VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan mətbuat konfransı keçirilib
27–29 oktyabr tarixlərində Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Oktyabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Forumla bağlı mətbuat konfransı təşkil olunub.
Crossmedia.az xəbər verir ki, mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, beynəlxalq marağın ildən-ilə artdığı bu platforma müxtəlif ölkələrin nümayəndələrini, din xadimlərini, gəncləri, hökumət və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirərək dialoqun və əməkdaşlığın inkişafına töhfə verir.
Nazir müavini bildirib ki, Forumu 19 ölkədən media nümayəndələri işıqlandıracaq. Oktyabrın 29-da iştirakçıların işğaldan azad edilmiş ərazilərə səfəri nəzərdə tutulur.
BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) direktoru xanım Nihal Saad müasir dünyada parçalanmaların artdığı şəraitdə dialoqa ehtiyacın daha da gücləndiyini vurğulayıb. O, Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edərək, Forumun yeniliklərindən biri kimi dinlərarası dialoqa həsr olunmuş “Dialoq – ortaq gələcəyə aparan yol xəritəsi” adlı plenar sessiyanı diqqətə çatdırıb.
ICESCO-nun Sivilizasiyalar Dialoqu Mərkəzinin rəhbəri Xalid Fatalrahman Ömər Məhəmməd deyib ki, Forum çərçivəsində yeni konsepsiyalar və müasir problemlərin həlli yollarının araşdırılmasına həsr olunan simpozium keçiriləcək.
Mətbuat konfransının sonunda media nümayəndələrinin sualları cavablandırılıb.
15:03 26.10.2026
Oxunuş sayı: 66