Tehrandan Azərbaycan suverenliyinə zidd addım: İranlı nazir nəyə nail olmaq istəyir?
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycan Respublikasından olan qızları İran universitetlərində təhsil almağa dəvət etməsi sadəcə gülünc deyil. Bu, dövlətlərarası münasibətlərin elementar qaydalarını, suverenliyə hörmət prinsipini və beynəlxalq hüququ pozan açıq-aşkar müdaxilə cəhdidir. Nazir videomüraciətində bildirir ki, İran İslam Respublikasının elm naziri olaraq İran universitetlərinin qapıları Azərbaycan Respublikasından olan qızların təhsil alması üçün açıqdır. O, guya “Məhəmməd Peyğəmbərin imanlı qızları”nın təhsil hüququndan istifadə etmək üçün hicablarından imtina etməyə məcbur olduğunu iddia edir. Bu sözlər nə qədər “humanitar” don geyinsə də, əslində bir dövlətin digər suveren dövlətin daxili siyasətinə, təhsil qaydalarına qarışmaq cəhdindən başqa bir şey deyil.
Maraqlıdır ki, bu gün dünya dövlətləri başqa bir dövlətin suverenliyinə, daxili siyasətinə təsir göstərə biləcəyini düşünür, məsuliyyətsiz, dövlət ərkanına yaraşmayan, beynəlxalq hüquqa zidd olan açıqlamalar verirlər. İranlı nazirin bu açıqlaması da məhz bu nüansları özündə birləşdirir. İran belə bir açıqlama verəcək sonuncu dövlət belə ola bilməz. Öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyən bir dövlət bu cür çağırışdan sonra ən azından xəcalət çəkməlidir.
Azərbaycan Elm və Təhsil Nazirliyi İrana dərhal yerində və layiqli bir cavab verdi. Nazirliyin açıqlamasında qeyd olunur:
“İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur. Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyildir. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır.”
Bu cümlələr hər şeyi izah edir. Azərbaycan dünyəvi dövlətdir. Öz təhsil siyasətini, məktəb forması qaydalarını özü müəyyənləşdirir. Heç bir xarici nazirin, xüsusən də öz ölkəsində qadınları məcburi hicaba, zorakılığa və həbsə məruz qoyan bir rejimin nümayəndəsinin bu məsələyə “qayğı” göstərməyə haqqı yoxdur.
Nazirlik İran rəsmilərinə açıq tövsiyə verir:
“İran rəsmilərinə tövsiyə edərdik ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olsunlar. İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur. Ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir. Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.”
Bu, sadəcə fakt deyil, İranın ikiüzlülüyünün əyani sübutudur. Təxminən 40 milyon köklü etnik azərbaycanlının yaşadığı ölkədə Azərbaycan dilində bir məktəb belə yoxdur. Ali təhsil müəssisələrində də ana dilində təhsil yoxdur. Onilliklərdir davam edən bu ədalətsizliyi görməzdən gələn nazir birdən Azərbaycanın daxili işlərinə “qayğı” göstərməyə başlayır. Xarici ölkə vətəndaşlarının “təhsil ala bilməməsindən” narahat olan İran öz ölkəsində yaşayan, İran vətəndaşı olan on milyonlarla azərbaycanlının təhsilindən niyə narahat deyil? Bu sualın cavabı məncə yoxdur.
Nazirliyin verdiyi açıqlamanın yekununda bir daha vurğulanır:
“İranın elm, tədqiqat və texnologiya naziri və bu mövzuda İranda çıxış edən digər şəxslər yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə məhz bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər.”
Bu sözlər yalnız təhsil sahəsinə aid deyil. İranın qadın siyasəti də “nümunə” ola biləcək vəziyyətdə deyil. Öz qızlarını, qadınlarını hicaba məcbur edən, aksiyalarda iştirak edən yüzlərlə qadını döyüb həbsə salan İran hansı məsələdə nümunə ola bilər ki, təhsildə də olsun? Məcburi hicaba qarşı çıxan qadın və qızlar universitetlərə buraxılmamaqla, təhsildən məhrum edilməklə, təhlükəsizlik və intizam xarakterli təzyiqlərlə üzləşirlər. Öz vətəndaşlarını bu vəziyyətə salan dövlət başqa ölkənin qızlarına “xoş mühit” vəd etməyə utanmalıdır.
Daha bir vacib məqam var. Regionda İranın suverenliyinə və maraqlarına ən çox hörmət göstərən dövlət məhz Azərbaycandır. İrana hər tərəfdən hücum edildiyi bir vaxtda Azərbaycan öz hava məkanını bağlamışdı. Dünya dövlətləri İranı iqtisadi blokadaya aldığı halda Azərbaycan İranla iqtisadi münasibətlərini korlamır. Diplomatik münasibətlər də eyni şəkildə qorunur. Dövlət başçılarımız səfərlər edir, danışıqlar aparır. Azərbaycan müharibə ərzində İrana bir neçə dəfə humanitar yardımlar edib. Bütün bunları görməzdən gələn savadsız iranlı nazir bizim vətəndaşlarımızamı savad, təhsil verəcək? İran öz vətəndaşlarına təhsil verib bitiribmi ki, keçib Azərbaycana?
İranlı nazir bütün bu faktları, İranla Azərbaycanın siyasi-diplomatik münasibətlərini nəzərə almalı, başqa dövlətin suveren hüquqlarını pozmağın aqibəti və nəticəsi ilə üzləşməlidir. Necə ki, Türkiyə prezidentinin baş müşaviri öz səhvini anlayaraq istefa verdi, iranlı nazir də bu addımı atmalı, iki dövlət arasında olan yaxşı diplomatik münasibətlərə kölgə salmamalıdır. Məsuliyyətsiz açıqlama, əsassız yanaşma iki dövlətin münasibətlərini yoxuşdan aşağı buraxmamalıdır. İranın da məsələyə yanaşması Türkiyənin yanaşması kimi olmalıdır və biz buna şübhə etmirik.
Ayhan
16:30 26.10.2026
Oxunuş sayı: 176