Restoranda hansı hallarda hesab ödəməyə bilərsiniz? - Hüquqşünasdan açıqlama
Restorana və ya kafeyə gedən müştəri ödədiyi pulun qarşılığında keyfiyyətli xidmət, təmiz mühit və sifarişinə uyğun yemək gözləyir. Lakin bəzən masaya gətirilən yemək sifariş ediləndən fərqlənir, xidmətdə kobudluğa yol verilir, hesabda gözlənilməyən məbləğlər ortaya çıxır, yaxud gigiyena qaydalarına əməl olunmur. Belə hallarda müştəri həm narazılıq yaşayır, həm də ödədiyi məbləğin qarşılığını almadığını düşünür.
İctimai iaşə obyektlərində xidmət zamanı yaranan bu cür problemlər istehlakçı hüquqları məsələsini yenidən gündəmə gətirir. Bəs hansı hallarda müştəri hesabın tam və ya bir hissəsini ödəməkdən imtina edə bilər? Yeməyin keyfiyyətsiz olması, sifarişin səhv gətirilməsi, sanitar normaların pozulması və ya personalın etik davranış qaydalarına əməl etməməsi müştəriyə kompensasiya tələb etmək hüququ verirmi? Ən əsası, narazılıq yarandıqda müştəri hansı hüquqi addımları ata bilər?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hüquqşunas Vüsalə Əhmədova bildirib ki, prinsip olaraq ödənişdən imtina etmək mümkündür: "Bu yanaşmanın hüquqi əsası "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 3, 5, 9, 11 və 12-ci maddələrində öz əksini tapıb. Burada əsas meyar pozuntunun xarakteri, ağırlığı və göstərilən xidmətə təsiridir. Məsələn, sifariş edilməmiş məhsulun hesaba daxil edilməsi, əvvəlcədən bildirilməyən servis haqqının tələb olunması, sifarişin ümumiyyətlə təqdim edilməməsi və ya keyfiyyətsiz, təhlükə yaradan qida məhsulunun təqdim edilməsi müştərinin əsaslandırılmış etirazına səbəb ola bilər. Belə hallarda müştəri konkret məhsulun hesabdan çıxarılmasını, dəyişdirilməsini, ödənilmiş vəsaitin qaytarılmasını və qanunla nəzərdə tutulan digər hüquqi müdafiə vasitələrini tələb edə bilər. Habelə, təhqir, ayrı-seçkilik, gigiyena və təhlükəsizlik qaydalarının pozulması kimi hallar şəraitdən asılı olaraq ayrıca hüquqi məsuliyyət yaratmaqdadır. Müştərinin mənəvi və ya maddi zərərə məruz qalması sübut olunarsa, qanuni əsaslar çərçivəsində kompensasiya tələb etmək məsələsi də gündəmə gələ bilər. Xüsusilə vurğulamaq lazımdır ki, kompensasiya ilə ödənişdən imtina eyni hüquqi anlayışlar deyil. Müştərinin hüququnun pozulması ona avtomatik olaraq istənilən məbləği ödəməmək və ya özbaşına kompensasiya müəyyənləşdirmək səlahiyyəti vermir. Ümumiyyətlə etik pozuntuları hüquqi pozuntulardan ayırmaq lazımdır. Tələb olunan hüquqi nəticə konkret pozuntudan və tətbiq olunan qanunvericilik normalarından asılıdır. Müştəri belə vəziyyətlə qarşılaşdıqda ilk növbədə restoran rəhbərliyinə müraciət etməli, pozuntunu mümkün qədər sənədləşdirməli, menyunu, hesabı və ödəniş sənədlərini saxlamalıdır. Məsələ həll olunmadıqda isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinı və ya məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər".
Nuray Oqtayqızı
13:30 26.10.2026
Oxunuş sayı: 47