Makron hakimiyyətdən gedir
Fransa Prezidenti Emmanuel Makrona ictimai dəstəyin 2017-ci ildə prezident seçildikdən bəri ən aşağı səviyyəyə enməsi ölkədə hakimiyyətə qarşı narazılığın artdığını göstərir. Son sorğuda Makrona dəstək 16 faiz, onun siyasətindən narazılıq isə 81 faiz təşkil edib. Parlamentin buraxılması, büdcə problemləri və əhalinin alıcılıq qabiliyyətinin azalması narazılığın əsas səbəbləri sırasında göstərilir.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Fransada iqtisadi vəziyyətin gərginləşməsi ölkədə siyasi narazılıqların artmasına və radikal qüvvələrin mövqelərinin güclənməsinə səbəb olur:

“Avropa iqtisadiyyatında vəziyyət gərgindir və Fransa da bundan sığortalanmayıb. Bu ölkədə çox ciddi problemlər var və Emmanuel Makron prosesləri yekunlaşdırmaq üçün konkret, real addımlar atmır. Parlamentin buraxılması və digər məsələlər də problemləri həll etmədi. Fransa iqtisadiyyatı ilə bağlı böyük miqyasda problemlər mövcuddur. Bu da istər-istəməz ölkədə narazılıqların yaranmasına gətirib çıxarır. Son zamanlar Fransada millətçilik güclənir. Təsadüfi deyil ki, Xalq Cəbhəsi və Le Penin nüfuzu sürətlə artmaqdadır. Nüfuzun bu şəkildə artması, əlbəttə ki, ölkədə kifayət qədər ciddi siyasi problemlər yaradacaq”.
Politoloq qeyd edib ki, növbəti seçkilərdə Emmanuel Makron artıq iki dəfə prezident seçildiyi üçün üçüncü dəfə namizəd ola bilməyəcək:
“Ehtimal ki, o, öz komandasından kimisə dəstəkləmək məcburiyyətində qalacaq və bu da həmin namizəd üçün ciddi problemlər yarada bilər. Çünki Fransada sağ qüvvələr möhkəmlənir. Əgər Makronun mərkəzçi komandası mərkəz-sağla, yəni keçmiş prezident Sarkozinin komandası ilə birləşərək başqa bir namizədi dəstəkləsə, radikal sağa qarşı böyük üstünlük əldə edə bilərlər. Fransada son zamanlar iqtisadi vəziyyətin gərginləşməsi solçuların da nüfuzuna xeyli müsbət təsir göstərib. Melanşonun komandası son dövrlərdə xeyli güclənib. Fransa siyasətində solun hazırkı lideri olan Jan-Lük Melanşonun növbəti seçkilərdə üstünlüyü ələ keçirməsi mümkündür. Məlum olduğu kimi, Fransada parlament seçkilərindən sonra qurulan hökumət – Makronun indiki komandası – azlıq hökumətidir. Əslində, hökumətə rəhbərlik etməyə, yəni baş nazir postuna iddialı olan tərəf solçuların lideri Jan-Lük Melanşon idi. Solçuların növbəti seçkilərdə bu iqtisadi çətinliklərdən istifadə edərək qalib gəlməsi istisna olunmur.
İqtisadi vəziyyət çox gərgindir və xarici siyasətdə də Makron ardıcıl olaraq uğursuzluğa düçar olur. Bu da həm solçuların, həm də radikal sağın nüfuzunun artmasına, hakimiyyətdə olan mərkəzçi qüvvələrin isə mövqelərinin zəifləməsinə səbəb olur”.
Nuray Mehtiyeva
17:00 14.09.2026
Oxunuş sayı: 45