Rusiyanın Voronej vilayətinə kütləvi hücum – 2 ölü, 17 yaralı
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Voronej vilayətinə həyata keçirdiyi pilotsuz uçuş aparatları (PUA) hücumunun müharibə başlayandan bəri bölgəyə edilən ən genişmiqyaslı hücum olduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın “Rıbar” “Telegram” kanalının müəllifi Mixail Zvinçuk məlumat yayıb.
Onun sözlərinə görə, son hücum regionda müharibənin başlanmasından bəri ən genişmiqyaslı hava hücumu olub. Bu, həm də son bir həftə ərzində vilayətə edilən ikinci iri hücumdur.
Zvinçuk bildirib ki, oktyabrın 23-nə keçən gecə Ukrayna qüvvələri Voronej yaxınlığındakı Baltimor hərbi aerodromunun yerləşdiyi ərazini hədəfə alıb. Həmin hücum nəticəsində yalnız ot örtüyündə yanğın baş verdiyi qeyd olunub.
O, son günlər Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın qərb bölgələrindəki sənaye obyektlərinə intensiv zərbələr endirdiyini iddia edib. Zvinçukun fikrincə, bu hücumlar enerji infrastrukturu obyektlərinə mümkün zərbələrə hazırlıqla bağlı ola bilər.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev isə oktyabrın 26-da bildirib ki, gecə ərzində bölgə üzərində 113 pilotsuz uçuş aparatı vurulub.
Onun açıqlamasına görə, hücum nəticəsində iki nəfər həlak olub, daha 17 sakin yaralanıb.
13:35 26.10.2026
Oxunuş sayı: 51