Bakıda 4 avtobus marşrutunun dayanacağı dəyişdirilir- SİYAHI
Sərnişin axınının səmərəli idarə olunması, xətlərdə intervalın tənzimlənməsi və nəqliyyat qovşaqlarında sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Crossmedia.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, metronun "20 Yanvar" stansiyasının ətrafında və "Şamaxinka" adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması aparılaraq sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi təmin edilir.
Bu məqsədlə noyabrın 2-dən 102, 130, 142 və 159 nömrəli marşrutlar Sumqayıt istiqamətində "20 Yanvar" metrostansiyasının yaxınlığında, Moskva prospektindəki "14 saylı notariat ofisi"nin yanında mövcud olan dayanacaq məntəqəsindən çıxarılır.
Xocəsən və Sulutəpə qəsəbələri istiqamətində getmək üçün 102 və 159 nömrəli marşrutların sərnişinləri avtobuslara "20 Yanvar" metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında) mövcud olan başlanğıc dayanacaq məntəqəsində, yaxud "Şamaxinka" adlanan ərazidəki ("Alov zavodu" ilə üzbəüz) dayanacaqda minə bilərlər.
130 və 142 nömrəli marşrutların sərnişinləri isə "20 Yanvar" metrostansiyasının yaxınlığında, Moskva prospektindəki "Azərbaycanfilm Kinostudiyası" dayanacaq məntəqəsindən istifadə edə bilərlər. Bu marşrutların Lökbatan qəsəbəsi və Masazır kəndi istiqamətində növbəti dayanacağı "Şamaxinka" adlanan ərazidə ("Alov zavodu" ilə üzbəüz) mövcud olan məntəqədir.
Xatırladaq ki, marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması tədbirləri çərçivəsində bundan öncə 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Moskva prospektində yerləşən "14 saylı notariat ofisi"nin yanındakı dayanacaq məntəqəsindən çıxarılmışdır.
Həyata keçirilən tədbirlər paytaxtın yol-nəqliyyat infrastrukturunda hərəkətin səmərəliliyinin artırılmasına, ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsinə və sərnişinlərin mənzil başına daha rahat çatdırılmasına xidmət edir.
09:42 30.10.2026
Oxunuş sayı: 275