Ukraynada “Starlink” yenidən söndürülə bilər – İDDİA
Ukraynada “Starlink” və “Starshield” sistemlərinin fəaliyyətinə yaxın bir ay ərzində yenidən məhdudiyyət qoyula bilər.
Crossmedia.az xəbər verir ki, Rusiya–Ukrayna müharibəsinin veteranı Yevgeni Dikiy bu barədə “Radio NV”nin efirində bildirib.
Onun sözlərinə görə, sistemlərin fəaliyyətinin müvəqqəti bərpa olunması təhlükənin tam aradan qalxması demək deyil.
“Onlar bütün imkanlarını səfərbər edərək bizə təzyiq göstərməyə çalışacaqlar. Buna görə də ‘Starlink’ və ‘Starshield’in yenidən söndürülməsi ehtimalı yüksəkdir. Məncə, bu, yaxın bir ay ərzində baş verə bilər”, – deyə Dikiy bildirib.
Ekspert qeyd edib ki, hazırda dünyada “Starlink”i tam əvəz edə biləcək vahid sistem yoxdur. Bununla belə, Ukrayna ayrı-ayrı funksiyalar üçün alternativ texnologiyalar hazırlaya bilər.
O, mümkün həll yolları arasında operatorun birbaşa idarəetməsi olmadan hədəfləri müəyyənləşdirə və izləyə bilən süni intellekt əsaslı sistemlərin genişləndirilməsini göstərib.
Dikiy “Starlink”in fəaliyyətinin bərpa olunmasının Ukraynanın Rusiyadakı neft emalı zavodlarına zərbələrində fasilə yaranması ilə eyni dövrə təsadüf etdiyini də iddia edib.
“Əgər razılaşma neft obyektlərinə zərbələrdən imtina müqabilində ‘Starlink’in söndürülməməsindən ibarətdirsə, bu, şübhəli şərtlərdir. Biz zərbələrə fasilə verə bilərik, lakin onları tamamilə dayandıra bilmərik”, – deyə o vurğulayıb.
Veteran, həmçinin Ukraynaya təzyiqlərin davam edəcəyini iddia edərək, dekabrda Floridada müəyyən sənədin imzalanması üçün yeni müddətin səsləndirildiyini bildirib.
16:08 26.10.2026
Oxunuş sayı: 52