Azərbaycanda boşanmalara səbəb olan amillər

SSRİ-nin süqutundan sonra qapalı cəmiyyət dünyaya açıldı və bazar
iqtisadiyyatı, demokratiya fenomenləri ölkəyə daxil oldu. Qərbdən və müsəlman
ölkələrindən gələn təsirlər nəticəsində sovet dövründə formalaşan cəmiyyət sürətlə
öz monoton formasını dəyişərək qloballaşmağa doğru istiqamətləndi. Kommunizm
ideologiyasının monoton pərdəsi altında gizlənən şüuraltı arxetiplər fəallaşaraq
cəmiyyəti polikültür mərhələyə istiqamətləndirdi. Liberal proseslər dərinləşdikcə,
fərqliliklər də artdı. Gender bərabərliyinin inkişaf etməsi, qadınların sovet
dövründə formalaşan ənənəvi gender rollarının qismən dəyişməsinə səbəb oldu. Cəmiyyətdə
baş verən sosial-iqtisadi, sosial-mədəni və siyasi dəyişikiklər ailənin də
xarakterinə müəyyən qədər təsir göstərdi. Ənənəvi və yeni sistemlərin sintezindən
müxtəlif sübkültürlər və ailə tipləri meydana çıxdı. Bunlar özünü müqavilə
nikahı, poliqamiya, erkən evlilik kimi qeyri-ənənəvi ailə modellərində biruzə
verdi.
1990-cı illərdə Azərbaycanda boşanmaların səviyyəsi 19% olduğu halda,
Rusiyada 42 % olmuş və 2000-ci ildə 70%-ə qalxmışdır. Bu, onu göstərir ki, Azərbaycan
SSRİ-də vahid bir dövlət ərazisində olsa da və müəyyən ümumi təsirlərə məruz
qalsa da, boşanmaların səviyyəsinə görə Rusiyadan ciddi şəkildə fərqlənibdir
(bu gün olduğu kimi). Ümumiyyətlə, Cənubi Qafqaz respublikalarında boşanma səviyyəsi
20%-dən yuxarı qalxmamışdır. Orta Asiya respublikalarında (Qazaxıstan istisna
olmaqla) isə, boşanma səviyyəsi daha aşağıdır. Bu fərqliliyin əsasında özünəməxsus
patriarxal mentalitet, ənənələr və dəyərlər dayanır.
Diaqram 1. Azərbaycan Respublikası üzrə
rəsmi qeydə alınmış nikah və boşanmaların ümumi əmsalları
SSRİ-nin süqutu ərəfəsində, 1989-1990-cı illərdə boşanma səviyyəsi yüksək
olmuşdur (15.9%-19.2%). 1993-2010-cu illərdə bağlanan nikahlara (60028 - 79172-ə
qədər artmış) nisbətdə boşanmaların sayı (6564 - 9061) 10.9%-dən 11.4%-ə qədər,
yəni, cəmi 0.5% artmışdır. Yəni, Azəbaycanda bəhs olunan illərin (1993-2010,
1945-1965) fövqündə bağlanan nikahlara nisbətdə boşanmaların səviyyəsi 10-11%-dən
aşağı olmamışdır (cədvəl 4.3).
Prezident İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyeva ölkədə öz müasir azərbaycan ailəsi nümunəsində
tarixi təkamül nəticəsində formalaşan “azərbaycan ailəsi” fenomenini qorumağa
çalışırlar. Çünki bu, azərbaycan xalqını yaşadan əsas dəyərlərdən biri və ən əsasıdır.
Birinci
vitse-prezident Mehriban Əliyeva qadının azərbaycan ailəsində ənənəvi rolunu
belə dəyərləndirir: "Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının
ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq, analıq
missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm"[http://www.anl.az/down/meqale/xalqqazeti/2016/avqust/503790.pdf].
Lakin, cəmiyyətdə
ailə qurumunun zəifləməsi istiqamətində baş verən proseslər qlobal
xarakterlidir. Bu proseslər, dünyanın bütün modern cəmiyyətlərində baş verir.
Onları doğuran səbəblər də qlobal səbəblərdir. Bu problemlərin ortadan
qaldırılması üçün, onların səbəbləri konkret olaraq ortaya qoyulmalı və onlara
qarşı konkret tədbirlər həyata keçirilməlidir. Bu fəaliyyətlər paralel şəkildə
həm milli, həm də qlobal səviyyədə gerçəkləşdirilə bilər.
***
Son
dövrdə dünyada boşanmalar artaraq çox təhlükəli bir həddə çatmış və ailə qurumu
süquta doğru irəliləməkdədir. Artıq Avropada, ABŞ və Rusiya kimi ölkələrdə
boşanma səviyyəsi bağlanan nikahların səviyyəsini keçmişdir. Aşağıda təqdim
olunan xəritədə boşanmaların səviyyəsi dünyanın müxtəlif ərazilərinə görə təsnif
olunmuşdur. Xəritədən göründüyü kimi, əsasən modernləşmə prosesinin ən çox irəli
getdiyi inkişaf etmiş ölkələrdə boşanma səviyyəsi daha yüksəkdir (Xəritə 1)
Xəritə 1. Dünyada
boşanmaların səviyyəsi (% ilə)
Bu gün, biz Qərb ölkələri və Rusiyanın statistik rəqəmlərinə diqqət yetirsək görərik ki, orada boşanmalarla bağlı vəziyyət Azərbaycan ilə müqayisədə iki və üç dəfə daha gərgindir. Bu gün, dünyada boşanmaların bağlanan nikahların nisbətinə görə faiz rəqəmləri təqribən aşağıdakı cədvəldəki kimidir.
Cədvəl 1. Dünyada
boşanmaların bağlanan nikahların
nisbətinə görə faiz göstəriciləri
Faiz |
Ölkə və regionlar |
67-71% |
Portuqaliya, Belqiya |
62-65% |
Çexiya, Macarıstan, İspaniya |
51-58% |
ABŞ, Rusiya, Pribaltika ölkələri |
42-48% |
Hollandiya, Norveqiya, Almaniya, Kanada,
Avstraliya, Yeni Zelandiya, Ukrayna, Moldova, Belorusiya, Finlandiya, Şimali
Avropa ölkələri |
35-40% |
Cənubi Koreya, Yaponiya |
25-30% |
Qazaxıstan, İtaliya, Yunanıstan, Polşa, Rumınya,
İsrail, Sinqapur, Tayland |
20-25% |
Horvatiya, Serbiya, Çin, Səudiyyə Ərəbistanı
(21%) |
15-20% |
CAR, Azərbaycan, Gürcüstan, Ermənistan, Misir,
Türkiyə |
10-15% |
Makedoniya, Çernoqoriya, İran (14%) |
5-10% |
Özbəkistan, Tacikistan (6%), Suriya, Yamayka |
1-5% |
Vyetnam, Çili |
Avropada 1960-2010 illərində nikahlara görə boşanmaların həcminə diqqət yetirəndə görürük ki, boşanmaların səviyyəsi 1960-cı ildə 10%-dən 2010-cu ildə 50-%-ə qədər yüksəlmişdir. Yəni, Avropada 1960 və 1970-ci illərdə 10 ailədən biri dağılırdısa, 2010-cu ildə artıq iki ailədən biri dağılır. Bu proses, yalnız artan xətt üzrə irəliləyir.
Diaqram 2. Avropada
nikahlara görə boşanmaların həcmi (1960-2010)
1980-2010-cu
illərdə nikahlara görə boşanmaların həcmi 20%-dən 50%-ə qədər, yəni, təqribən
30% artmışsa, davam edən bu dinamika yaxın 30 ildə (2040) 80%-ə yüksələ bilər.
Azərbaycanın
KİV-də və ictimaiyətində boşanmaların artması ilə əlaqədar həyacan siqnalı
çalınır. Bu mövzunun, sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilməsi də
bunu təsdiq edir. İnsanlar həm DSK-nın KİV-də təqdim olunan statistikasına, həm
də öz şəxsi müşahidələrinə və ya təcrübələrinə əsaslanaraq mövcud durumun səbəblərini
və ondan çıxış yollarını düşünürlər.
2010-2017-ci
illərdə bağlanan nikahlara (79172-62923-ə qədər azalmış) nisbətdə boşanmaların
səviyyəsi (9061-14514) 11.4%-dən 23%-ə qədər, yəni, iki dəfədən çox artmışdır.
Biz, DSK-nın rəqəmlərinin rəsmi olduğunu və qeyri-rəsmi boşanmaların az
olmadığını nəzərə alsaq, bu gün Azərbaycanda bağlanan nikahlara nisbətdə
boşanmaların səviyyəsinin 23%-dən də çox olduğunu söyləyə bilərik. Deməli, bu
gün, Azərbaycanda bağlanan hər 4 nikahdan biri pozulur. Bu gün, Azərbaycanda
23%-i keçən boşanma səviyyəsi Avropa ölkələrində 1980-ci ildə müşahidə
olunmuşdur. Biz, eyni temp və eyni qayda ilə irəli getdiyimiz və heç bir tədbir
görmədiyimiz təqdirdə, 30-35 ildən sonra eyni aqibət ilə üzləşmək ehtimalımız
yüksəkdir.
Evliliklərin ölkələr üzrə davametmə
müddətinə diqqət yetirəndə görürük ki, Azərbaycanda, həmçinin digər postsovet
ölkələrində boşanmalar əsasən evliliyin 5 ilədək olan müddətində baş verir.
2010-cu il göstəricilərinə görə, Azərbaycanda evlənənlərin 38%-i 5 ildən, 23%
5-9 ildən, yəni evlənənlərin 61%-i 10 ildən sonra boşanırlar. 10-19 ildən sonra
dağılan ailələr 26%, 20 və daha çox ildən sonra pozulan nikahlar 13% təşkil
edilər. Ermənistanda isə, əksinə, ən çox boşanmalar 20 və daha çox evlilik
dövründə baş verir (diaqram 3).
Diaqram 3.
Evliliklərin ölkələr üzrə davametmə müddəti (% ilə).
2015-ci ilin DSK göstəricilərinə görə, kişilərdən 12764 nəfər boşananların yaş qruplarına görə bölgüsündə 25-29 (2262), 30-34 (2366), 35-39 (1699), 40-44 (1103) yaşlılar, qadınlardan 12764 nəfər boşananların yaş qruplarına görə bölgüsündə 20-24 (2037), 25-29 (2836), 30-34 (2159), 35-39 (1391), 40-44 (904) yaşlılar üstünlük təşkil edirlər. Yəni, boşanan qadınlar arasında əsas yaş hədləri 20-34, boşanan kişilər arasında əsas yaş həddi 25-35-dir (diaqram 4).
Diaqram 4. Boşanmaların yaş qrupuna görə bölgüsü
(kişi və qadınlar arasında)
Qadınlar
arasında boşananların sayı kişilərdən 8 dəfə çoxdur (6.6 %-in 0.8 %-ə nisbətində).
Çünki kişilər qadınlara nisbətən daha tez təkrar nikaha daxil olurlar. Keçmiş həyat
yoldaşından ayrılsa da, hələ də rəsmi nikahı (1.1%) və qeyri-rəsmi nikahı
(0.4%) davam etdirənlər, qeyri-rəsmi boşananlar (2.5%) və digərlərinin ümumi
göstəricisi 4.1%-dir.
Boşanmaların
yüksək olduğu yerlər - Bakı 11.6%, Abşeron, Dağlıq Şirvan, Gəncə-Qazax və Şəki-Zaqatala
bölgələri, boşanmaların aşağı olduğu yerlər isə, Quba-Xaçmaz bölgəsidir (0.4%).
Şəhər əhalisi arasında kəndlilərə nisbətən boşananların sayı iki dəfə çoxdur.
