Oyun oynayıb öyrənmək təhlükəli imiş - Sən demə...
Tədris prosesində oyunlaşdırma tələbələrin marağını artırsa da, bu üsula həddindən artıq aludəçilik narahatlıq və emosional tükənmə riskini yüksəldə bilər.
Crossmedia.az xəbər verir ki, Çinin Şandun Birinci Tibb Universiteti və Honkonq Universitetinin tədqiqatçıları sağlamlıq sahəsində oyunlaşdırılmış təlimlərdə iştirak edən 350 tələbə arasında araşdırma aparıblar. Nəticələr Frontiers in Public Health jurnalında dərc olunub.
Araşdırmaya görə, oyunlara orta səviyyədə cəlb olunmaq emosional vəziyyəti sabitləşdirməyə kömək edir. Lakin həddindən artıq iştirak psixoloji gərginlik yaradır, motivasiyanı zəiflədir və tükənmə riskini artırır.
Tədqiqatçılar rəqəmsal savadlılığın bu riskləri azaltmağa kömək etdiyini müəyyənləşdiriblər. Rəqəmsal alətlərdən daha inamlı istifadə edən tələbələrdə motivasiya itkisi ilə tükənmişlik arasındakı əlaqə daha zəif olur.
Alimlər tədris proqramlarında çətinlik səviyyəsinin tələbələrə uyğunlaşdırılmasını, fasilələrin verilməsini və emosional özünütənzimləməni dəstəkləyən mexanizmlərin tətbiqini tövsiyə edirlər. Onların fikrincə, oyunlaşdırılmış təlimin səmərəliliyi yalnız motivasiyadan deyil, həm də istirahət və bərpa imkanlarından asılıdır.
08:50 30.10.2026
Oxunuş sayı: 49