Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar material hazırlanıb

Bu gün Xalq artisti, komediya ustası Bəşir Səfəroğlunun anadan olmasının 100 illiyi tamam olur.
Crossmedia.az xəbər verir ki, bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq artistinin həyat və səhnə fəaliyyətindən bəhs edən “Güldürən və düşündürən komediya ustası” adlı material hazırlanıb.
Kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilən biblioqrafik icmalda Bəşir Səfəroğlunun biblioqrafiyası, həyat və fəaliyyətinin əsas tarixləri haqda məlumatlarla yanaşı, “Bəşir Səfəroğlu sizin üçün kimdir?” başlığı altında mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və jurnalistlərin Xalq artisti haqqında söylədikləri dəyərli fikirlər, maraqlı faktlar yer alır. Materialda Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Güldürən və düşündürən komediya ustası”, tanınmış jurnalist, yazıçı Tahir Abbaslının “Bir aktyorun “Portret”ləri..Və onların cəmindən törəmiş “Bəşir Səfəroğlu Avtoportreti”...” kimi məqalələrin tam mətni təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmalda Bəşir Səfəroğlu haqqında məlumatların yer aldığı “Azərbaycan teatr tarixi”, “Azərbaycan teatr Ensiklopediyası”, “Səhnə fədailəri”, “Həzin ömrün nağılı”, “Bəşir Səfəroğlu: sənətdə keçən ömür”, “Güldürərək düşündürən teatr” kimi 10-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat nümunələri sərgilənir.
14:49 11.03.2025
Oxunuş sayı: 1635