Bu, 5.4%-in 2.5%-ə, başqa mənbələrə görə 8.6%-in 3.8%-ə nisbətindədir.
Xüsusilə,
30-cu illərdə və 1990-2017 illərdə ailə qurumunun gərgin durumu diqqətimizi
daha çox çəkir. Bu rəqəmlər göstərir ki, bu gün boşanmalar barədə çalınan həyəcan
siqnalı əbəs deyildir. Əslində, bu proses, artıq, 70-ci illərdən başlamışdır.
Çünki 70-ci illərdən başlayaraq, boşanmaların bağlanan nikahların nisbətinə görə
faiz rəqəmləri 15%-in üzərində olmuş və artmaqda da davam edir. Bu rəqəmlər,
bizə bir çox gerçəkləri düşünməyə və onların səbəblərini anlamağa vadar edir.
Bu məsələ barədə düşüncələr aşağıdakı sualları meydana çıxarır: İkinci dünya
ölkələri sırasına aid edilən Azərbaycanın və digər oxşar ölkələrin ailə
qurumları yaxın gələcəkdə Qərb ölkələrində olan böhran vəziyyətinə gələ bilərmi?
Azərbaycan ailəsi, ailə qurumunun artıq iflas etdiyi Qərb cəmiyyətinin durumuna
düşə bilərmi?
Bu
suallara cavab vermək üçün ilk öncə ailə qurumunun zəifləməsinə şərait yaradan
amilləri müəyyənləşdirmək lazımdır.
Son
dövrdə ETİ və İKT-nin xeyli irəli getməsi dünyanın qloballaşmasına, dünyagörüşü
paradiqmalarının bir-birinə yaxınlaşmasına səbəb olur və nəticədə, dünya
xalqları bir-birinə yaxınlaşdığı kimi, onların problemləri arasında da oxşar əlamətlər
artmağa başlayır. İkinci-üçüncü dünya ölkələri inkişaf etmiş Qərb ölkələrini
özlərinə nümunəvi model hesab edir və beynəlxalq təşkilatlar da dünyanı Qərb
inkişaf modelinə uyğunlaşdırmaq istiqamətində çoxtərəfli qlobal siyasət həyata
keçirir. Həyata keçirilən bu siyasətin nəticələri boşanmaların ortadan
qalxmasına və ailə qurumunun möhkəmlənməsinə deyil, onun zəifləməsinə,
boşanmaların artmasına şərait yaradır. Deməli, beynəlxalq siyasətin əsas hədəfi
bu problemlərin artması deyil, onların həll olunması istiqamətində dəyişməlidir.
Diqqəti
çəkən məqamlardan biri də odur ki, hansı ölkələrdə modernləşmə prosesi nə qədər
çox irəli gedirsə, boşanma səviyyələri də bir o qədər çox olur. Lakin, Moldova
və Belorusiya kimi ölkələrin boşanma səviyyəsi Avropa ölkələri ilə eyni səviyyəyə
gəlsə də, modernləşmə səviyyəsi onlardan xeyli geridədir. Buna görə də, boşanma
səbəbləri mürəkkəb xarakterli sosial hadisədir. Onun ortaya çıxmasında bir çox
tarixi-mədəni, sosial-psixoloji və mövcud sosial-iqtisadi problemlərin kompleks
təsiri vardır.
Dünyada
boşanmaların səbəbləri barədə müəyyən araşdırmalar aparılır və statistik məlumatlar
ortaya qoyulur. Çünki diaqnostika olmadan sosial xəstəliyin müalicəsi mümkün
deyildir. Azərbaycanda da boşanmaların səbəblərini müəyyənləşdirmək üçün,
onların ayrıca statistikasını ortaya qoymağa ehtiyac vardır. Azərbaycanda məhkəmələrə təqdim olunan iddia ərizələrinin böyük bir
qismində boşanma səbəbi kimi evli cütlüklərin “xasiyyət uyğunsuzluğu”
göstərilir. Əslində, mentalitetdən irəli gələrək əsas səbəblər bu bəhanə
altında gizlədilir. Bu isə, problemin araşdırılmasını çətinləşdirir. Lakin, müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar
və müşahidələr ümumi mənzərəni görməyə imkan verir.
Boşanmaların
səbəblərini iki aspektdə araşdırmaq daha doğru olardı: subyektiv və obyektiv. Subyektiv amillərin sayı və müxtəlifliyi həddən
artıq çoxdur. Əslində, onları məcazi mənada səbəb adlandırmaq olar. Biz, onlara
aludə olsaq, boşanmaların əsas səbəblərini görə bilməyəcəyik. Çünki zahirdə
nümayiş olunan subyektiv amillərin təməlində obyektiv səbəblər dayanır. Onlar
subyektlərin, ümumi cəmiyyətin davranışlarını müəyyənləşdirən və şüuraltı
qatlarında mövcud olan stereotiplərdir. Onlar, kültürdən ənənəvi şəkildə gələn
və obyektiv aləmdə baş verən dəyişikliklərdən kültürə daxil olaraq bizi özünün
təsiri altına alan amillərdir. Biz, onların axarına düşərək, kortəbii şəkildə
obyektiv proseslərin icraatçısına çevrilirik. Biz zahiri amilləri gördüyümüz
halda, onun mahiyyətində gizli olan obyektiv səbəbləri görə bilmirik. Problemin
həlli isə, onları görməkdən keçir.
Günü-gündən artan və ailənin süqutuna şərait yaradan boşanmaların səbəbləri
cəmiyyəti düşündürür. Boşanma səbəbləri hər bir ölkə və xalq üçün eyni ola bilməz.
Çünki fərqli mentalitet, özünəməxsus sosal-mədəni inkişaf tarixi və fərqli
sosial-iqtisadi inkişaf səviyyələri və digər amillər burada xüsusi rol oynayır.
Bununla yanaşı, hər bir ölkə daxilində fərqli stratifikasiyalar arasında da fərqli səbəblər ola bilər. Məsələn, Rusiyada boşanmalara səbəb olan amillər arasında əyyaşlıq və narkomanlıq amili 41% ilə ön cərgədə gedir. Daha sonra evsizlik (26%), qohumların ailə işlərinə müdaxiləsi (14%) və sonsuzluq (8%) problemləri üstünlük təşkil edir (diaqram 5).
Diaqram 5. Rusiyada
boşanma səbəbləri
Türkiyədə boşanmalara səbəb olan amillər arasında qadın (61.5%) və kişinin (40.2%) ailədə bir-birinə münasibətdə məsuliyyətsiz və laqeyd davranmaları ön cərgədə gedir. Daha sonra maddi sıxıntı (qadınlar 42.6%, kişilər 17.8%) və zorakılıq (qadınlar 36.4 %, kişilər 2.5 %) halları boşanmalara səbəb olur (diaqram 6).
Diaqram 6. Türkiyədə
boşanma səbəbləri
Azərbaycanda boşanmaların
səbəbləri ilə bağlı açıq statistika ortada yoxdur. Bu məlumatlar nə DSK-nin, nə də AQUPDK-nin rəsmi internet səhifəsində
yer alır. Lakin, AQUPDK-nin bu səpgidə sosioloji araşdırmalardan və
məhkəmə sənədlərindən müəyyən məlumatlar əldə etdiyi anlaşılır. AQUPDK-nin rəsmisi
Aynur Veysəlova mətbuata verdiyi müsahibəsində bildirir: “Boşanmaların altında çoxsaylı və dərin mənəvi-psixoloji amillər
dayanır. Daha sonra gəlir reproduktiv sağlamlıqdakı problemlər, zərərli
vərdişlərə aludəçilik, məişətdaxili zorakılıq, xəyanət və altıncı yerdə gəlir
sosial vəziyyət. Biz özümüz 2 minə yaxın respondent arasında online sorğu
keçirmişik. Orada iştirakçılar da sosial-maddi durumu səbəblər sırasında 6-7-ci
yerdə qeyd ediblər. Yəni, bu səbəb sıralamada Ədliyyə Nazirliyindən aldığımız
məlumatlarda və bizim sorğumuzda təxminən eyni yerdə dayanır.”.
Göstərilən
bu boşanma səbəblərinin də
zahiri-subyektiv və daxili-obyektiv tərəfləri vardır. Biz, bu məlumatlarına əsaslanaraq, Azərbaycanda boşanmaların
səbəblərini aşağıdakı ardıcıllıqda təhlil etməyə çalışacağıq:
1.
Çoxsaylı və dərin
mənəvi-psixoloji amillər
2.
Reproduktiv sağlamlıqdakı
problemlər
3.
Zərərli vərdişlərə
aludəçilik
4.
Məişətdaxili zorakılıq
5.
Xəyanət
6.
Sosial-iqtisadi vəziyyət
1. Boşanma səbəbləri:
individualizm
AQUPDK-nin sədri Hicran Hüseynova bildirib: “Araşdırma
göstərir ki, boşanma hallarının səbəblərindən biri də kişilərin
məsuliyyətlərini bilməmələridir. Məcburi şəkildə qurulan ailələr də bir neçə il
keçdikdən sonra dağılır.".
AQUPDK-nin
rəsmisi Aynur Veysəlova bildirir: “Bu gün
boşanmaların əsasında insanların ailə institutuna münasibətindəki dəyişmələr,
sosial-mənəvi məsuliyyətin aşağı olması dayanır. Bir çox hallarda insanlar
ailəyə toya qədərki dövr kimi yanaşır. Toydan sonrakı birgə yaşayış, ər-arvad
qarşısında, daha sonra uşaqlar qarşısında mənəvi-sosial məsuliyyət barədə
düşünmürlər. Təəssüflər olsun ki, bu gün bu məsuliyyət hissi çox aşağıdır. Ailə
qurmağa çox primitiv hal kimi yanaşırlar. Sonra isə, davam gətirə bilməyərək
boşanırlar. Bilirsiniz, 15-20 il əvvəl insan boşanmışam deyəndə bir balaca narahat
olurdu. Amma bu gün istər qadın, istərsə kişilər arasında belə narahatlıq hiss
olunmur.” [50].
AQUPDK-nin rəsmisinin ifadələri müvafiq təşkilatların
araşdırmalarının və müşahidələrinin nəticəsidir. İnsanların, xüsusilə gənclərin
ailəyə münasibətdə məsuliyyətlərinin azalması bütün dünyada (əsasən Qərbin sənaye
şəhərlərində) müşahidə olunan bir prosesdir. Türkiyədə də boşanmaların əsas səbəbləri
arasında məsuliyyətsizlik və laqeydlik ön yerdə durur (diaqram 4.5).
2014-2016 illərində Azərbaycanda uşaqlarını bilərəkdən baxımsız
qoyduğuna görə 660 valideyn məsuliyyətə cəlb edilib, həmçinin, bu müddətdə avaraçılıq
və dilənçiliklə məşğul olan 1464 uşaq polis orqanları tərəfindən aşkarlanıb
[51]. Təbii ki, bu rəsmi rəqəmlər gerçəkliyin cüzi bir qismini əks etdirir. Ailələrdə
məsuliyyətsiz və laqeyd valideynlərin qayğısından məhrum olan minlərlə uşaqlar
vardır ki, cəmiyyət onların problemlərindən xəbərsizdir. Yaxud, minlərlə ailələr
vardır ki, onların bütün maddi-mənəvi yükü anaların üzərinə yüklənmişdir. Görünən
odur ki, ənənəvi olaraq ailədə məsuliyyət daşıyan ataların böyük bir qismi son
dövrdə öz ənənəvi məsuliyyət hissini itirir və ailəsinə qarşı laqeydlik xəstəliyinə
tutulurlar. Belə ailələrdə qadınlar bütün maddi-mənəvi yükü (həmçinin, ərə
baxmaq) çəkə bilmədikləri təqdirdə, nə qədər çətin olsa da boşanmaya qərar
verirlər. Qadınların, ailəsinə (həyat yoldaşı və uşaqlarına) maddi-mənəvi məsuliyyət
hissi ilə yanaşan kişilərdən ayrılması halları geniş yayıla bilməz. Çünki kişilərin
ailəsinə görə çəkdiyi maddi-mənəvi məsuliyyət hissi qarşılıqlı sevgi və hörmətin
təməlində dayanır.
