“Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” – Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib
Oktyabrın 26-da VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində “Bakı mədəniyyət və media dialoqu platforması”nın təşkilatçılığı ilə “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiya keçirilib.
Bu barədə Crossmedia.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Sessiyada Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, mədəniyyət naziri Adil Kərimli, Media və Yayım Şurasının sədri Əhməd İsmayılov, eləcə də ölkəmizdən və xaricdən olan media nümayəndələri iştirak ediblər.
Sessiyada çıxış edən Hikmət Hacıyev medianın sülhün təşviqindəki rolu, dezinformasiyaya qarşı mübarizənin əhəmiyyəti, eləcə də mədəniyyətlərarası dialoqun gücləndirilməsində qlobal medianın məsuliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Tədbirdə həmçinin sülh və qarşılıqlı anlaşma mühitinin təşviqində medianın imkanları, etibarlı informasiyanın yayılmasının əhəmiyyəti və dezinformasiyanın qarşısının alınmasında beynəlxalq əməkdaşlığın rolu diqqət mərkəzində olub.
Sessiyanın sonunda Hikmət Hacıyev media nümayəndələrinin suallarını cavablandırıb.
19:36 26.10.2026
Oxunuş sayı: 57