Türkiyəli ekspert: "PKK-nın özünü ləğvi region üçün əhəmiyyətlidir"

PKK-nın özünü buraxması Türkiyədə terrorun bitməsi baxımından çox önəmli olduğunu bildirib.
Bu fikirləri Crossmedia.az-a açıqlamasında PKK terror təşkilatının özünü ləğv etməsi barədə danışan türkiyəli hərbi ekspert Mithat Işık deyib.
“Çünki biz hamımız terrorun sona çatmasını istəyirik. Lakin bu buraxılma prosesi PKK-nın bütün tərkib hissələrini, heç bir şübhəyə yer qoymayacaq şəkildə əhatə etməlidir. Bu məsələdə bəzi çatışmazlıqlar mövcuddur. Açıqlamada PYD, YPG, PJK və KCK-nın da açıq şəkildə qeyd olunması yerinə düşərdi. Lozanna müqaviləsi və 1924-cü il Konstitusiyası ilə bağlı verilən bəzi ifadələr isə qəbuledilməzdir",-deyə hərbi ekspert vurğulayıb.
O, təslimolma prosesinə və silahların təhvil verilməsinə dərhal başlanılmalı olduğunu qeyd edib. Xüsusilə də Diyarbəkir analarının övladlarının azad olunmasını və ölkə daxilində olan təşkilat üzvlərinin ən yaxın polis bölməsinə və ya hərbi hissəyə təslim olmalarının vacibliyini vurğulayıb: "Bütün bunlara baxmayaraq, terrorun bitməsi Türkiyə və region üçün olduqca önəmlidir. Terrorun sona çatması bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın, istehsalın və təhsilin inkişafını təmin edəcək".
Pərvin Hacıyeva
15:32 13.05.2025
Oxunuş sayı: 994