Ailədə fərdləri bir-birinə bağlayan yalnız qan
qohumluğu deyil, həmçinin, oxşar fiziki, zehni, emosional, psixiki xüsusiyyətlər,
ümumi məişət, ortaq dəyər və əxlaq normalarıdır. Əslində, bu mürəkkəb və
kompleks maddi-bioloji, mənəvi-psixoloji elementləri bir araya gətirən və
onları tənzimləyən mexanizm hüquq sistemidir. Nikah müqaviləsi ilə başlayan bu
hüquqi sistem, ata, ana və övladların qarşılıqlı maddi-bioloji və mənəvi-psixoloji
münasibətlərinin təməlində dayanır. Hüquq normaları əsasında öz vəzifələrini dərk
edən yetkin tərəflər (qadın və kişi) hüququn müxtəlif formaları (dövlət
qanunları, dini hökmlər, adət və örflər) qarşısında məsuliyyət daşıdıqlarını qəbul
edirlər. Əks təqdirdə, tərəflər arasında məsuliyyət hissi formalaşa bilməz və
deməli, ailə qurumu yarana bilməz.
İnsan
fenomeni, fərqli (bəzən zidd) fiziobioloji və fiziopsixoloji xüsusiyyətlərə
malik olan qadın və kişi cinsindən ibarətdir. Bu fərqlilikləri və ziddiyyətləri
bir araya gətirən fiziopsixoloji mexanizm nəslin davam etdirilməsi, bioloji tələbatların
yerinə yetirilməsi, qarşılıqlı cazibə hisslərindən (məhəbbət) yaranan
yaxınlaşma zərurətidir. Bu zərurət, onları nikah müqaviləsində, ailə qurumunda
bir araya gətirir. Ailə, bir hüquqi qurum kimi, onlara müəyyən vəzifə və məsuliyyətlər
verməklə, onlar arasındakı ziddiyyət və fərqlilikləri tənzimləyir. Bu baxımdan,
hüquq, tərəflərin maraqlarını tənzimləyən yüksək avtoritetə çevrilir. Tərəflər
ailədə öz hüquq, vəzifə və məsuliyyətlərindən imtina etdikləri halda, ailə
qurumu bir sosial varlıq kimi təhlükə altında qalır.
Bununla yanaşı, KİV-dən və şəxsi müşahidələrdən əldə
olunan məlumatlara əsasən demək olar ki, müasir dövrdə gənclərin ailə həyatına
münasibəti, sovet dövründə evlilərin ailəyə olan münasibətindən çox fərqlənir.
Yaşlı nəsil, ailəyə xüsusi bir dəyər verdiyi halda, bir qisim gənclər artıq ona
bir dəyər kimi baxmırlar. Buna görə də, bu gənclər üçün ailənin qurulması böyük
bir tarixi gün olmadığı kimi, onun dağılması da bir faciə deyildir. Çünki gənc
valideynlərin övladlarına olan münasibətində də müəyyən laqeydlik hissi
formalaşıbdır. Bu tendensiya, bütün gənclərə sirayət etməsə də, KİV-dən,
sosioloji araşdırmalardan və şəxsi müşahidələrdən əldə olunan məlumatlara əsasən
demək olar ki, tədricən kütləviləşir. Bu, yanlız Azərbaycanda deyil, modernləşmə
və qloballaşma prosesindən sürətlə keçən bütün cəmiyyətlərdə kütləvi hal
alır.
Nə baş
verir? Nəyə görə gənclərdə laqeydlik, eqoistlik, məsuliyyətsizlik hissləri güclənir?
Nədən ənənəvi ailədə ataların daşıdıqları maddi-mənəvi məsuliyyət hissi,
anaların fədakarlıq xüsusiyyətləri, ailə qurumu ilə bağlı kollektiv dəyərlər tədricən
zəifləyir?
Biz düşünürük ki, mövcud tendensiyanın təməlində
obyektiv səbəblər dayanır. Onlar aşağıdakılardır:
1.
Cəmiyyətdə
individual dəyərlərin kök salması və real-emosional ünsiyyətin qeyri-emosional
virtual ünsiyyətlə əvəz olunması;
2.
Qadınların cəmiyyətdə
iqtisadi müstəqilliyinin artması və gender rollarının kişi = qadın formulu
istiqamətində tədricən dəyişməsi.
İnternet bəşəriyyət tarixinə daxil olan ən böyük bir ixtiradır. Onun
müsbət tərəfləri olduqca çoxdur. Lakin, internetdə insan və cəmiyyət üçün təhlükəli
olan amillər də kifayət qədərdir. Onlardan biri, insanların tabuların, dəyərlərin
və sərhədlərin olmadığı virtual aləmi, tabuların, dəyərlərin və sərhədlərin
olduğu real aləmdən daha çox sevmələri və ona aludə olmalarıdır. Bu aləmin
sakinləri həmçinin, sosial şəbəkələrdə, pornoqrafik saytlarda, qorxulu
oyunlarda iştirak etmək və psixikası pozulmuş terrorçu, manyak, əxlaqsız fərdlərlə
əlaqə yaratmaq imkanlarına sahib olurlar. Bunlar, yanlız, həmin insanların mənəvi-psixoloji
durumunun dəyişməsinə deyil, həmçinin, onların ətrafında olan insanlar ilə
münasibətlərinin də dəyişməsinə şərait yaradır. Ailə üzvlərindən hər birinin
gizli virtual aləmi real ailə mühitinin birliyini parçalayır və onun yerində
formalaşan boşluq tədricən ailənin “qara dəliyi”nə çevrilir. Bu tendensiyanın
inkişaf etməsi, cəmiyyətin də eyni aqibət ilə üzləşməsinə şərait yaradır.
Son dövrdə
ictimaiyyətdə ətraf aləmə qeyri-emosionallığı, diqqətsizliyi, laqeydliyi,
eqoizmi və real aləmdən daha çox virtual aləmə bağlılığı ilə seçilən, sərhədsiz
və tabusuz virtual aləmin sakinləri kimi qeyri-məhdud zaman və məkan, əxlaq və
dəyər anlayışlarına, fərqli psixika, davranış və həyat tərzinə malik olan və
reallıqla uzlaşa bilməyən bir “robot nəsildən” bəhs olunur. Fərqli mühitdə
yetişən yaşlı nəsil, bunları daha aydın şəkildə müşahidə edə bilir. Məsələn,
ictimai yerlərdə olarkən və yolda gedərkən gözləri mobil telefonlarda olan,
qulaqları qulaqçıqlar ilə qapanan, ətrafında baş verənləri görüb-eşitməyən, əksər
hallarda avtobuslarda uşaq və yaşlılara yer verməyən, qonşu və qohumlarla əlaqə
qurmağa meyil etməyən, ailədə valideynlərin, məktəb və universitetlərdə müəllimlərin,
cəmiyyətdə yaşlıların avtoritetini qəbul etməyən, ailə üzvləri ilə az ünsiyyətdə
olan, həyatının böyük bir hissəsini internetdə hərəkətsiz şəkildə keçirən,
dostlarını, gələcək həyat yoldaşını ünsiyyət qurduğu virtual aləmdə axtaran bir
nəsil mövcuddur. Əslində, cəmiyyətdə və şəxsiyyətin formalaşması prosesində baş
verən bu hadisələri individualizm kimi
səciyyələndirmək olar.
İndividualizm
dəyərləri Azərbaycanda hələ SSRİ dövründən kök salmağa başlamışdı. Bolşevik
inqilabı feodal sistemin bütün kollektivçilik ənənələrini ortadan qaldırmaqla,
individualizmə yol açdı. Lakin, sonradan sosializm ideologiyası istiqamətində
fərdləri əmək kollektivlərində və “sovet vətəndaşı” kimliyində birləşdirməyə
çalışdı. Bu kollektivçilik əvvəlki fundamental etnik və dini kollektivçilik
dəyərlərindən fərqlənirdi. Kənd və rayonlarda isə, bu siyasət kolxoz və sovxoz
səviyyəsində həyata keçirildi. Lakin, bölgələrdə şəhərdən fərqli olaraq, ailə-qohumluq
institutuna əsaslanan ənənəvi kollektivizm dəyərləri özünü qoruyurdu. Çünki
şəhərlərə nisbətdə modernləşmə prosesləri zəif gedirdi.
SSRİ-nin
süqutu və sosializmin iqtisadi sisteminin çöküşü əmək kollektivizmini də
ortadan qaldırdı. Etnik, dini, ideoloji kollektiv dəyərlər yenidən gündəmə
gəldi. Lakin, bunlar pərakəndə xarakter daşıdı. Bütün cəmiyyəti bir araya
gətirən milli ideya axtarışı aktuallaşdı. Buna paralel şəkildə qloballaşma
prosesləri də son 30 ildə öz işini gördü.
Artıq,
son 30 ildə hökm sürən qloballaşma şəraitində və milli-mənəvi boşluq mühitində
bir nəsil yetişdi. Bu nəsil valideynlərinin mənəvi varisi ola bilməzdi. Çünki
valideynlərinin inandığı və yaşadığı dəyərlər sistemi çökmüşdü. Onlar öz
valideynlərindən həyat yolu barədə də məsləhət ala bilməzdilər. Çünki baş verən
hadisələr hamı üçün qeyri-müəyyən idi. Belə bir durumda, hər kəs öz yolunu
axtarmalı idi. Məhz, bu axtarış individual dəyərlərin ortaya çıxmasına və
inkişaf etməsinə təkan verdi. Əslində, bunun özünüdərk ilə bağlı müsbət
tərəfləri də vardır. Lakin, qloballaşma və onun nəhəng kütləvi mədəniyyəti bu
özünüdərk prosesinin inkişaf etməsinə mane olur və onu internet vasitəsilə
yönləndirir.
90-cı illərdən ölkədə internetin genişlənməsi,
individualizm dəyərlərinin tədricən gənclər arasında sürətlə yayılmasına şərait
yaratdı. Bakı şəhərində kollektivizm dəyərləri bölgələrə nisbətdə çox zəif idi.
Bölgələrdə ənənəvi kollektivizm dəyərləri öz varlığını bu və ya digər şəkildə
qoruyub saxlayır. Çünki qloballaşmanın təsiri periferiyalara daha gec çatır.
Lakin, bölgələrdə sosial-iqtisadi durumun çətin olması, bölgə əhalisinin
şəhərlərə miqrasiya etməsinə səbəb oldu. Əslində, bu miqrasiya şəhərlərdə transformasiya
proseslərinin sürətini bir qədər ləngitdi. Çünki şəhərlərdə kollektiv dəyərləri
qoruyub saxlamağa çalışan və bu münasibətləri inkişaf etdirmək üçün qohumlar
(və ya tayfalar) arasında evlənən bölgə əhalisinin qohumbazlıq, tayfabazlıq
davranışları davam etməyə başladı. Azərbaycanda toy və yas adətləri, xalq və
dini bayramlar (novruz, qurban, ramazan) da ənənəvi kollektivizm dəyərlərini
mühafizə edən mexanizm kimi dəyərləndirilə bilər.
İnsanlarda (xüsusilə, gənclərdə) məsuliyyət hissinin
azalması və laqeydliyin artması, individualizm dəyərlərinin kollektivizm dəyərləri
üzərində üstünlük qazandığını göstərir. İndividualizm, boşanmalarda dərin mənəvi-psixoloji amillərin
mənşəyində, gənclər arasında ailəyə münasibətin dəyişməsində, sosial-mənəvi
məsuliyyətin aşağı olmasında, insanların son dövrdə bir-birinə olan laqeyd
münasibətlərində özünü biruzə verir.
