Politoloq: "Aİ Türkiyənin gücündən qorxur"

Türkiyənin "Haber Global" televiziya kanalının saytında bu günlərdə ABŞ-nin “The National Interest” nəşrinə istinadən rəsmi Ankaranın beynəlxalq aləmdəki artan nüfuzu barədə məqalə dərc olunub.
Bildirilib ki, Türkiyə NATO və Avropa İttifaqını (Aİ) daha da gücləndirir.
Qeyd olunub ki, Türkiyənin Rusiya- Ukrayna müharibəsindəki mövqeyi mühüm və strateji əhəmiyyətə malikdir: “Türkiyənin nüfuzunun artması həm də Avropa İttifaqı və NATO-nun güclənməsi deməkdir”.
Məqalədə, həmçinin yazılıb ki, hərbi gücü nəzərə alınmaqla Türkiyə Aİ-yə üzv olmalıdır: “Türkiyə regiondakı bütün gərginlik və münaqişələrdə vasitəçi, yaxud ticarət diplomatiyasını təmin edən dərin siyasət nümayiş etdirir. Türkiyə dünyanın ən gərgin nöqtəsi olan Avrasiyanın mərkəzində yerləşən bir ölkə kimi regional şahmat oyununda böyük ustalıq nümayiş etdirir”.
Bildirilib ki, Türkiyə-Rusiya münasibətlərində tarix boyu qarşıdurma və gərginlik müşayiət olunsa da, onlar indi tərəfdaşdırlar:
“Türkiyə indi həm Rusiya, həm də Ukrayna üçün vacib ölkə olmaqla yanaşı, dünya miqyasında müstəqil ölkə kimi mövqeyini qoruyur və NATO-nu gücləndirir. Türkiyə bir tərəfdən Ukraynanı silahlandıran, digər tərəfdən Rusiya ilə ticarət apara bilən vacib ölkəyə, həmçinin “Taxıl sazişi” kimi mühüm razılaşmaların əldə edilməsinə nail olan aktora çevrilib”.
Məqalədə vurğulanıb ki, Ankara Cənubi Qafqaz və Mərkəzi Asiyada da siyasi və iqtisadi imkanlarını artırır.
Rəsmi Ankaranın dünya təhlükəsizliyində oynadığı rol barədə Crossmedia.az-a danışan türkiyəli politoloq Hasan Oktay söyləyib ki, NATO hazırda dünyanın ən mühüm ittifaqıdır: "Çünki o, çox geniş coğrafiyanı əhatə edir. Türkiyə bu alyansa daxil olmaq üçün çox səy göstərib və NATO-da çox mühüm mövqedədir. Türkiyə təşkilat daxilində ABŞ-dən sonra ikinci gücdür və ilk beşlikdədir. Ona görə də Türkiyəni NATO-suz, Alyansı da Ankarasız təsəvvür etmək olmaz. İndi Türkiyənin NATO üçün önəmi daha da artıb".
Ekspertin fikrincə, bundan sonra Türkiyə həm Alyans daxilində çəkisini artıracaq, həm də NATO-nun əsas dövlətlərindən biri kimi Aİ-yə gedən yolu açılacaq: "Bundan sonra Ankaranın Aİ-yə daxil olma prosesi sürətlənəcək. Aİ Türkiyənin gücündən qorxur. Ona görə də onu kənarda saxlamağa çalışır. Bu, Ankara üçün baş düşüləndir. Belə olan Ankara Aİ-yə daxil olmaqdansa, imtiyazlı tərəfdaşlıq statusu ilə prosesdə çox daha mühüm rol oynayır kimi görünür".
Kənan Novruzov
12:46 14.04.2025
Oxunuş sayı: 1673