Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın noyabrın 4-dən — Rusiyada qeyd olunan Milli Birlik Günündən sonra ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu rəsmən bəyan edib. Kremlin xarici siyasət üzrə rəsmisinin bildirdiyinə görə, gələcək danışıqlar mərhələsinin Abu-Dabi və ya İsveçrədə keçirilməsi, eləcə də ilk görüşün daha çox şərtlər və təkliflərin sınaqdan keçirildiyi kəşfiyyat xarakterli bir masaya çevriləcəyi proqnozlaşdırılır. Lakin Moskva tərəfi diplomatik korpuslar vasitəsilə verilən bu anonsda qarşıdakı sülh təşəbbüslərindən ani və kütləvi gözləntilərin olmaması barədə açıq xəbərdarlıq edib. Əsasən Tramp administrasiyasının vasitəçilik səyləri və Vaşinqtonun müharibəni dayandırmaq üçün göstərdiyi təzyiqlər fonunda gündəmə gələn bu üçtərəfli format beynəlxalq geopolitika analitiklərinin əsas müzakirə mövzusudur. Xüsusən də cəbhə xəttində hərbi əməliyyatların davam etməsi, tərəflərin qarşılıqlı güzəştə getmək istəməməsi və ən başlıcası Donbas ərazisinin gələcək hüquqi-siyasi taleyi diplomatik kanallarda əsas ziddiyyətli məqam kimi qalmaqdadır. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ-nin bu təklifi ilə bağlı məlumatlandırıldıqlarını və masada iştiraka qarşı olmadıqlarını bildirsə də, tərəflərin prinsipial mövqeləri real sülh razılaşmasının əldə olunmasını mürəkkəbləşdirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Asif Nərimanlı üçtərəfli danışıqların bərpa olunma ehtimallarını, Vaşinqtonun seçkiöncəsi hesablamalarını və tərəflər arasındakı həll olunmayan Donbas düyünü ətraflı şərh edib:

"Ukrayna məsələsi ilə bağlı üçtərəfli danışıqların bərpasının real nəticələr verəcəyi ehtimalı kəskin şəkildə zəifdir. Əvvəlki təcrübələr, tərəflərin prinsipial tələbləri və mövcud reallıqlar bunun nə qədər çətin olduğunu nümayiş etdirir. Buna baxmayaraq, diplomatik danışıqların davam etdirilməsi niyyəti doğrudan da Amerikanın tələbi ilə yaradılan bir prosesdir. Tramp administrasiyası diqqəti yenidən Ukrayna məsələsinə yönəldərək noyabrda keçiriləcək konqresə aralıq seçkiləri öncəsi daxili auditoriyaya və Amerika elitasına Vaşinqtonun sülh prosesində irəliyə doğru addım atdığını göstərmək istəyir".
Politoloq tərəflərin masa arxasındakı taktikalarını və iqtisadi-enerji hesablaşmalarını diqqətə çatdırıb:
"Hazırda nə Rusiya, nə də Ukrayna danışıqlar masasından ilk çəkilən tərəf olmaq istəmir, çünki hər ikisi sülh tərəfdarı kimi görünməyə çalışır. Burada həm də ABŞ və Rusiyanın yanacaq bazarı ilə bağlı müəyyən anlaşma axtarışı mövcuddur. Tramp administrasiyası Amerikadakı yanacaq qiymətlərinin artımı fonunda bu məsələnin həll olunduğunu göstərməyə çalışır və bunun qarşılığında məsələnin Rusiyanın istəklərinə müvafiq həlli tələbini irəli sürür. Lakin danışıqlarda yeganə və ən böyük həll olunmayan məsələ Donbasın taleyidir".
Asif Nərimanlı Donbas ərazisi üzərindəki əsas ziddiyyəti və konstitusion maneələri vurğulayaraq fikrini yekunlaşdırıb:
"Rusiya Ukrayna ordusunun nəzarətində olan Donbas torpaqlarının da tam təhvil verilməsini tələb edir. ABŞ isə Ukrayna ordusunun həmin ərazilərdən çıxarılaraq orada "azad iqtisadi zona" yaradılması təklifini verib. Lakin bu təklif nə Rusiyaya, nə də Ukraynaya sərf edir. Rusiyaya sərf etmir, çünki bu, Amerikanın investisiyalarla Donbasda fiziki mövcudluğu deməkdir. Ukrayna isə öz ərazisindən bu formada imtina etməyi qəbul edə bilməz. Nəinki Zelenski, hətta başqa bir prezident gəlsə bile, konstitusiya dəyişmədən və daxili etirazları tapdalamadan bundan imtina edə bilməz. Ona görə də üçtərəfli danışıqların bərpası yaxın perspektivdə müharibənin həlli demək deyil; bu, sadəcə Amerika üçün seçki ərəfəsində müəyyən xallar qazanmaq məqsədi daşıyan uzunmüddətli diplomatik prosesdir".
Zeynəb Həsən