İndividualizm dəyərləri ilə yaşayan ailələrdən fərqli olaraq,
kollektivizm dəyərlərinin qorunduğu ailələrdə boşanma halları az olur. Çünki bu
ailələrdə olan münaqişələrə yaxın qohumlar, nəslin ağsaqqal və ağbirçəkləri
müdaxilə edir və onun aradan qaldırılması üçün vasitəçi olurlar. Bu tip
ailələrdə evliliklər əsasən qohumlar arasında baş verdiyi üçün, ailənin
dağılması kooperativ maraqlara cavab vermir. Kollektivizm mühitində cəmiyyətin
ağır sosial-iqtisadi və psixoloji yüklərini bir ailə deyil, kollektiv institut
öz üzərinə götürərək paylaşır. İndividualizm dəyərləri ilə yaşayan ailələrdə
isə, bunun əksi müşahidə olunur. İndividual mədəniyyətli ailələrdən fərqli
olaraq, kollektiv mədəniyyətli ailələr sosial təkamül prosesində,
sosial-iqtisadi inkişafda daha çox rəqabət gücünə malikdirlər. Buna görə də,
İslam dinində qohumluq, qonşuluq institutlarının qorunub saxlanılması dini
vəzifə kimi dəyərləndirilir.
Azərbaycanda
internetdən ilk istifadə 1993-cü ildən başlamış, 2006-cı ildən “odnoklassniki”
və daha sonra “Facebook” sosial şəbəkəsindən istifadə olunmuşdur. Bu gün,
onların sayı daha çoxdur. 2010-cu ildən başlayaraq sosial şəbəkələrdən istifadə
kütləviləşmişdir. Azərbaycanda 2010-2017-ci illərdə bağlanan nikahlara
(79172-62923-ə qədər azalmış) nisbətdə boşanmaların səviyyəsi (9061-14514)
11.4%-dən 23%-ə qədər, yəni, iki dəfədən çox artmışdır. Lakin, 1993-2010-cu illərdə
bağlanan nikahlara (60028 - 79172-ə qədər artmış) nisbətdə boşanmaların sayı
(6564 - 9061) 10.9%-dən 11.4%-ə qədər, yəni, cəmi 0.5% artmışdır. Maraqlıdır
ki, sosial şəbəkələrdən istifadə kütləviləşməyənə qədər Azərbaycanda 17 il ərzində
boşanma səviyyəsi artmadığı təqdirdə, sosial şəbəkələrdən istifadə kütləviləşəndən
sonra boşanmaların səviyyəsi cəmi 7 il ərzində 12% artmışdır. Biz
qeyri-rəsmi rəqəmləri də nəzərə salsaq, bunun daha çox olduğunu söyləyə bilərik.
Azərbaycanda
boşanmaların səviyyəsinin 7 il ərzində (2010-2017) 12%-dən çox artımın olması nə
ilə izah oluna bilər?
Azərbaycanda
boşanmaların səviyyəsi son 50-60 ildə heç bir zaman 7 il ərzində (2010-2017)
olan kimi 12% artmamışdır. 1945-1960 illərdə bu rəqəm 1%-dən 6%-dək, 1960-1965
illərdə 6%-dən 9%-dək, 1965-1975 illərdə 9%-dən 15%-dək, 1975-1990 illərdə
15%-dən 19.2%-dək təşkil etmişdir. Göründüyü kimi, son 7-8 ildə boşanmaların səviyyəsi
digər illərə nisbətdə xeyli irəli getmişdir. Bunun səbəbini, sosial-iqtisadi
problemlərdə axtarmaq da doğru olmazdı. Çünki Azərbaycanda 2010-2017 illərdə
sosial-iqtisadi durum heç də 60-70-ci illərdə olan sosial-iqtisadi durumdan
aşağı olmamışdır. Halbuki, həmin dövrlərdə boşanmaların səviyyəsi müqayisədə
aşağı olmuşdur. Azərbaycanda 2010-2017 illərdə boşanmaların səviyyəsinin sürətlə
artmasının əsas səbəblərindən birinin sosial şəbəkələr olduğu şübhə doğurmur.
Orkhanrza.com-un açıqladığı yeni statistik məlumatda qeyd olunur ki, 2018-ci ildə
Azərbaycanda aktiv Facebook istifadəçilərinin sayı 1.73 milyon təşkil edir. Bunların 68.2%-ni (1.18 milyon) kişi, 31.8%-ni (0.55 milyon) qadınlar təşkil edir.
İstifadəçilər Facebook-a daha çox mobil
cihazlardan daxil olur. Statistika göstərir ki, istifadəçilərin 9%-i Facebook-a
yalnız kompüterdən daxil olur. 25% həm kompüter, həm mobil cihazlardan daxil
olursa, 66% istifadəçilər Facebook-a yalnız mobil cihazlardan daxil olurlar.
Mobil cihazlar arasında
Android əməliyyat sisteminə malik telefonlar üstünlük təşkil edir. Facebookda
istifadəçilərinin 200 mini münasibət vəziyyətini (relationship status) subay
olaraq, 190 mini isə evli olaraq qeyd edib [58].
2016-2017-ci il məlumatları da göstərir ki, Azərbaycanda Facebook istifadəçilərinin sayı 1,75 milyon, Instagram istifadəçilərinin sayı isə 1,66 milyona çatıbdır (ümumi sayı 2,5 milyondur).
Onlardan 840 mini
yalnız Facebook, 750 mini yalnız Instagram, 910 mini isə hər ikisinin istifadəçisidir
[58]. “Odnoklassniki”
şəbəkəsinin Azərbaycanda bazar payı 2014cü ildə 1%-dən aşağı düşübdür [59].
İstifadəçilərin yaşına
baxanda görürük ki, Facebook və Instagram auditoriyaları təxminən eynidir.
Lakin, 36-45 yaşlarda Instagram istifadəçilərinin sayı Facebook ilə müqayisədə
xeyli çoxdur. Facebook və Instagram istifadəçilərinin cins nisbətinə diqqət
yetirəndə görürük ki, hər ikisində qadın və kişilərin nisbəti təqribən eynidir.
2016-2017-ci illərlə 2018-ci il arasında müqayisə aparanda məlum olur
ki, Facebook istifadəçilərinin sayı 1,75 milyondan 1.73 milyona enmiş, xüsusilə qadın istifadəçilərin sayı təqribən
iki dəfə azalmışdır. Yaş fərqinə diqqət yetirsək görərik ki, digər yaş
qruplarında qadınların sayı təqribən iki dəfə azalsa da, 36-45 yaş qrupunda
onların sayı təqribən iki dəfə çoxalmışdır.
Facebook istifadəçilərinin 200 mini subaydırsa, 190 mini evli, 18
mini nişanlıdır. Təbii ki, bu statusların əksəriyyəti gerçəkliyi əks etdirmir.
Lakin, həqiqət odur ki, əhalinin bütün yaş qrupları ailə vəziyyətindən və
cinsindən asılı olmayaraq virtual aləmdə sosial şəbəkələrin istifadəçiləridirlər.
Azərbaycanda 20-35 yaş arasında boşananların əksəriyyət təşkil etməsini, onlar
arasında 61%-nin evlilik müddətinin 5-9
ildən artıq davam etməməsini və bu yaş qrupunda evli olanların aktiv internet istifadəçiləri olduğunu nəzərə
alsaq deyə bilərik ki, bu yaş qrupunda olan insanlar arasında boşanmaların əsas
səbəblərindən biri sosial şəbəkələrdir.
Əslində,
bu proseslər internetin inkişaf etdiyi bütün dünya ölkələrində gedir. “Slater
and Gordon” hüquq firması müəyyən edib ki, dünyada hər 7 ailədən biri sosial şəbəkələr
ucbatında dağılır. Dünyada hər 5-ci cütlüyün sosial şəbəkələrdə həyat
yoldaşının ona xəyanət edib-etmədiyini araşdırır, hər 4-cü cütlük ən azı həftədə
bir dəfə öz tərəf-müqabili ilə internetdən istifadəyə görə mübahisə edir. Bu
tendensiya, ilbəil artır.
Sosial şəbəkələr ailəyə və ailə üzvlərinə aşağıdakı mənfi təsirləri
göstərirlər:
1.
Öz həyatının böyük bir
hissəsini sosial şəbəkələrdə keçirən
insanların bir-birinə vaxt ayırması mümkün olmur. Həyat yoldaşı və uşaqlar
özlərinə daha çox vaxt sərf edilməsini və daha çox diqqət edilməsini tələb
edirlər. Bu tələbat ödənilmədikdə, onların hər biri öz virtual aləminə çəkilir
və ailədə, cəmiyyətdə emosional münasibətlər azalaraq soyuqlaşır, nəticədə ailə
və cəmiyyətdə fiziki baxımdan bir yerdə olan fərdlər, mənəvi-psixoloji baxımdan
bir-birindən təcrid olunurlar. Beləliklə, mənəvi-psixoloji bağlılığı itirən
fərdlər fiziki bağlılığa da ehtiyac hiss etmirlər.
2. Sıx internet istifadəçilərinin diqqəti ətraf aləmdən
virtual aləmə yönəlir. Bu isə, onlarda real ünsiyyət və emosional yetkinlik
problemləri yaradır. Özünü həyatda reallaşdıra bilməyən bu fərdlər özlərini
virtual aləmdə reallaşdırmağa çalışırlar. Nəticədə, onlar öz içinə qapanan, eqoist,
kompleksli insanlar kimi ətrafdakılar üçün maraqsız bir obyektə çevrilirlər.
Belə insanlar ailə həyatı üçün yararsız olurlar. Çünki ailənin təməlini
fədakarlıq, sevgi və mehriban ünsiyyət təşkil edir.
3. İndividualizm dəyərləri əsasən şəhər mühitində şəxsin
eqoizm, müstəqillik, özgələşmə hissini artırır və onu tənhalığa, qapalı həyat
tərzinə, qeyri-ənənəvi və aqressiv davranışlara, milli dəyərlərdən uzaqlaşaraq
qloballaşma dəyərlərinə sövq edir. Bu cür insanlar hesab edirlər ki, ailə onun
şəxsi azadlığını məhdudlaşdırır və özü üçün yaşamağa mane olur. Çünki ailə,
övlad əlavə bir yükdür və ya şəxsi həyatını yaşamaq, karyerasını qurmaq üçün
bir maneədir. Ailə həyatı qurmadan da nəsli davam etdirmək və həmçinin, öz
şəxsi həyatını istədiyi kimi yaşamaq mümkündürsə, ailə qurmaq üçün də zərurət
ortadan qalxır.
4. Evlilərin sosial şəbəkədən mütəmadi şəkildə istifadə
etmələri, ailədə evli cütlüklərin bir-birinə olan qarşılıqlı etimadını
zəiflədir. Nəticədə, onlar bir-birindən əsaslı və ya əsassız olaraq
şübhələnməyə başlayırlar. Sonra bu zəmində baş verən ilkin anlaşılmazlıqlar
ailənin dağılmasına təkan verir. Çünki onlar, bir-birini anlamağa şərait yaradan
emosional yetkinlik hissindən məhrumdurlar.
5.
Sosial şəbəkələr xəyanət hadisələrinin genişlənməsinə
operativ şərait yaradır. Çünki mobil telefonlar vasitəsilə sosial şəbəkələrə
daxil olmaq, orada operativ əlaqə yaratmaq və xəyanətin məxfiliyini qoruyub
saxlamaq imkanları daha da artır. Lakin, xəyanətlər gec-tez özünü biruzə verir
və nəticədə, boşanmalar, bəzən cinayət hadisələri baş verir.
