Dünya neft bazarını nə gözləyir?
Yaxın Şərqdə münaqişənin həlli istiqamətində Qətərin vasitəçilik səylərinə baxmayaraq, qlobal neft bazarında qiymət dəyişkənliyinin orta müddətli perspektivdə yüksək səviyyədə qalacağı proqnozlaşdırılır.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə “Vanda Insights” şirkətinin təsisçisi Vandana Hariyə istinadən məlumat yayıb.
Ekspert bildirib ki, ABŞ və İran arasında regional müharibənin başa çatması və Hörmüz boğazının açılması şərtləri ilə bağlı prinsipial fikir ayrılıqları davam edir.
Onun sözlərinə görə, mövcud şəraitdə dünya neft bazarında qiymətlərin yüksəlməsi riski üstünlük təşkil edir.
Vandana Hari qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana yeni zərbələrin endirilməsi ehtimalı ilə bağlı bazar iştirakçılarının narahatlığını aradan qaldırmayıb.
“Buna görə də qiymət dəyişkənliyinin yüksək səviyyədə qalacağını gözləyirik”, – deyə ekspert vurğulayıb.
Ötən həftənin sonunda kəskin bahalaşan “Brent” markalı neftin qiyməti daha sonra ucuzlaşmağa başlayıb. Oktyabrın 26-da keçirilən hərraclarda neftin bir barelinin qiyməti 114 dollara qədər geriləyib.
Bununla belə, Yaxın Şərqin əsas enerji nəqliyyatı marşrutlarından biri olan Hörmüz boğazının bağlı qalması bazarda qeyri-müəyyənliyi artırır.
Eyni zamanda, Yəməndəki husilərin Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücumlarını intensivləşdirdiyi bildirilir.
Analitiklərin fikrincə, geosiyasi gərginliyin daha da artması neft qiymətlərinin yenidən yüksəlməsinə səbəb ola bilər.
14:48 26.10.2026
Oxunuş sayı: 55