç ə kil ə rd ə n yaranmır |
Bu yoxlamalar artımın səbəbini müəyyən etməsə də "artım yalnız statistik konstruksiyadır" fərziyyəsini xeyli zəiflədir.
Bu fərq vacibdir. Elm bizə öyrədir ki, əvvəlcə hadisənin real olub-olmadığını, sonra isə səbəbini soruşaq. Birinci suala görə, Bakıdakı irəliləyiş kifayət qədər möhkəmdir. İkinci sual — bunu hansı məktəb, müəllim, kurikulum və idarəetmə mexanizmləri yaradıb — ayrıca tədqiqat tələb edir.
"Koqnitiv bacarıq artıb" nə deməkdir?
PISA IQ testi deyil və şagirdin dəyişməz "intellektini" ölçmür. PISA-da yüksək bacarıq səviyyəsi o deməkdir ki, şagird mürəkkəb informasiyanı emal edə, qeyri-adi problemi həll edə, model qura, strategiya seçə və biliyi yeni vəziyyətdə tətbiq edə bilir. 5-ci və 6-cı səviyyə (Level 5 və Level 6) məhz ən çətin tapşırıqların öhdəsindən gələn "ən yüksək performans" qrupudur.
Azərbaycanın riyaziyyat nəticələri bu baxımdan maraqlı siqnal verir:
| Göst ə rici | İzah |
|---|---|
| 4,7% | Ölk ə üzr ə L5+ riyaziyyat şagirdl ə ri |
| 8,1% | Bakıda |
| 6,7% | Abşeron – Xızıda |
| 2,6% | Qalan bölg ə l ə rd ə |
Pozitiv nəticə təkcə 4,7 faiz rəqəmi deyil. Əlavə məktəb səviyyəli analiz göstərir ki, PİSA-da iştirak edən 241 məktəb arasında riyaziyyatda 75 məktəbdə ən azı bir L5+ şagird, 41 məktəbdə ən azı iki, 16 məktəbdə isə ən azı beş belə şagird var. Nəzərə almaq lazımdır ki, bu göstərəcilər yalnız PİSA-da iştirak etmiş 7432 şagird münasibətdə aktualdır. PİSA-da iştirak üçün xüsusi metodologiya əsasında seçilmiş L5 və L6 şagird yetişdirən məktəblərin sayının mövcud mikrodata əsasında PISA hədəf populyasiyasına, yəni bütün ölkə məktəblərinə statistik inferensiyası mümkün deyil. Lakin bu cür şagirdlərin sayının 95% əminliklə 5500 nəfərdən çox olduğunu deyə bilərik.
Bu, çox mühüm fərqi ortaya çıxarır: Azərbaycanın problemi yüksək səviyyəli riyazi düşünmənin ümumiyyətlə olmaması deyil. Belə performans yaradan real şagirdlər və real məktəblər var. Problem potensialın çox qeyri-bərabər inkişaf etməsidir.
Yüksək səviyyəli şagirdlərin üçdə biri Bakı–Abşerondan kənardadır
Bəlkə də mikrodatadan çıxan ən mühüm, amma ictimai müzakirədə az görünən nəticələrdən biri budur: ölkənin bütün yüksək səviyyəli riyaziyyat şagirdlərinin (L5+) təxminən 54,7 faizi Bakıda, 13,4 faizi Abşeron–Xızıda, 31,9 faizi isə qalan bölgələrdədir.
Metropoliten zona (Bakı + Abşeron–Xızı) ölkədəki 15 yaşlıların təxminən 41 faizini təşkil edir və yüksək nəticəli şagirdlərin qeyri-proporsional böyük hissəsini özündə cəmləyir. Amma bunun əks tərəfi də var: yüksək səviyyəli riyazi düşünmə nümayiş etdirən hər üç şagirddən biri metropoliten zonadan kənarda yaşayır.