Araşdırmalar göstərir ki, internet cəmiyyətdə individualizm dəyərlərinin
inkişafına şərait yaradır. Kollektiv dəyərlər virtual məkanda sosial şəbəkələrdə
formalaşır. Lakin, bu virtual əlaqələr real ünsiyyətin azalmasına səbəb olur.
İnsanlararası qarşılıqlı ünsiyyətin zəifləməsi, fərdin psixikasında eqoizm,
narsizm, özünəqapanma kimi xüsusiyyətlərin formalaşmasına və inkişafına şərait
yaradır. Beləliklə, cəmiyyətdə insalarası ünsiyyət və qarşılıqlı məsuliyyətin nəticəsində
yaranan kollektiv dəyərlər iflas edir. Bu dəyərlərin başında gələn ailə
qurumudur. Deməli, ailənin dağılmasının və boşanmaların artmasının birbaşa və
dolayı olaraq sosial şəbəkələrlə əlaqəsi vardır.
Bunun
qarşısını almaq üçün, insanların kütləvi şəkildə bir yerə toplanmasını və
ünsiyyət qurmasını təmin edən tədbir və layihələrin həyata keçirilməsinə
ehtiyac vardır. Bunlar aşağıdakılar ola bilər:
-
Parkların sayının artırılması;
-
parklarda gənclərin kollektiv idman oyunlarının təşkili;
-
şəhərsalma layihələrində həyatyanı sahələrin genişləndirilməsi
və orada bütün yaş qruplarının əylənməsini təmin edən sahələrin ayrılması;
-
Xalq oyunlarının (əvvəlki küçə oyunlarının) müasirləşdirilməsi
və onların həyata keçirilməsi üçün parklarda, həyətyanı sahələrdə şəraitin
yaradılması;
-
parklarda, ictimai yerlərdə yarışların təşkil
olunması və qaliblərin mükafatlandırılması;
-
ödənişsiz futbol və voleybol sahələrinin
artırılması;
-
açıq səma altında yaradıcılıq sahələrinin ayrılması
və s.
2. Reproduktiv sağlamlıq problemləri
Boşanmaların
səbəbləri arasında ən başlıcası
reproduktiv sağlamlıq problemləridir. Bu səbəblər, adətən hər iki tərəfdən
məhkəmələrdə “xasiyyət uyğunsuzluğu” adı altında gizli saxlanılır. Çünki
boşananların həm qürurunun sınmaması, həm də sonradan təkrar ailə qurması üçün
sağlamlıq problemləri gizlədilir.
AQUPDK-nin rəsmisi boşanmaların səbəbi
ilə bağlı araşdırmaların nəticələrini açıqlayıb: “Rəsmi olaraq boşanmalar
zamanı 70-80 faiz hallarda əsas səbəb tərəflər arasında anlaşılmazlıq, xasiyyətin
uyğun gəlməməsi göstərilir. Bundan sonrakı yerlərdə xəstəliklər, ailə münaqişələri,
sonsuzluq gəlir. Lakin araşdırmalara əsasən, boşanmaların qeyri-rəsmi səbəbləri
arasında ilk yerdə sonsuzluq durur. İl ərzində baş verən 12 min boşanma
faktından 7-8 minində ailələrdə uşaq yoxdur. Son 5 il ərzində həm rəsmi, həm də
qeyri-rəsmi statistikada sonsuzluğun artması qeydə alınıb” [62].
AQUPDK-nin rəsmisinin verdiyi məlumat diqqətçəkicidir.
Boşanmaların 60-70%-nin sonsuzluqdan irəli gəldiyini və bunun ilbəil artdığını
nəzərə alsaq təhlükənin nə qədər ciddi olduğunu anlamalıyıq. Bu tendensiya, ailələrin
dağılmasına və nəticədə genofondun məhv olunmasına yönəlibdir.
Biz əsas evlilik yaşında olan (20-40) insanların xəstəlikləri arasında ailə həyatına mənfi təsir göstərən xəstəliklərə diqqət yetirsək, onların ilbəil artdığını görərik (diaqram 6).
Diaqram 6. 2016-cı ildə əhalinin yaş qrupları üzrə xəstələnməsi
Biz,
yuxarıdakı diaqrama diqqət yetirəndə görürük ki, bədxassəli yenitörömələr digər xəstəliklər arasında 1.4% təşkil edir.
Xüsusilə, bu, 30 və yuxarı yaşlardakı qadınlar arasında geniş yayılır. İlk dəfə qoyulmuş diaqnozla qeydə alınmış
qadın xəstələrin arasında əsasən bədxassəli yenitörömələrin ümumi sayı
2000-2016 illərdə 2431-dən 5572-ə yüksəlmişdir. O cümlədən, 2000-2016 illərdə uşaqlıq
boynunun və cisminin, ciftin (321-dən 682-ə), yumurtalığın (126-dan 331-ə),
uşaqlıq boynunun eroziyası və ektropionu (4462-dən 7849-a), menstruasiya
dövrünün pozulması (3076-dan 10946-a), qadın sonsuzluğu (726-dan 2208-ə),
hamiləlik, doğuş və zahılıq dövründə (12666-dan 57581-ə) yüksəlmişdir.
14-29
yaşarası gənclərdə (qadın və kişilərdə) cinsi xəstəliklər artır. 2007-2016 illərdə sidik-cinsiyyət
sisteminin xəstəlikləri (17181-dən 33042-ə), hamiləlik, doğuş və zahılıq
dövründə (16525-dən 37974-ə), anadangəlmə anomaliyalar (inkişaf qüsurları),
deformasiyalar və xromosom pozğunluqları (604-dən 912-ə) yüksəlmişdir.
30 və daha yuxarı yaşlarda (qadın və kişilərdə) da cinsi xəstəliklər artır. 2007-2016 illərdə sidik-cinsiyyət
sisteminin xəstəlikləri (36063-dən 54679-a), hamiləlik, doğuş və zahılıq
dövründə (12815-dən 19607-ə) yüksəlmiş, anadangəlmə anomaliyalar (inkişaf
qüsurları), deformasiyalar və xromosom pozğunluqları isə enmişdir (348-dən
272-ə).
Əhali arasında sifilis xəstəliyinin səviyyəsi 2012-ci ildən bu günə kimi artan xətt üzrə yüksəlir. Eynilə, qadınların hamiləlik riskini artıran abortların sayı 2003-cü ildə bu günə kimi artan xətt üzrə davam edir (diaqram 5.7). Azərbaycanda intim xidmətlərin qeyri-rəsmi şəkildə mövcud olması isə, onların tibbi nəzarətə götürülməsinə mane olur və nəticədə, siflis, spid kimi bir çox xəstəliklərin meydana çıxmasına şərait yaradır.
Diaqram 7. Əhalinin
sifilis ilə xəstələnmə səviyyəsi (1)
Göründüyü
kimi, qadın və kişilərdə sağlam övlad dünyaya gətirməklə bağlı ciddi problemlər
mövcuddur və onların sayı get-gedə daha da artmaqdadır. Təbii ki, bu
problemlərin dərinləşməsi ailələrin dağılmasına birbaşa təsir göstərir.
Ailələrin
dağılmasında ailədaxili zorakılıq hallarının özünəməxsus payı vardır. Ailədaxili
zorakılıq hallarının ortaya çıxmasına səbəb olan amillər müxtəlif ola bilər. Burada,
narkomaniya və alkoqolizm, əsəb və psixi xəstəliklər,
qısqanclıq, xəyanət və digər bu kimi amillər səbəb kimi göstərilə bilər.
Ailələrin
dağılmasına, ailədaxili zorakılıq hallarının artmasına və hətta, dəhşətli ailə
cinayətlərinin ortaya çıxmasına səbəb olan amillərdən ən başlıcası əsəb və
psixi xəstəliklərdir. Bu xəstəliklər, bəzən özünü biruzə vermir və müəyyən
məqamlarda fəallaşır. Evlənənlər ilk dövrlərdə bu kimi halları müşahidə etməyə
də bilərlər. Lakin, ailə qurulduqdan sonra belə hallar üzə çıxır. Azərbaycanda
sinir sistemi xəstəlikləri sürətlə inkişaf edir. Təbii ki, belə bir mühitdə
yaşamaq və övlad böyütmək çox təhlükəlidir.
2007-2016 illərdə 14-29 yaşarası gənclərdə (qadın və kişilərdə) psixi
pozğunluqlar və davranış pozğunluqları 3983-dən 3704-ə enmiş, lakin, sinir
sistemi xəstəlikləri 7230-dan 13206-a yüksəlmişdir. Bu xəstəliklər, ümumi
xəstəliklər sırasında 8.8% təşkil edirlər. 2007-2016 illərdə 30 və daha yuxarı yaşlarda (qadın və kişilərdə)
psixi pozğunluqlar və davranış pozğunluqları 7652-dən 4830-a enmiş, lakin, sinir
sistemi xəstəlikləri 17409-dan 26005-ə yüksəlmişdir. Bu xəstəliklər, ümumi
xəstəliklər sırasında 8.9% təşkil edirlər (DSK). Sinir sistemi xəstəliklərinin
təqribən iki dəfə artması, cəmiyyətdə və ailədə aqressiyanın da iki dəfə
artdığını göstərir.
Evlilik
yaşında olan insanların cinsi xəstəliklərə məruz qalması və bu xəstəliklərin
sayının ilbəil artması, sinir sistemi xəstəliklərinin artması müvafiq sahələr
üzrə dövlət qurumlarının (Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi) və
mütəxəssislərin məsuliyyətlərini artırır. Bunun səbəbləri arasında genetik
məhsulların (GMO) istehlakı da dayana bilər. Düzdür, Azərbaycanda GMO
məhsullarının istehlakına rəsmi qadağa qoyulmuşdur. Lakin, GMO toxumları
qadağadan əvvəlki illərdə kənd təsərrüfatında özünə yer etmişdir. Boston
alimlərinin empirik araşdırmaları sübut etmişdir ki, GMO məhsulları hormonal
balansın pozulmasına, spermatoidlərin tərkibinin zəifləməsinə, sonsuzluq
xəstəliyinin ortaya çıxmasına, hətta, psixoloji problemlərin yaranmasına
birbaşa təsir göstərir [64]. Eyni zamanda, bioloji elmlər doktoru İrina
Yermakovanın da araşdırmaları bunu təsdiq edir. Son dövrdə psixoloji
problemlərlə əlaqədar olan intihar hallarının artmasında da bu amillərin rolu
ola bilər.
4. Zərərli vərdişlərə aludəçilik (alkoqolizm və
narkomaniya)
Azərbaycanda alkoqolizmə, içkiyə meyillik səviyyəsi
yüksək deyildir. Əsasən, əhalinin böyük bir qismi yalnız şənlik məclislərində,
yeni il bayramında spirtli içkilərdən istifadə edir. SSRİ dövründən fərqli
olaraq son dövrdə milli-mənəvi dəyərlərə qayıdış, içkiyə meylin qismən
azalmasına səbəb olmuşdur. Azərbaycanda alkoqolizm səviyyəsi əsasən əhalinin hər
100.000 nəfərinə 5-10 rəqəmi arasında qalxıb enir.
Alkoqolizmin yaşandığı ailələrdə boşanmalar geniş yayılmışdır. Rusiyada boşanmaların 41%-i alkoqalizm və narkomaniya ilə əlaqədardır. Azərbaycanda narkomaniya meyillilik səviyyəsi alkoqolizmdən 3-4 dəfə çoxdur. Azərbaycanda narkomaniyanın səviyyəsi əsasən əhalinin hər 100.000 nəfərinə 20-25 rəqəmi arasında qalxıb enir (2006-2010 illərində 25-35 rəqəmi arasında olmuşdur) (diaqram 8).
