Makron hakimiyyəti üçün geri sayım: Proses küçələrdən başladı
Fransanı bürüyən növbəti kütləvi etiraz dalğası və təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi Yelisey sarayında hökm sürən legitimlik böhranını bir daha çılpaqlığı ilə üzə çıxarıb. Universitet tələbələrinin təhsilə ayrılan vəsaitin yetərsizliyinə və 2027-ci ilin büdcə zərfində təhsil siyasətinin yanlış tənzimlənməsinə qarşı qaldırdıqları etirazlar qısa müddətdə ölkə miqyasında sosial qiyama çevrilib. Nümayişlərin qarşısını almaq üçün təzyiqləri artıran Fransa polisi minlərlə etirazçını saxlayıb, nümayişçilərə qarşı gözyaşardıcı qaz və sərt güc tətbiq edib. Lakin Prezident Emmanuel Makronun xalqın haqlı sosial tələblərini dinləmək əvəzinə polis dəyənəyinə sığınması cəmiyyətdəki aqressiyanı daha da alovlandırır. Səhv büdcə-iqtisadi siyasəti, "sarı jiletlilər"lə başlayan, fermerlər və dəmiryolçularla davam edən böhranlar silsiləsi mərkəzçi iqtidarın xalq qarşısında nüfuzunu sıfırlayıb. Son parlament seçkilərində sol blokun qalib gəlməsi və mərkəzçilərin acınacaqlı məğlubiyyəti Fransa cəmiyyətində Makron hakimiyyətinə qarşı formalaşan böyük narazılığın əyani sübutudur.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev Fransadakı dərin sosial-siyasi böhranı, Makronun sərt təzyiq siyasətini və ölkənin gələcək siyasi mənzərəsini ətraflı şərh edib:
"Makronun hadisələrə müdaxilə etmədiyini demək tamamilə yanlışdır. Fransız polisi kifayət qədər sərt müdaxilələr həyata keçirdi. Bu, cəmiyyətdə ciddi narazılıqların daha da kəskinləşməsinə gətirib çıxardı. Onsuz da Fransada sosial vəziyyət ağırdır. Makron hökumətinin yeritdiyi səhv siyasət nəticəsində hakimiyyətin nüfuzu sürətlə aşağı düşdü. Nəticə etibarilə keçən parlament seçkilərində sol blok qalib gəldi, Makronun rəhbərlik etdiyi mərkəzçilər isə ciddi məğlubiyyətə uğradılar".
Politoloq Fransadakı aksiyaların ana səbəbinin yanlış büdcə siyasəti və sosial təbəqələrin sıxışdırılması olduğunu diqqətə çatdırıb:
"Fransa cəmiyyətinin bütün təbəqələrində uzun müddətdir davam edən böyük narazılıq var. "Sarı jiletlilər"ın aksiyaları, fermerlərin və dəmiryolçuların etirazları, indi isə universitet tələbələrinin küçələrə axışması birbaşa hükümətin uğursuz siyasətinin nəticəsidir. Büdcə siyasəti düzgün tənzimlənmir. Hazırkı aksiyaların ana səbəbi də budur. Tələbələr 2027-ci ilin büdcə zərfində təhsilə yetərli vəsait ayrılmamasına etiraz edirlər. Fermerlərə, dəmiryolçulara dəstək verilmir, aksiyalar artıq adi hala çevrilib. İnsanlar sosial problemlərin həllini istəyir, Makron isə onların üstünə polis göndərərək sərt tədbirlər görür".
Zeynal Əmrəliyev mərkəzçi iqtidarın iflasa uğradığını və Fransa üçün geri sayımın başladığını vurğulayaraq fikrini yekunlaşdırıb:
"Hökumətə qarşı böyük bir aqressiya formalaşıb. Bu, növbəti prezident seçkilərində mərkəzçilərin acınacaqlı məğlubiyyətinə səbəb olacaq. Fransa getdikcə radikal sol və radikal sağ arasında mübarizə meydanına çevrilir. Artıq prezidentliyə əsas namizədlər radikal sağdan Marin Le Pen və solçulardan Jan-Lük Melançondur. Deyərdim ki, Fransa üçün, xüsusilə də Makron hakimiyyəti üçün artıq geri sayım rəsmən başlayıb".
Zeynəb Həsən
20:56 23.10.2026
Oxunuş sayı: 55