Makron sosial şəbəkələrə yaş məhdudiyyəti istəyir
Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqında 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağanın mümkün qədər tez tətbiq olunmasını istəyir.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Makron bildirib ki, Fransa hökuməti Konstitusiya Şurasının avqustun ortalarında verdiyi qərardan sonra 15 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrə girişin məhdudlaşdırılması ilə bağlı təklifin mətnini yenidən işləyib və yeni variantı Avropa Komissiyasına təqdim edib.
Fransa Prezidenti sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyətinin bütün Aİ ölkələrində tətbiq edilməsinin vacibliyini vurğulayıb. O, həmçinin platformaların müəyyən funksiyalarının tənzimlənməsinə çağırıb.
Makron daha əvvəl də uşaqların onlayn mühitdə qorunmasını prioritet hesab etdiyini və 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin qarşısının alınmasını dəstəklədiyini açıqlayıb.
Fransa parlamenti iyul ayında 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini qəbul etmişdi. Lakin ölkənin Konstitusiya Şurası avqustun 14-də qanunun qüvvəyə minməsinə mane olmuş və hökumətdən layihəni yenidən işləməyi tələb etmişdi.
Bu məsələ ilə bağlı Avropanın bir sıra ölkələrində də oxşar təşəbbüslər müzakirə olunur. Aİ səviyyəsində isə yetkinlik yaşına çatmayanların onlayn mühitdə qorunması və yaşın yoxlanılması üçün ümumi mexanizmlərin hazırlanması istiqamətində iş aparılır.
17:35 14.09.2026
Oxunuş sayı: 47