Diaqram 8. Alkoqolizm,
narkomaniya və toksikomaniya
xəstələrinin sayı (DSK)
Azərbaycanda
narkomaniyanın və alkoqolizmin artması ailələrin dağılma səviyyəsinə
adekvatdır. Çünki bu xəstəliyə tutulan insanlar ailə qurumunun qorunub
saxlanılması ilə əlaqədar olan bütün funksiyalarını itirirlər və öz zərərli vərdişləri
ilə mexaniki olaraq ailənin dağılmasına xidmət edirlər. Belə insanlar nəinki
ailə üçün, hətta, cəmiyyət üçün yararsız və təhlükəli mənbəyə çevrilirlər. Ailədə
və cəmiyyətdə müşahidə olunan bir çox münaqişələrin, zorakılıq hallarının və
cinayətlərin əsasında bu zərərli vərdişlər dayanır.
Azərbaycanda
əsasən gənclər arasında yayılan narkomaniya və alkoqolizmin qarşısını almağın ən
optimal yolu, islami dəyərlərin orta məktəb dərsliklərində geniş təbliğ
olunması, spirtli içkilərin qiymətlərinin bir neçə dəfə yüksədilməsi, narkomaniya
ticarəti mənbələrinin aşkar olunaraq ləğv edilməsi və zərərli vərdişlərə aludəçilərin
reabilitasiyası və sosial həyatda fəallaşması ilə bağlı dövlət layihələrinin həyata
keçirilməsi məqsədəuyğundur.
5. Boşanmalarda xəyanət amili
Xəyanət məsələsi daima boşanmalara və hətta
ağır cinayətlərə səbəb olan amil olmuşdur. Şəriət məhkəməsi ilə idarə olunan bəzi
müsəlman ölkələrində xəyanət, zina halı kimi həm kişilər, həm də qadınlar üçün
cinayət hadisəsi və günah hesab olunur. Xüsusilə, evli insanlara münasibətdə bu
cinayətin şərtləri daha ağırdır. Lakin, sekulyar dövlətlərdə zina, cinayət
hadisəsi və günah hesab olunmur. Azərbaycan dünyəvi bir dövlət olduğu üçün,
zina ilə bağlı cinayət məsuliyyəti yoxdur. Çünki Azərbaycan 70 il sovet dövlətinin
tərkib hissəsi olmuş və müstəqillik illərindən sonra da dünyəvi dövlət kursunu
davam etdirmişdir.
Buna baxmayaraq, Azərbaycan cəmiyyətində
mövcud olan keçmiş ənənələr milli şüurda xəyanət hadisəsinə qarşı sərt münasibət
sərgiləyir. Maraqlıdır ki, bu münasibət əsasən qadın xəyanətinə qarşı yönəlibdir.
Əksər hallarda, cəmiyyətdə kişi xəyanətinə münasibət o qədər də ciddi deyildir.
Əksər kişilər və bəzi qadınlar, evli kişilərin xəyanət etməsinə normal bir
hadisə kimi baxırlar. Onlar, ailənin maddi təminatını ödəməklə öz vəzifələrini
yerinə yetirdiklərini düşünürlər. Qadınların ənənəvi olaraq kişilərdən iqtisadi
asılılığı, onları bu rəzalətə dözməyə vadar edir və ya boşanmaya getməsinə səbəb
olur.
KİV-də ağır ailə durumları ilə
bağlı məlumatlar vardır: 5 il ailəli olan qadın öz əri barədə deyir: "Daim
başqa qadınlarla gəzməklər, kef həyatı. Yəni, bir sözlə ailəsini görmürdü ki,
var, ya yoxdur. Sonda dözmədim, ayrıldım. Heç bir qadın alçalmağa layiq deyil.
Hal-hazırda oğlumu təkcə böyüdürəm. Ən azından təhqirlərdən, alçalmalardan
azadam." [66].
Adətən,
ailəyə ən çox xəyanət edənlər kişilərdir. Çünki kişilərin xəyanəti cəmiyyətdə
adi bir hal kimi qəbul edildiyi halda, qadınların xəyanəti ağır sosial qınaq ilə
üzləşir. Qadınların xəyanəti ən yaxşı halda ailənin dağılması ilə nəticələnirsə,
kişilərin xəyanəti təsadüfi hallarda boşanmaya səbəb olur. Çünki xəyanətə məruz
qalan kişilər öz qohumları, qonşuları, əmək kollektivi arasında öz nüfuzunu
tamamilə itirirsə, xəyanətə məruz qalan qadınlar bu cür aqibətlə üzləşmirlər.
Lakin, individualizmin inkişaf etdiyi böyük şəhərlərdə bu kimi hallar tədricən
ortadan qalxdığı üçün, xəyanət hadisəsi adiləşir. Məsələn, Qərb ölkələrinin bəzi
ailələrində qadın və kişi bir-birinin kənardakı intim həyatlarına müdaxilə
etmir və bunu norma kimi qəbul edirlər. Bu cür ailələr, əslində formal şəkildə
mövcuddurlar. Son dövrdə Bakı şəhərində belə ailələrin sayı artmışdır.
Qadınların
cəmiyyətdə iqtisadi müstəqilliyi artdıqca, yəni, gender bərabərliyi öz töhvəsini
verdikcə, onların ərlərindən iqtisadi asılılığı azalır. Artıq, bu şərtlər çərçivəsində
meydana çıxan bərabərlik, kişilərin davranışlarının dəyişməsinə səbəb olur.
Çünki kişilər anlayırlar ki, xəyanətlərinin qarşılığında qadınlar onları tərk
edərək müstəqil yaşamaq iqtidarındadırlar. Kişilər öz xəyanətlərini davam
etdirdikləri təqdirdə, ya onların ailələri dağılır, ya da qadınlar da ailəni
davam etdirmək şərti ilə gizli xəyanət yolunu seçirlər. Son dövrdə sosial şəbəkələrin
geniş yayılması və mobil telefonların sonsuz imkanları həm qadınlara, həm də
kişilərə xəyanət etmək üçün münbit şərait yaradır. Təbii ki, bu gizlilik gec və
ya tez üzə çıxdığı üçün, boşanmalar və cinayət hadisələri artır.
Son dövrdə xəyanət hallarının genişlənməsi üçün münbit şərait
yaranmışdır. Mobil telefonlar vasitəsilə qadın və kişilərin sosial şəbəkələrdə
yeni dostlar, həmsöhbətlər ilə tanış olması və onlarla əlaqələr yaratması asan
bir məsələyə çevrilmişdir. Bu imkanların genişlənməsi, evlilərin daima
bir-birinə şübhə ilə yanaşmasına, bir çox hallarda əsassız qısqanclıq və şübhə
hallarının ortaya çıxmasına səbəb olur. Bu kimi halların davam etməsi, nəticədə
ailədaxili münaqişələrə və boşanma hallarına səbəb olur. Bu kimi hallar, əksər
hallarda xəyanət kimi başa düşülür.
Sosial şəbəkələr xəyanət hadisələrinin
genişlənməsinə operativ şərait yaradır. ABŞ-nın ailə hüququ üzrə vəkillər
akademiyasının araşdırmaları sübut etmişdir ki, ABŞ-da hər 5 boşanma işinin
1-nin (80%) səbəbi sosial şəbəkələr (xüsusilə, Facebook 66%) vasitəsilə baş verən
xəyanət ilə bağlı olmuşdur. Almaniyada isə, hər 4 boşanma işinin 1-nin səbəbi
sosial şəbəkələr vasitəsilə baş verən xəyanətlərdir [67]. 2016-cı ildə Azərbaycanda qeydə alınan (13114)
boşanmalardan 413-ü xəyanət səbəbindən baş vermişdir. Ancaq bu rəqəmin daha çox
olduğunu ehtimal etmək olar.
“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban
Zeynalova mövzuyla əlaqədar təcrübəsində baş vermiş ailədaxili münaqişələrdən
danışır. Hadisə rayonların birində baş verib: - “Qadının əri evliliklərinin elə
ilk həftəsində qızı evdə qoyub Rusiyaya gedir. Evdə tək qaldığından
qayınanasıgil gəlin əriylə internet üzərindən danışsın deyə evə kompüter alır.
“Facebook”da qeydiyyatdan keçən qız bir oğlanla tanış olur. Bir müddət danışıb
dərdləşirlər. Qız ərinin onu qoyub getdiyini və tək darıxdığını deyir. Həmin
oğlan da başlayır bu qıza sevgidən, eşqdən danışmağa. Beləcə, qızı ələ alır. Və
bir gün qız bu oğlana görə evdən qaçır. Təsadüfən polis onların olduqları
məkanda reyd keçirir və qız aşkarlanır. Hüquq mühafizə orqanları qızı
göndərdilər bizim sığınacağa. Burda psixoloji və digər yardımları göstərmək
istəsək də, qohumlarının basqısıyla qız evinə qayıtdı. Sonra eşitdik ki, əri
təcili Rusiyadan qayıdıb. Qızın ailəsi baş vermiş hadisəni oğlanın ailəsindən
gizlətsə də, oğlan məsələni öyrənir və qızı öldürməklə hədələyir. Atasının
evində bir müddət qalandan sonra o qız yenə evdən qaçdı. Hazırda qızın harda və
kiminlə olduğu haqda heç bir məlumat yoxdu.”.
M. Zeynalova oxşar hadisələrin
baş verdiyini bildirir. O, bildirir ki, nəinki evli qadınlar, hətta subay
qızlar da internetin qurbanına çevrilir. Yeni tanışlar bir yolla qızın şəklini
əldə edir və bundan sonra onun şəklini internetdə yayacağı ilə şantaj edib, pul
tələb edənlər də var.
Sosial şəbəkələrdə xəyanətlə bağlı əhvalatlar
vardır. Onlardan biri də mühafizəkar ailədə böyümüş, sevən və sevilən evli bir
qadının hekayəsidir: “Mən internetə qoşulduqdan sonra məni əyləndirə biləcək
nə var idisə sevinclə oraya daxil olurdum. Hətta vəziyyət o yerə çatmışdı ki, ərim
hər gün işə gedən kimi kompüter qarşısında əyləşir, internetdə vaxt keçirirdim.
Aradan bir müddət keçdikdən sonra onun evdə olduğu zamanlarda belə kompüter
qarşısında vaxtımı keçirməyə başladım. Ancaq ərim məndən nə iş gördüyümü
soruşmurdu, çünki mənə etibar edirdi. Beləcə günlər keçirdi. Bir gün internetdən
istifadə edən bir rəfiqəm mənə “çat” proqramından danışdı. “Çat çox əyləncəlidir.
İnsanlar bu proqramda bir-biriləri ilə ünsiyyət qurur, danışırlar. Vaxtın necə
keçdiyini hiss eləmirsən”, - dedi. Rəfiqəmin şirnikləndirici sözlərindən sonra
“çat”a daxil oldum - kaş olmayaydım.. Mən çatda yalnız ötəri söhbətlərlə
aldanacağını, kiminləsə bir müddətliyinə ünsiyyət quracağımı zənn edirdim.
Ancaq bu proqrama daxil olduqdan sonra heç də düşündüyüm kimi olmadı. Çatda bir
oğlanla tanış oldum. Hər gün onunla virtual şəkildə görüşür və söhbət edirdik.