Daha da maraqlısı: milli L5+ nəticələrinin yarısını yaradan ən güclü 11 məktəb vahidindən üçü Bakı və Abşeron–Xızıdan kənardadır.
Regionlar haqqında müzakirələrdə tez-tez "orada potensial yoxdur" kimi görünməz bir fərziyyə var. PISA məlumatları başqa şey deyir: potensial var, amma onun yüksək nəticəyə çevrilməsi sistematik deyil. Bu fərq vacibdir — potensialın olmadığı sistemdə sıfırdan insan kapitalı yaratmaq lazımdır; potensialın mövcud, amma zəif inkişaf etdiyi sistemdə isə əsas vəzifə onu tanımaq, qorumaq və genişləndirməkdir.
Sosial-iqtisadi status çox şey izah edir — amma taleyi müəyyən etmir
PISA mikroməlumatlarının bəlkə də ən maraqlı hissəsi sosial-iqtisadi statusla bağlıdır. PISA ailələrin sosial-iqtisadi-mədəni vəziyyətini ESCS adlanan bir indekslə ölçür. Bu indeks valideynlərin təhsilini, peşəsini və evdəki resursları birləşdirir.
Azərbaycanda ən yüksək sosial-iqtisadi qrupdakı (yuxarı 25%) şagirdlər ən aşağı qrupdakılardan riyaziyyatda təxminən 73, təbiət elmlərində 63, oxuda 56 bal yüksək nəticə göstərir. Bu böyük fərqdir və bütün dünyada sosial üstünlük təhsil nəticələrində ciddi üstünlüyə çevrilir.
Amma məlumatın başqa tərəfi daha ümidvericidir. Məktəbin orta sosial-iqtisadi statusu ilə nəticəsi arasındakı əlaqə riyaziyyatda təxminən 0,66, təbiət elmlərində 0,68, oxuda 0,67-dir. Bu güclü əlaqədir, amma mükəmməl deyil. Eyni sosial-iqtisadi profildə çox fərqli nəticə göstərən məktəblər var. Mikroməlumat məhz bu məktəbləri — sosial tərkibinə görə gözləniləndən yüksək nəticə yaradan "pozitiv kənara çıxan" (positive deviant) məktəbləri — öyrənmək imkanı verir.
Hətta milli L5+ hovuzunun yarısını yaradan top 11 riyaziyyat məktəbi arasında aşağı sosial-iqtisadi göstəriciyə malik məktəblər də var. Həmin məktəblərin orta riyaziyyat nəticəsi təxminən 577 baldır.
Bu faktın əhəmiyyəti böyükdür: yüksək performans yüksək sosial-iqtisadi statusun mexaniki və qaçılmaz nəticəsi deyil. Aşağı sosial status riski artırır, amma məlumat göstərir ki, məktəbin təşkili, müəllim kapitalı, akademik gözləntilər və digər institusional mexanizmlər müəyyən hallarda sosial dezavantajı qismən kompensasiya edə bilir.
Bu, sosial siyasət üçün pessimist deyil, optimist nəticədir. Əgər ailənin gəliri və valideyn statusu uşağın nəticəsini tam müəyyən etsəydi, təhsil sisteminin müdaxilə imkanları çox məhdud olardı. Mikrodata isə göstərir ki, eyni sosial başlanğıc nöqtəsi çox fərqli akademik sonluqlar verə bilər.
Aşağı sosial-iqtisadi statuslu ailələrin övladları arasında da yüksək riyazi istedad var
Ən aşağı sosial-iqtisadi qrupda (Q1) riyaziyyatda 5-ci səviyyə və yuxarıya çatan şagirdlərin payı təxminən 1,5 faizdir. Ən yüksək qrupda (Q4) bu göstərici 8,5 faizə çatır.
8,5 ilə 1,5 arasındakı fərq sosial bərabərsizliyin nə qədər böyük olduğunu göstərir. Amma 1,5 rəqəminin özü də ayrıca mesajdır: aşağı sosial-iqtisadi statuslu ailələrin övladları arasında da mürəkkəb riyazi problemləri həll edə bilən uşaqlar var.
