Bakıda Xəzər-Qara dəniz regionunun neft-qaz konfransı keçiriləcək
Gələn il aprelin 19-dan 21-dək Bakıda "AAPG Caspian & Black Sea Oil & Gas Conference 2027" beynəlxalq konfransı keçiriləcək.
Crossmedia.az Amerika Neftçi Geoloqlar Assosiasiyasının Avropa bölməsinə (AAPG Europe Region) istinadən xəbər verir ki, tədbir neft-qaz sənayesinin top-menecerlərini, dövlət qurumlarının nümayəndələrini, milli və beynəlxalq neft-qaz şirkətlərini, investorları, eləcə də texniki mütəxəssisləri bir araya gətirəcək. İştirakçılar Xəzər və Qara dəniz regionlarında neft-qaz sektorunun inkişafının əsas trendlərini və perspektivlərini müzakirə edəcəklər.
Regional və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində bu hövzələrin strateji əhəmiyyəti nəzərə alınaraq, nümayəndələrin əsas diqqəti kəşfiyyat və hasilatın (Upstream), o cümlədən offşor layihələrinin inkişafı, ixrac infrastrukturunun şaxələndirilməsi, normativ-hüquqi tənzimləmə və geosiyasi amillər məsələlərinə yönəldiləcək. Bundan əlavə, gündəlikdə investisiya mexanizmləri, qaz resurslarının monetizasiyası, innovativ texnologiyaların tətbiqi və enerji keçidi çərçivəsində həllərin inteqrasiyası mövzuları əhəmiyyətli yer tutacaq.
"AAPG Caspian & Black Sea Oil & Gas Conference 2027" konfransı "Energetikanın dinamik gələcəyi üçün geoloji həllər" devizi altında keçiriləcək. Forumun proqramı texniki sessiyaların, praktik seminarların və tematik sərginin keçirilməsini nəzərdə tutur.
19:27 26.10.2026
Oxunuş sayı: 52