Tanış olduğum oğlan mənə öz yüksək əxlaqı ilə digərlərindən fərqli bir təsir
bağışlayırdı. Çatda daha əvvəl ünsiyyət qurduğum insanlardan onun kimisinə rast
gəlməmişdim. Ərimi daha əvvəl heç kimi sevmədiyim qədər sevməyimə baxmayaraq,
saatlarla çatda vaxt keçirir və tanış olduğum oğlanla danışırdım. Ərim həmişə
evə gəldikdə məni kompüterin qarşısında tapır, internetdə bu qədər vaxt keçirməyimə
hirslənirdi. Mən isə bir insanı bəyənmişdim və onunla yalnız onu bəyəndiyim
üçün danışırdım. Günlər keçdi və bu bəyənmə sevgiyə çevrildi. Çatdakı tanışıma ərimdən
daha çox bağlandım. Artıq həyat yoldaşımın əsəbindən “qaçıb” çatda onunla söhbətimə
davam edirdim...
Bir dəfə yenə həyat yoldaşımla mübahisə
etdiyim zaman özümü ələ ala bilmədim və onunla dalaşdım. Bundan sonra o, internet abunəliyini ləğv etdi və
kompüteri apardı. Mən ərimə qəzəblənmişdim. Çünki ilk dəfə idi ki, mənə qarşı
belə rəftar edirdi. Onu daha da əsəbləşdirmək üçün çatda danışdığım adamla
telefonla əlaqə saxlamaq qərarına gəldim. Çatdakı tanışım əvvəllər onunla
danışmağım üçün mənə yalvarmasına baxmayaraq, bunu qəbul etmirdim, indi isə...
Bir gün ona zəng etdim, danışdıq. Elə bu andan etibarən ərimə olan XƏYANƏTİM
başladı. Hər səhər həyat yoldaşım işə getdiyi zaman oğlana zəng edir,
danışırdım. Yeni sevgilim mənə ərimdən ayrılacağım təqdirdə evlənməyi vəd edir
və onunla görüşməyim üçün çox yalvarırdı. Onun istəklərinin arxasınca sürükləndim
və oğlanla görüşdüm. Görüşlərimiz bir qadının ərinə xəyanət etdiyi zaman yol
verə biləcəyi ən böyük günaha düşənə qədər davam etdi; aramızda intim münasibət
baş verdi. Çatda tanış olduğum insanı sevmişdim. Ərimdən boşanmaq qərarına gəldim.
Ona: “Səndən boşanmaq istəyirəm”, -
dediyim zaman o: “nə üçün?” - deyə
soruşdu. Aramızda problemlər çoxalmışdı və mən artıq dözə bilmirdim. Artıq ərimi
xoşlamırdım.
Ərim onu başqası ilə aldatdığımdan şübhələnmişdi
və məsələnin iç üzünü araşdırırdı. Bir dəfə telefonda biri ilə danışdığımı başa
düşdü. Ona həqiqəti açıb söylədim. Bütün bunların müqabilində ərimin mənə xoş
münasibət göstərməsinə baxmayaraq, onu istəmədiyimi, artıq onunla yaşamaqdan
xoşlanmadığımı dedim. Ərim isə bu vəziyyəti hamıya “ağ” eləmədi. O: “Səni sevirəm, ancaq evliliyi davam etdirə
bilmərəm. Allah sənin və bizim günahlarımızı bağışlasın. Ailənə mənimlə yaşamaq
istəmədiyini, bir-birimizə uyğun olmadığımızı başa düşdüyünü deyərsən”, -
dedi. Halbuki, ərimin xoşlamadığı yeganə şey internetdən qaynaqlanan adi
problem idi. Mənə qarşı heç vaxt kobud rəftar etməmişdi, heç bir qüsuru da yox
idi. Yalnız interneti evdə istəmədiyini demişdi. Mən isə kor idim və hər şeyi
ancaq iş-işdən keçdikdən sonra başa düşə bildim; internetdə tanış olduğum gəncin
sözləri mənim ərimdən ayrılmağıma səbəb olmuşdu.
Yeni sevgilim mənə: “Səndən başqasından xoşlanmadım. Həyatımda səndən daha şirin bir qızla
tanış olmadım. Sən həyatımda gördüyüm ən yaxşı insansan”, - deyirdi. Ancaq
sonda bu xainin sözlərinin məni ildırım kimi vuracağını haradan biləcəkdim?
Ərimdən boşandıqdan sonra o: “Əgər evlənsəm
əsla tanımadığım, yaxud çatda tanış olduğum bir şəxslə evlənmərəm. Tanış
olduğum şəxs sənin kimi yaşı çox və ağılsız biridirsə, heç evlənmərəm... Bir
qızı sevsəm və bu qız çatda tanış olduğum və evlənməyi düşündüyüm bir insan belə
olsa, yeniyetmə olanına üstünlük verər, onunla tanış olar və onu istədiyim kimi
istiqamətləndirərəm. Ancaq sənin kimi evli olduğu halda ərinə xəyanət edən
biriylə əsla!!!”
İndi çaşqınam, nə edəcəyimi bilmirəm.
İntihar etməyi belə fikirləşirəm. Bəlkə siz bu sətirləri oxuduğunuz zaman mən
artıq həyatda olmayacam. Bəlkə də Allah mənə doğru yolu göstərib qaranlıq
yoldan uzaqlaşdıracaqdır. Allaha əmanət olun!”.
Psixologiya Konsultasiya
Mərkəzinin (PCC) rəhbəri, psixoloq Elnur Rüstəmov deyir ki, sosial şəbəkələr
ailə daxili münasibətlərin pozulmana şərait yaradır: “Sosial şəbəkələr bu işdə
insanları təhrik edir, ailədaxili münasibətlərin pozulmasına rəvac verən
funksiyanın yerinə yetirir. İnsanlar, xüsusən də ailələr diqqətli olmalı,
qabaqlayıcı tədbir görmək lazımdır. Söhbət ailədən gedirsə, mövcud problemin
həlli yollarından biri sosial şəbəkələrin, mobil telefonların şifrəsi olur. Bu
şifrəni həyat yoldaşlarının bilməsi vacibdir. Ən azından bu tərəflər arasında
məsuliyyət, güvən yaradacaq. Yox, əgər kiminsə xislətində xəyanət etmək varsa,
o başqa adla sosial şəbəkədə qeydiyyatdan keçəcək və məqsədinə çatacaq. Elə
ailələr var ki, qadının ehtiyatdan 1-2 dənə də telefonu var. Kişi evə qalxanda
gizlədir. Bu ayrı bir problemdir. Ümumi problemdən danışırıqsa, ailə daxili
münasibətlər şəffaf olmalıdır və tərəflərin bir-birinin qarşısında öhdəliyi
olmalıdır”.
7. Boşanmalarda sosial-iqtisadi vəziyyətin rolu
Tədqiqatlar göstərir ki, sosial-iqtisadi gərginlik
dövrlərində boşanmaların sayı, sosial-iqtisadi inkişaf və sabitlik dövrlərindən
daha çox olur. Həqiqətən də, bu gün inkişaf etmiş varlı Qərb ölkələri
boşanmaların səviyyəsinə görə öndə gedirlər. İnkişaf səviyyəsinə görə geridə
qalan yoxsul ölkələrdə isə, boşanmaların səviyyəsi çox aşağıdır. Maraqlıdır ki,
ölkələrdə iqtisadi böhran dövrlərində boşanmaların sayı azalır. Məsələn,
2008-ci il iqtisadi böhranında İspaniyada boşanmaların səviyyəsi əvvəlki ilə nisbətdə
12% aşağı düşmüşdür. Alimlərin araşdırmalarına görə, bu böhran, ev təsərrüfatını
birgə idarə edən çütlüklərə maliyyə ehtiyatlarına qənaət etməyə və daha çox
maddi rifahı qorumağa imkan verir.
İnkişaf
etmiş varlı Qərb ölkələrində patriarxal dəyərlərin zəifləməsi və gender bərabərliyinin
inkişaf etməsi, qadınların təhsil və peşəkarlıq səviyyəsinin yüksək olması,
qadınların cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirak etməsi, cəmiyyətdə
qadın əməyinə şərait yaradan modern əmək bölgüsünün geniş yayılması, dövlətin
uşaqlara qayğı ilə bağlı güzəştli sosial dövlət siyasəti həyata keçirməsi,
qadınların iqtisadi müstəqilliyinə, onların ailədə kişidən asılılığının
azalmasına şərait yaradır. Belə bir şəraitdə, qadınların ailəyə bağlılığı zəiflədiyi
kimi, kişilərin də ailəyə bağlılığı zəifləyir. Nəticədə, ailə üzvləri arasında
emosional bağlılıq, qarşılıqlı məsuliyyət hissi zəifləyir və ailə qurumu öz əhəmiyyətini
itirir. Bu proseslərin nəticəsində ənənəvi ailənin dəyərlərini bölüşməyən
qeyri-ənənəvi ailə modelləri (vətəndaş nikahları, homoseksual nikahlar) meydana
çıxır. Bunlar kişi = qadın gender bərabərliyi formulu əsasında baş
verir.
İnkişaf səviyyəsinə görə geridə qalan yoxsul ölkələrdə isə, boşanmaların
səviyyəsinin çox aşağı olmasının səbəblərini ilk növbədə onda axtarmaq lazımdır
ki, bu ölkələrdə patriarxal dəyərlərin güclü olması və gender bərabərliyinin
olmaması, qadınların təhsil və peşəkarlıq səviyyəsinin aşağı olması, qadınların
cəmiyyətin sosial-iqtisadi həyatında iştirak etməməsi, cəmiyyətdə qadın əməyinə
şərait yaradan əmək bölgüsünün olmaması, dövlətin uşaqlara qayğı ilə bağlı güzəştli
sosial dövlət siyasəti həyata keçirməməsi, qadınların ailədə kişidən asılı
olmasına şərait yaradır. Belə bir şəraitdə, qadınların ailəyə bağlılığı güclənir,
kişilərin isə, ailənin maddi təminatına cavab verən şəxslər kimi məsuliyyəti
daha da artır. Nəticədə, ailə üzvləri arasında emosional bağlılıq, qarşılıqlı məsuliyyət
hissi güclənir və ailə qurumu yeganə mövcudiyyət forması kimi öz əhəmiyyətini
artırır. Bunlar kişi = qadın + 2, 3, 4 və
s. gender bərabərsizliyi formulu əsasında baş verir.
Azərbaycanda
əvvəllər mövcud olan zəif və gizli fərqliliklər, 90-cı illərdən sonra güclü və
açıq formaya keçid etdi. Azərbaycan cəmiyyətində insanlar artıq ideoloji
baxışlarına, dünyagörüşü səviyyələrinə və maddi durumuna görə bir neçə
kateqoriyaya bölünmüşlər. Bu bölgü, bir çox insanların psixoloji vəziyyətinə və
ailələrin qurulmasına böyük təsir göstərir. Bunları nəzərə almadan qurulan ailələrdə
boşanma riskləri böyük olur. Çünki bir-birinə zidd olan psixoloji enerjilər fərqli
geyim, davranış normaları, dünyaya baxışları və həyat tərzləri ilə seçilirlər.
Əslində, ailə quran insanların dini baxışları, dünyagörüşləri, sosial-iqtisadi
vəziyyətləri, təhsil səviyyələri, peşə sahələri nə qədər bir-birinə yaxın olsa,
bir o qədər boşanmaların sayı az olar. Azərbaycanda
evliliklər adətən ideoloji
baxışlarına, dünyagörüşü səviyyələrinə və maddi durumuna görə eyni kateqoriyaya
aid olan insanlar və ailələr arasında daha çox baş verir. Həmçinin, evlənənlərin,
ailələrin nikaha qədər bir-birini tanıması ilə bağlı ciddi problemləri mövcud
deyildir. Evlənəndən sonra cütlərin (dini, ideoloji) baxışlarında baş verən dəyişikliklərlə
bağlı ailə münaqişələrinin yaranması və boşanma halları geniş yayılmamışdır.
Boşanmaların
əsas səbəblərindən biri ailələrin iqtisadi vəziyyəti hesab olunur. Çünki ailədə
kişinin ənənəvi funksiyası ailənin maddi təminat məsələsini həll etməkdir.
