Paşinyanın iradəsi qırıldı: Ermənistan konstitusiya dəyişikliyinə gedir

Son dövrlərdə Ermənistan siyasi səhnəsində ciddi dəyişikliklər baş verməkdədir. Ölkənin daxili və xarici siyasətində yeni istiqamətlər müəyyənləşir, cəmiyyətin siyasi baxışları yenilənir. Xüsusilə, Ermənistanın baş naziri Nikol Paşinyanın irəli sürdüyü "Real Ermənistan" ideologiyası və bu çərçivədə təklif edilən konstitusiya dəyişikliyi məsələsi geniş müzakirələrə səbəb olub. Paşinyan ölkənin gələcək inkişafının və sabitliyinin yeni hüquqi əsaslarla təmin edilməsinin zəruriliyini vurğulayaraq, həmvətənlərinə "ideoloji mesaj" ünvanlayıb və Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bəyan edib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib: "Paşinyan son günlərdə Ermənistanda konstitusiya dəyişikliyinin zəruriliyi barədə yenidən danışıb və yeni konstitusiyanı necə görmək istədiyi ilə bağlı fikirlərini bölüşüb. Əslində, "Real Ermənistan" ideologiyası ilə çıxış edən Paşinyan, ölkəni yeni hüquqi əsaslarla qurmaq niyyətindədir. Bu ideologiya ilə tanış olduqda aydın olur ki, Paşinyan səsləndirdiyi fikirlərlə bu günə qədər bizim iddia etdiyimiz məsələlərin böyük əksəriyyətini dolayısı ilə təsdiqləmiş olur".
Deputat Ermənistanda kilsə hakimiyyətinin fəaliyyətindən danışıb: "Paşinyanı narahat edən əsas məsələlərdən biri də Ermənistan kilsəsinin ölkə üzərindəki nüfuzudur. Uzun illər boyu Ermənistan cəmiyyəti kilsənin təsiri altında idarə olunub. Paşinyanın "Real Ermənistan" konsepsiyasında isə dövlətin kilsədən daha nüfuzlu bir qurum kimi formalaşması və cəmiyyətə rəhbərlik etməsi fikri irəli sürülür. Bununla belə, onun yanaşması tam dolğun deyil. Əgər yeni konstitusiya qəbul ediləcəksə, onun legitim olması üçün qərbi azərbaycanlıların da referendumda iştirak etməsi vacibdir".
H.Babaoğlu Ermənistanda konstitusiya qəbulunda qərbi azərbaycanlıların iştirakının vacibliyini vurğulayıb:
"Paşinyan etiraf edir ki, Ermənistan indiyədək iki-üç dəfə konstitusiya qəbul etsə də, onların heç biri tam legitim olmayıb. Bu fikir də də həqiqət var. 1991-ci ilə qədər Ermənistan vətəndaşı olan azərbaycanlılar da Ermənistan dövlətinin formalaşmasında qurucu ünsürlərdən biri olublar. Buna görə də əgər söhbət Ermənistan dövlətindən gedirsə, orada azərbaycanlıların da hüquqları nəzərə alınmalı və onların iştirakı təmin edilməlidir".
Ayhan Ağarzayev
14:08 20.02.2025
Oxunuş sayı: 14610