Deməli, "istedad" yalnız yuxarı təbəqədə yaranmır. Əsas fərq potensialın mövcudluğunda deyil, potensialın tanınması və inkişaf etdirilməsi ehtimalındadır. Gələcək "istedad siyasəti" məhz elə qurulmalıdır ki, aşağı gəlirli məktəblərdə yüksək potensiallı uşaqlar erkən müəyyənləşdirilsin və onla adi sinif daxilində daha yüksək koqnitiv tələblərlə qarşılaşdırılsın. Bu, böyük insan kapitalı mənbəyi ola bilər.
Regionlarda maraqlı "davamlılıq" (resilience) nümunələri
Regionların nəticələrinə yalnız orta balla baxdıqda Bakı və Abşeron aydın şəkildə qabaqdadır. Amma sosial-iqtisadi statusu da nəzərə aldıqda bəzi regionlar daha maraqlı görünməyə başlayır.
Naxçıvanlı şagirdlərin ailə sosial-iqtisadi profili OECD orta səviyyəsindən nəzərəçarpacaq dərəcədə aşağı olsa (-0.5) da, region təbiət elmlərində 420,8 balla ölkə üzrə yuxarı qrupda (Bakı və Abşerondan sonra) yerləşir. Dağlıq Şirvanın orta göstəricisi təxminən −1,0 səviyyəsində olduğu halda, təbiət elmləri üzrə təxminən 402,5 bal göstərir.
QEYD: 0 OECD üzrə orta sosial-iqtisadi mövqeni, +1 həmin ortadan təxminən bir standart sapma yuxarını, −1 isə bir standart sapma aşağını göstərir.
Bu regionları "uğur hekayəsi" elan etmək üçün əlavə analiz lazımdır. Amma onlar yaxşı tədqiqat obyektləridir. Təhsil siyasətində çox vaxt zəif nəticələr araşdırılır. Halbuki bəzən ən çox öyrəniləsi obyekt məhz statistik modelin gözlədiyindən daha yaxşı nəticə verən sistemdir.
31 məktəb göstərir ki, beynəlxalq səviyyəli məktəb performansı Azərbaycanda artıq mövcuddur
ESCS analizinin ən maraqlı nəticələrindən biri yüksək sosial-iqtisadi statuslu (Q4) şagirdlərin məktəblər üzrə müqayisəsindən gəlir. Azərbaycanda Q4 şagirdlərinin oxuduğu məktəblərin nəticələri son dərəcə geniş diapazonda dəyişir:
Müqayisə üçün: OECD-də yüksək sosial-iqtisadi statuslu şagirdlərin orta riyaziyyat nəticəsi təxminən 512 baldır. Mikroməlumat analizində 31 Azərbaycan məktəbi bu meyara çatır.
Bu nəticə iki fərqli məsələdən xəbər veriri. Birincisi, hətta ailə sosial üstünlüyünü sabit saxlamağa çalışsaq belə, uşağın hansı məktəbdə oxuduğu ilə nəticə arasında çox böyük fərq var — Q4 daxilində ən aşağı və ən yüksək nəticəli məktəblər arasındakı riyaziyyat fərqi 165 baldır. İkincisi və ən vacibi: Azərbaycan daxilində OECD-nin yüksək sosial-iqtisadi qrupunun orta nəticəsinə çatan məktəblər artıq mövcuddur.
"Mükəmməllik adaları"nı problem kimi deyil, laboratoriya kimi görmək lazımdır
Mikroməlumat Azərbaycanın PISA sistemində açıq şəkildə "mükəmməllik adaları"nın olduğunu göstərir. Riyaziyyatda milli L5+ şagirdlərin yarısını cəmi 11 məktəb yaradır. Bu məktəblər nümunədə şagirdlərin təxminən 6,9 faizini, çəkilənmiş əhalinin isə 6,3 faizini təmsil edir, amma ölkənin yüksək performanslı riyaziyyat şagirdlərinin yarısını verir.
