Rusiya neftinə görə 704 milyon dollarlıq məhkəmə çəkişməsi
Rusiyanın neft və neft məhsullarının beynəlxalq bazarlara daşınması ilə məşğul olan vasitəçilər arasında yaranmış mübahisə milyonlarla dollarlıq məhkəmə çəkişməsinə səbəb olub.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin “The Wall Street Journal” (WSJ) nəşri bu barədə araşdırma dərc edib.
Məlumata görə, Rusiyada “Deutsche Bank”ın keçmiş yüksəkvəzifəli əməkdaşı İqor Soqlayev ilə Rusiya neftinin Qərb sanksiyalarından yayınaraq satışına yardım etməkdə ittiham olunan “Coral” şəbəkəsinə bağlı treyderlər arasında ciddi mübahisə yaranıb.
Münaqişə Rusiyadan Braziliyaya dizel yanacağının çatdırılması ilə bağlı müqavilənin uğursuzluğa düçar olmasından sonra başlayıb.
Nəşrin yazdığına görə, yanacaq daşıyan tanker Braziliya limanına çatsa da, gəminin yaşı ilə əlaqədar yükün boşaldılmasına icazə verilməyib. Nəticədə çatdırılma gecikib və tərəflər əlavə maliyyə itkiləri ilə üzləşiblər.
“Coral” şəbəkəsi ilə əlaqəli treyderlər Soqlayevi ödəniş öhdəliklərini yerinə yetirməməkdə ittiham ediblər.
Dubayda keçirilən arbitraj araşdırmasının nəticəsində Soqlayevin 42 milyon dollar ödəməsi barədə qərar çıxarılıb.
Soqlayev isə keçmiş tərəfdaşlarının onun müştərilərini öz tərəflərinə çəkərək biznesinə zərər vurduqlarını iddia edib. O, itirilmiş gəlirlərə görə 500 milyon dollardan çox təzminat tələb edir.
Mübahisə ilə əlaqədar Braziliya və Birləşmiş Ərəb Əmirliklərində məhkəmə prosesləri başlanıb.
İyun ayında Dubay məhkəməsi qarşı tərəflə əlaqəli şəxslərin və şirkətlərin 704 milyon dollara qədər aktivlərinin dondurulması barədə qərar qəbul edib.
Bununla belə, məhkəmənin yurisdiksiyası ilə bağlı hüquqi mübahisələr davam edir. Aktivlərin dondurulması qərarı apellyasiya prosesinin nəticəsinədək qüvvədə qalır.
Soqlayev həmçinin mübahisə zamanı ölümlə hədələndiyini iddia edib. Bu ittihamın müstəqil şəkildə təsdiqləndiyi barədə məlumat yoxdur.
“WSJ” qeyd edir ki, hadisə Qərb sanksiyalarına baxmayaraq, Rusiya neftinin beynəlxalq ticarətində böyük maliyyə maraqlarının mövcudluğunu və bu sahədə vasitəçilər arasında rəqabətin miqyasını nümayiş etdirir.
16:04 26.10.2026
Oxunuş sayı: 50