Yeni Suraxanı–Hövsan dəmir yolu bərpa olunur
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası nəzərdə tutulur, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb.
Crossmedia.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ADY "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı"nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirir: "Dövlət Proqramında Bakı ətrafı ərazilərdə dəmiryol nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar və Qaradağ–Güzdək dəmir yolu xətləri ilə yanaşı, Yeni Suraxanı–Hövsan xəttinin bərpası nəzərdə tutulur. Qeyd olunan dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb".
B.Hacıyev qeyd edib ki, Yeni Suraxanı–Hövsan xətti üzrə layihələndirmə işlərinin 30 %-i yekunlaşıb: "Bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə 111 mülkiyyətçi qeydiyyata alınıb, onlarla müvafiq protokollar imzalanıb, kompensasiyalar ödənilib. Bu xətt üzrə mühafizə zonasına düşən obyektlərin söküntü işləri başa çatıb, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə çəpərləmə işlərinə başlanılıb. Bu xətt boyunca stansiyalar üzrə optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub. Yeni Suraxanı–Hövsan xəttində ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır. Bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək. Hər stansiyada piyada keçidlərinin, eyni zamanda, avtomobil yolları ilə kəsişmədə bir neçə müxtəlif səviyyəli körpünün inşası nəzərdə tutulur".
10:16 30.10.2026
Oxunuş sayı: 54