Ermənistan Azərbaycanla birgə ekoloji layihələr həyata keçirməyə ümid edir
Ermənistanın ətraf mühit naziri, COP17-nin prezidenti Ambartsum Matevosyan delimitasiya işlərindən sonra Azərbaycan, eləcə də digər qonşu ölkələrlə transsərhəd ekoloji layihələrin həyata keçirilməsinin mümkün olacağına ümid etdiyini bildirib.
Crossmedia.az Armenpress-ə istinadən xəbər verir ki, Matevosyan bu barədə COP17 çərçivəsində keçirilən mətbuat konfransında Şikahoq və Cermuk ərazilərindəki ekoloji problemlərlə bağlı suala cavab verərkən danışıb.
“Böyük ümid edirəm ki, təkcə Azərbaycan Respublikası ilə deyil, bütün qonşu ölkələrimizlə birlikdə transsərhəd ekoloji layihələr həyata keçirmək imkanımız olacaq. Qeyd edildiyi kimi, müxtəlif fondlar çərçivəsində ölkələrə belə imkanlar yaradılır ki, onlar vahid layihə paketi ilə çıxış edə bilsinlər”, – deyə Matevosyan bildirib.
Nazir əlavə edib ki, delimitasiya işlərindən sonra belə əməkdaşlıq əvvəlki onilliklər ərzində qeydə alınmış ekoloji itkilərin bərpası məsələsinə də diqqət yetirməyə imkan yarada bilər.
Matevosyan ekoloji zərərləri pisləyərək vurğulayıb ki, təbiət sərhəd tanımır və ekoloji problemlər ayrı-ayrı ölkələrin əraziləri ilə məhdudlaşmır.
Eyni zamanda, o, Ermənistan vətəndaşı və siyasi vəzifə tutan şəxs kimi Ermənistan Respublikasının üstün maraqlarını rəhbər tutduğunu qeyd edib. Nazir qonşularla münasibətlər kontekstində sülh gündəliyinin möhkəmləndirilməsini və delimitasiya prosesinin irəlilədilməsini vacib hesab etdiyini bildirib.
19:51 26.10.2026
Oxunuş sayı: 44