Avropadan Rusiyaya nüvə mesajı – 10 ölkə birləşir
Fransa ABŞ-nin təhlükəsizlik zəmanətlərinin etibarlılığı ilə bağlı narahatlıqlar fonunda Avropanın nüvə müdafiəsində rolunu genişləndirməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin “The Wall Street Journal” (WSJ) nəşri bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makronun irəli sürdüyü “fəal çəkindirmə” təşəbbüsünə Böyük Britaniya, Almaniya və Polşa da daxil olmaqla 10 ölkə qoşulub.
Plan Fransanın nüvə silahı daşımaq imkanına malik döyüş təyyarələrinin Avropanın müxtəlif bölgələrində yerləşdirilməsini, kəşfiyyat məlumatlarının mübadiləsinin genişləndirilməsini və erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsini nəzərdə tutur.
Təşəbbüsün əsas məqsədi Rusiyanın mümkün hərbi qarşıdurma zamanı Qərb ölkələri arasındakı fikir ayrılıqlarından istifadə etməsini çətinləşdirmək və Avropanın ABŞ-nin nüvə təhlükəsizliyi zəmanətlərindən asılılığını azaltmaqdır.
Məlumata əsasən, Baltikyanı ölkələr təşəbbüsə qoşulmayıb. İtaliya isə iştirakdan imtina edib.
16:30 26.10.2026
Oxunuş sayı: 52