Böyük Britaniyanın gələcəyi təhlükədə? Müstəqillik ideyası yenidən güclənir
Böyük Britaniyanın tərkibində olan Şotlandiya, Uels və Şimali İrlandiyada müstəqillik tərəfdarı qüvvələrin fəallığı yenidən diqqət mərkəzinə gəlib. Bu ərazilərdə müstəqillik ideyası uzun illərdir mövcuddur və bəzi dövrlərdə proses daha radikal mərhələyə keçib. Xüsusilə Şimali İrlandiyada müstəqillik və birləşmə məsələsi uzun müddət silahlı qarşıdurmalarla müşayiət olunub. Hazırda isə hər üç ərazidə siyasi müstəvidə müstəqillik istiqamətində müxtəlif cəhdlərin mövcud olduğu bildirilir. Bu proses Böyük Britaniyanın gələcək siyasi bütövlüyü ilə bağlı müzakirələri də yenidən aktuallaşdırır. Ekspertlər hesab edirlər ki, proses mürəkkəbləşsə də, yaxın perspektivdə ölkənin parçalanması real görünmür.

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, Şotlandiya, Uels və Şimali İrlandiyada müstəqillik hərəkatları uzun tarixə malikdir: “Böyük Britaniyanın tərkibinə daxil olan bu üç ərazi vahidində həmişə müstəqillik hərəkatı mövcud olub. Hətta bu hərəkat bir çox hallarda separatizm və terrorizm elementləri ilə də yüklənib. Uzun müddət Böyük Britaniya ordusu həmin ərazi vahidlərində olan radikal silahlı qruplaşmalara qarşı mübarizə də aparıb. Yəni bu, uzun müddətdən bəri davam edən bir prosesdir. Əvvəl-axır bu proseslə bağlı hansısa həlledici mərhələnin başlaya biləcəyi qətiyyən istisna edilmir. Belə anlaşılır ki, hazırda həm Şotlandiya, həm Uels, həm də Şimali İrlandiyada müəyyən müstəqillik addımlarının atılmasına yönəlik cəhdlər mövcuddur. Böyük Britaniya kifayət qədər güclü dövlətdir və dünyanın idarə olunmasında həlledici mövqeyə malikdir. Ona görə də ehtimal etmək olar ki, rəsmi London bu situasiyadan uyğun çıxış yollarını tapmağı bacaracaq. Yəni hələlik, indiki mərhələdə Böyük Britaniyanın parçalanacağı və bu ölkədən ayrılan üç ərazi vahidinin yeni müstəqil dövlətlərə çevrilə biləcəyi o qədər də inandırıcı görünmür. Bununla belə, bu prosesin daha qabarıq və qəliz bir mərhələyə daxil olduğu da inkaredilməz reallıqdır”.
Zeynəb Həsən
15:00 14.09.2026
Oxunuş sayı: 62