Bu konsentrasiya ilk baxışda bərabərsizlik problem olsa da, ona başqa prizmadan da baxmaq olar. Əgər ölkənin daxilində orta hesabla 577 bal ətrafında riyaziyyat nəticəsi yarada bilən məktəblər varsa, deməli belə məktəb yaratmaq mümkündür.
Əsas sual isə ondan ibarətədir ki, həmin məktəblərdə nə baş verir? Şagird seçimi nə qədər rol oynayır? Müəllimlərin akademik profili necədir? Riyaziyyat dərslərində tapşırıq dizaynı adi məktəbdən nə ilə fərqlənir? Məktəb rəhbərliyi müəllim əməkdaşlığını necə təşkil edir? Şagirdlər neçə saat əlavə dərs alır? Yüksək koqnitiv tələblərlə qarşılaşma neçə yaşdan başlayır? Məhz bu suallar həmin 11 məktəbi sadəcə "elit məktəb" yox, təhsil siyasəti laboratoriyasına çevirə bilər.
Əlbəttə, onların bütün uğuru köçürülə bilməz. Selektiv qəbul nəticənin mühüm hissəsini yaradırsa, onu bütün sistemə köçürmək mümkün deyil. Amma müəllimlərin birgə dərs planlaması, tapşırıq dizaynı, formativ qiymətləndirmə, yüksək gözlənti mədəniyyəti, rəhbərlik, mentorluq və şagirdlər üçün koqnitiv çətinlik kimi komponentlər köçürülə bilər.
PISA 2025-dən çıxan əsas pozitiv nəticə təkcə bal deyil
Azərbaycanın PISA 2025 nəticələrində problemlər az deyil. Milli orta OECD ortalamasından aşağıdır. Oxu xüsusilə zəifdir. Məktəblərin sosial tərkibi nəticələrlə çox güclü əlaqəlidir. Regionlar arasında böyük fərqlər var.
Amma həmin məlumatların başqa mesajını da görməmək eyni dərəcədə yanlış olardı. PISA 2025 göstərir ki, Azərbaycanda yüksək performans mümkündür.
- Bakı yalnız bir neçə elit məktəbin hesabına deyil, məktəblərin geniş hissəsində ciddi irəliləyiş göstərib.
- Mürəkkəb riyazi problemləri həll edə bilən real L5+ şagird bazası var.
- Bu şagirdlərin təxminən üçdə biri Bakı–Abşeron zonasından kənarda yaşayır.
- Ən aşağı sosial-iqtisadi qrupda belə yüksək səviyyəli riyazi performans göstərən uşaqlar var.
- Mənfi sosial-iqtisadi göstəricili məktəblər ən yüksək performans qrupuna daxil ola bilir.
- Azərbaycan daxilində OECD-nin sosial cəhətdən üstün şagirdlərinin orta riyaziyyat göstəricisinə çatan onlarla məktəb artıq mövcuddur.
Nəticə: üç istiqamət
Azərbaycan üçün növbəti PISA mərhələsinin ən doğru formulu bəlkə də orta balı neçə punkt artırmaq deyil. Daha mənalı strategiya üç prosesi paralel idarə etməkdir: minimum səriştə bazasını yüksəltmək, yüksək performans bazasını genişləndirmək və uşağın sosial mənşəyinin hansı məktəbə düşəcəyini və nə qədər inkişaf edəcəyini daha az müəyyən etdiyi sistem qurmaq.
PISA-nın bəlkə də Azərbaycan üçün ən qiymətli mesajı reytinq cədvəlində hansı pillədə olduğumuz deyil. Ən qiymətli mesaj budur ki, gələcəkdə olmaq istədiyimiz sistemin bəzi elementləri artıq bu gün Azərbaycanın öz məktəblərinin daxilində mövcuddur. Onları tapmaq, anlamaq və yaymaq qalır.