Sosial-iqtisadi böhran vəziyyətində ortaya çıxan bir çox problemlər (işsizlik,
yoxsulluq, borclanmalar) psixoloji gərginliyə və bunun nəticəsi olaraq ailələrin
daxilində münaqişələrin yaranmasına və nəticədə boşanmaların meydana çıxmasına
səbəb olur. Çünki ailə qurumu, yaşayış minimumunun altında böyük bir risk ilə
üzləşir. Ailənin varlığı üçün ən təhlükəli iqtisadi durum, valideynlərin (əsasən
atanın) uşaqların zəruri tələbatlarını ödəmək iqtidarında olmaması və ya bu məsuliyyətdən
boyun qaçırmasıdır. Dövlət, ailənin qorunmasında maraqlı olduğu üçün, daima
yoxsul ailələri sosial yardımlar vasitəsilə qorumağa çalışır.
Azərbaycanda 1935-2016 illərdə boşanmaların səviyyəsinə
diqqət yetirəndə görürük ki, iqtisadi böhran illərində boşanmaların səviyyəsi
yüksək, iqtisadi rifah illərində isə aşağı olmuşdur:
1. Azəbaycanda
iqtisadi böhran illərində boşanmaların səviyyəsi
-
1935-1944 illər
arasında bağlanan nikahlara nisbətdə boşanmaların səviyyəsi 46%-dən 28.9%-ə
enmişdir. Deməli, məlum 20-30-cu illərin dərin iqtisadi böhran dövründə
boşanmaların səviyyəsi çox yüksək olmuşdur.
20-30-cu illərin kart sistemi ilə
müşayiət olunan aclıq dövründə Rusiyanın bir çox kəndlərində milyonlarla insan
aclıqdan ölmüş və yerdə qalanlar isə, şəhərlərə köçmək məcburiyyətində
qalmışlar. Bu, ənənəvi ailə qurumunun şəhər mühitində dağılmasına və
transformasiya olunmasına səbəb olmuşdur. Şəhərlərdə ailəni saxlamaq üçün,
qadınlar da kişilərlə bərabər işləməyə məcbur olmuşlar. Bunlar, əvvəlki kimi
çoxuşaqlı ailə modelinin ortadan qalxmasına səbəb oldu. Eyni zamanda, 30-cu illərin
repressiyalar dövrü olduğunu nəzərə alsaq, əsasən kişi əhalinin kütləvi şəkildə
repressiyalara məruz qaldıqlarını və bunun boşanmışlar kimi qeydə alındığını
söyləyə bilərik.
-
1975-1990 illərdə
bağlanan nikahlara nisbətdə boşanmaların səviyyəsi 15%-dən 19.2%-dək artmışdır
(cədvəl 1). Bu dövrdə də, SSRİ iqtisadiyyatında geriləmə müşahidə olunmuşdur.
“Perestroyka” adı altında aparılan islahatlar isə, onun süqutuna səbəb olmuş və
Azərbaycan digər postsovet ölkələri kimi çətin keçid dövrünü yaşamışdır.
-
2011-2016-cı
illərdə bağlanan nikahlara nisbətdə boşanmaların səviyyəsi 11%-dən 19.7%-dək
artmışdır. Bu dövrdə, dünyada 2008-ci ildən başlayan böyük iqtisadi böhranın
başlaması, neft qiymətlərinin kəskin aşağı düşməsi hadisəsi baş vermişdir. Bu
böhranın nəticələrinin Azərbaycan iqtisadiyyatına müəyyən təsiri olduğu üçün,
ailələrə də müəyyən təsiri olmuşdur.
2. Azəbaycanda
iqtisadi rifah illərində boşanmaların səviyyəsi
-
1945-1960 illərdə
bağlanan nikahlara nisbətdə boşanmaların səviyyəsi 1%-dən 6%-dək, 1960-1965 illərdə
6%-dən 9%-dək təşkil etmişdir. Ümumiyətlə, bu illər, SSRİ iqtisadiyyatının sürətlə
inkişaf etdiyi illər hesab olunur. SSRİ bu dövrdə sərbəst boşanmalara məhdudiyyətlər
qoymuş, abortlara qadağalar qoymuş, doğuşların artmasına həvəsləndirmiş (pul
mükafatları və güzəştlərlə), subayların, tənhaların və az uşaqlı ailələrin üzərinə
vergi qoyulmuşdur. Məhz, bu dövrdə SSRİ-də nuklear və övladmərkəzli ailə
modelinin yaranmasına şərait yaratdı.
-
1993-2010 illərdə
bağlanan nikahlara nisbətdə boşanmaların səviyyəsi 10-11% olmuşdur (cədvəl 1).
1993-cü ildən əvvəlki illərə diqqət yetirəndə boşanmaların səviyyəsinin yüksək
olduğunu görürük. Lakin, 1993-2010-cu illərdə bu səviyyə təqribən iki dəfə
aşağı düşür. Bu illər, əslində əsrin müqaviləsi adlandırılan neft sazişlərinin
bağlandığı, neftin qiymətinin yüksək olduğu və gəlirlərin artdığı dövrdür.
Bu göstəricilər
təsdiq edir ki, boşanma səviyyəsinin qalxıb enməsində sosial-iqtisadi durumun
özünəməxsus yeri vardır. Boşanmaların əsas səbəblərindən biri sosial-iqtisadi vəziyyət
hesab olunsa da, onu ümumi bir hal kimi qəbul etmək doğru olmazdı. Əgər belə
olsaydı, o zaman boşanmalar yalnız yoxsul ailələrdə və yoxsul ölkələrdə yüksək
səviyyədə olmalı idi. Halbuki, biz bunun əksini müşahidə edirik. Yəni, maddi təminatı
yüksək və orta olan ailələrdə, iqtisadi baxımdan ən inkişaf etmiş ölkələrdə
boşanma səviyyəsi daha yüksəkdir. Boşanmaların həcmi 20-25% qədər olan ölkələrin
əksəriyyətində əhalinin iqtisadi durumu yüksək deyildir. Əksinə, iqtisadi
durumu yüksək olan ölkələrin əksəriyyətində (Ukrayna, Moldova, Belorusiya və
digər istisnalar olmaqla) boşanmaların səviyyəsi çox yüksəkdir (42-67% arası)
(cədvəl 2). Lakin, bir məsələni də diqqətə almaq lazımdır ki, Rusiyanın və Qərb
ölkələrinin multikultural cəmiyyətləri daxilində boşanmalara qarşı olan
konservativ dini və etnik icmalar da mövcuddur.
Tədqiqatçılar nə qədər paradoksal olsa da, Avropada boşanmaların
səviyyəsinin artmasının əsas səbəbini, əhalinin rifah halının yüksək olması və
dövlətin sosial yardımlarının artması ilə əlaqələndirirlər. Çünki cinslərin
iqtisadi müstəqilliyi və dövlətin onlar üzərində himayəsi (uşaqlara dövlət
yardımı) fərdlərin tək qalması və tənhalıq şəraitində çətinliklərlə üzləşməsi
problemlərini ortadan qaldırır. Bu baxımdan, ailə sosial-iqtisadi güvənlik qurumu
kimi öz əhəmiyyətini itirir. Belə bir şəraitdə fərdlər, məsuliyyətləri
şərtləndirən ənənəvi ailədən imtina edərək, məsuliyyətləri şərtləndirməyən yeni
ailə modellərinə və ya tənha yaşamağa üstünlük verirlər. Belə yeni ailə
modellərindən biri də qeyri-rəsmi vətəndaş nikahlarıdır. Bu nikahlar, artıq
modern və iqtisadi inkişaf etmiş ölkələrin əhalisi üçün daha əlverişli olduğu
görünür.
Lakin, biz
düşünürük ki, boşanmalarda iqtisadi göstəricilər səthi xarakter daşıyır.
Əslində, bunun təməlində gender bərabərliyi ilə bağlı müəyyən problemlər
dayanır. Kişi = qadın gender bərabərliyi formulu ailə qurumunun varlığı
üçün təhlükədir. Çünki bu bərabərlik şəraitində kişi öz ənənəvi məsuliyyətini
itirir və onun bir hissəsini (yarısını) qadının üzərinə yükləyir. Bəzi hallarda
isə, kişi öz məsuliyyətindən tamamilə imtina edir. Belə bir durumda, kişi,
qadının gözündə öz əhəmiyyətini itirir. Təbii ki, bunun nəticəsi boşanmalara gətirib
çıxarır. Çünki ənənəvi-psixoloji olaraq qadının şüurunda ər ailənin məsuliyyətini
daşıyan şəxsdir. Əgər dövlət gender siyasəti vasitəsilə bu funksiyanı onun əlindən
alıb qadına verirsə, kişi öz ənənəvi gender funksiyasını və gender rolunu
itirir. Bu isə, maskulinliyin iflası və feminliyin inkişafı deməkdir. Buna görə
də, son dövrdə dünyanın modernləşmiş cəmiyyətlərində kişilərdə feminləşmə,
qadınlarda maskulinləşmə prosesləri gedir.
Kişi =
qadın + 2, 3, 4 və s. gender bərabərsizliyi formulu isə,
qadınların istismar olunmasına və zorakılığa məruz qalmasına səbəb olur. Bu
formulun tətbiq olunduğu cəmiyyətlər patriarxal cəmiyyətlərdir. Qadın bu cəmiyyətlərdəki
ailələrdə iqtisadi asılılıq durumundadır. Buna görə də, orada boşanmalar çox
aşağı səviyyədir. Ancaq, bu cəmiyyətlər inkişaf edə bilmirlər. Çünki qadınların
təhsil səviyyəsinin və dünyagörüşünün aşağı səviyyədə olması, ailədə şəxsiyyətin
formalaşmasına mənfi təsir göstərir. Kölə qadın azad insan yetişdirə bilməz. Bu
baxımdan, gender bərabərsizliyi düzgün çıxış yolu deyildir.
O zaman,
hansı yol daha doğrudur?
Biz
düşünürük ki, kişi = qadın + 1 gender formulu daha məqsədəuyğundur. Bu
formul, tam bərabərliyi və sərt bərabərsizliyi istisna edir. Dövlət gender
siyasətində bu formula əsaslansa, boşanmaların səviyyəsi azalar və cəmiyyətin
hormonal inkişafında meydana çıxan disbalans sabitləşər. Bu formula, qadınların
sosial-iqtisadi azadlığını qorumaq şərti ilə, kişilərin ailə üzərindəki məsuliyyətini
artırır.
Kişi
= qadın + 1 gender formulu aşağıdakı tədbirlərin həyata keçirilməsini şərtləndirir:
-
Təlim və tərbiyə
prosesində cinsi identiklik amillərini nəzərə almaq;
-
Təhsildə kadr məsələsi
və tədris metodikasında feminləşmə proseslərinin səviyyəsini kişi
= qadın + 1 gender formuluna uyğunlaşdırmaq və təhsili fenimləşmə təhlükəsindən
qorumaq;
-
kişlərin ailə
üzərində məsuliyyətini artırmaq üçün, işsiz kişilərin sayını minimuma endirmək;
-
kişiləri döyüş
idman növlərinə cəlb etmək üçün, tədris müəssisələrində döyüş idman növləri ilə
bağlı ödənişsiz icbari seksiyaların yaradılmasını təmin etmək;
-
tədris müəssisələrində
peşə sənətlərinin praktiki öyrədilməsi ilə bağlı fənlərin tədrisini gücləndirmək
KİV-də, tədris proqramlarında və digər təbliğat vasitələrində kişilərin ailə üzərindəki ənənəvi məsuliyyətini xatırladan təbliğlərin yayılmasını təmin etmək və s.
Rauf Məmmədov
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
12:00 30.05.2025
Oxunuş sayı: 2010
