“Tamaşaçıların Bəşir Səfəroğluna olan sevgisi, ehtiramı dəyişməyib”


Bu gün Azərbaycan mədəniyyətinin əvəzolunmaz isimlərindən olan Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasının 100-cü ili tamam olur.
Bu münasibətlə Əməkdar artist Dilarə Əliyeva Crossmedia.az saytına açıqlama verib:
- Bəşir Səfəroğlu Azərbaycan kinosunun və televiziyasının ən parlaq simalarından biri olub. O, Azərbaycan teatrına, kinosuna və ümumiyyətlə, oyun üslubuna əvəzsiz töhfələr verib.
Bəşir Səfəroğlu öz oyun tərzində xırda, incə, narın keçidlərlə yanaşı, özünəməxsus rənglər yaradan əfsanəvi bir sənətkar idi. O, yaratdığı hər bir obrazda özünəməxsus cizgilər və fərqli çalarlar verməyi bacarırdı. İllər keçməsinə baxmayaraq, onun söylədiyi sözlər bu gün də insanların yaddaşında aforizmə çevrilib. İstənilən situasiyada insanlar onun sözlərinə istinad edir, sitatlar gətirirlər.
"Allah rəhmət eləsin, mır-mırım", "Hamısı yavaş-yavaş yandı, sənin makintoşun birdən yandı", "Əvvəlcə mən gedim oradakıları abıra salım, aydakıları, sonra gəlim səni aparım" – bu ifadələr vaxtında necə böyük gülüş doğururdusa, bu gün də eyni təsiri bağışlayır. Heç nə dəyişməyib – nə tamaşaçıların ona olan sevgisi, nə də xalqın Bəşir Səfəroğluna olan ehtiramı.
Tanrıya şükür olsun ki, bu gün Bəşir Səfəroğlunun yadigarı, bizim əfsanəvi aktrisamız, sənətkar adına layiq dəyərli insanımız – Afaq Bəşirqızı var. Aktyor kimi öyrəniləcək bir sənətkardır. Hər kəs aktrisalığında ona bənzəməyə çalışır.
Afaq Bəşirqızı hər zaman televiziyamızda sevilən və izləyicilər tərəfindən gözlənilən aktrisamızdır.
Fatimə Məmmədova,
Xumar Əhmədova
18:28 11.03.2025
Oxunuş sayı: 9507