Xərçəngə qarşı mübarizədə yeni mərhələ
Xərçəng xəstəliyinin müalicəsində yeni dərmanların hazırlanması və daha
effektiv müalicə üsullarının tapılması dünya səhiyyəsinin qarşısında duran əsas
vəzifələrdən biridir. Müasir tibbin inkişafına baxmayaraq, xərçəng hələ də
müxtəlif növləri, mürəkkəb müalicə prosesi və yüksək ölüm riski ilə ciddi
qlobal problem olaraq qalır. Xəstəliyin erkən aşkarlanması və müalicəsində
müəyyən irəliləyişlər əldə edilsə də, bütün xərçəng növlərini tamamilə aradan
qaldıran universal dərman hələ mövcud deyil.
Bu istiqamətdə Qazaxıstandan gələn xəbər isə diqqət çəkib. Belə ki,
qazaxıstanlı alimlərin hazırladığı xərçəng əleyhinə ilk preparatın 2027-ci ilin
ortalarında ölkə bazarına çıxarılması planlaşdırılır. Preparatın klinik
sınaqlarının birinci mərhələsinin uğurla başa çatdığı, hazırda ikinci mərhələyə
hazırlıq görüldüyü bildirilir. Layihənin reallaşması xərçənglə mübarizədə yeni
imkanların yaranması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər.
Lakin burada vacib bir məqam var: xərçəng əleyhinə preparatın hazırlanması
onun bütün xərçəng növlərini müalicə edə biləcəyi anlamına gəlmir. Çünki
xərçəng vahid xəstəlik deyil, müxtəlif orqan və toxumalarda yaranan, bioloji
xüsusiyyətlərinə və müalicəyə reaksiyasına görə bir-birindən fərqlənən
xəstəliklər qrupudur. Buna görə də yeni preparatın hansı xərçəng növünə qarşı
nəzərdə tutulduğu, təsir mexanizmi, effektivliyi və mümkün yan təsirləri xüsusi
əhəmiyyət daşıyır.
Preparatın klinik sınaqlarının növbəti mərhələlərində onun insan orqanizminə
təsiri, təhlükəsizliyi və müalicə nəticələri daha ətraflı
qiymətləndirilməlidir. Yalnız bu mərhələlər uğurla tamamlandıqdan və müvafiq
tənzimləyici qurumların təsdiqi alındıqdan sonra dərmanın geniş istifadəsi
məsələsi gündəmə gələ bilər.
Bu yenilik Azərbaycanda da bir sıra suallar doğurur. Preparatın effektivliyi
elmi şəkildə təsdiqlənərsə, onun ölkəmizdə tətbiqi mümkün ola bilərmi? Bunun
üçün hansı klinik və hüquqi prosedurlar tələb olunur? Azərbaycan səhiyyəsi
xaricdə hazırlanmış yeni onkoloji preparatların ölkəyə gətirilməsi və xəstələr
üçün əlçatanlığının təmin edilməsi baxımından hansı imkanlara malikdir?
Digər tərəfdən, xərçəng müalicəsində innovativ dərmanların qiyməti və onların əhali üçün əlçatanlığı da mühüm məsələdir. Çünki yeni preparatın mövcud olması hələ hər bir xəstənin həmin müalicədən yararlana biləcəyi demək deyil.

Crossmedia.az-a açıqlamasında səhiyyə eksperti Adil Qeybulla bildirib ki, xərçəng,
yəni bədxassəli törəmə, orqanizmin nəzarətindən çıxmış hüceyrə inkişafıdır:
“Onun müxtəlif növləri ola bilər. Bu, törəmənin differensiasiya
dərəcəsindən, inkişaf mərhələsindən, proliferasiya indeksindən, immunohistoloji
formasından, molekulyar fenotipindən və digər amillərdən asılıdır. Buna görə də
bəzən eyni orqanda yaranan xərçəngin müxtəlif molekulyar formaları və alt
tipləri olur.
Məsələn, süd vəzi xərçənginin beş əsas molekulyar forması var. Lakin həmin
formalar daha ətraflı araşdırıldıqda, onların daxilində təxminən 30-a yaxın alt
forma müəyyən edilir. Məsələ də məhz bundan ibarətdir. Xərçəng nəzarətdən
çıxmış hüceyrə inkişafı olduğuna görə onun gedişində müəyyən sistemsizlik
mövcuddur. Hətta metastaz verdikdə, yəni yayıldıqda belə, müəyyən
dəyişikliklərə məruz qala bilir.
Bütün bunlar göstərir ki, xərçəngin müalicəsi yalnız bir dərmandan asılı
olan məsələ deyil. Xərçəngin müalicəsi və xəstəliyin gedişi ilə bağlı dünyada
çox ciddi araşdırmalar aparılır. Bu istiqamətdə mütəmadi olaraq yeni yanaşmalar
irəli sürülür, mövcud nəzəriyyələr dəyişir. Yeni preparatlar hazırlanır, mühüm
nailiyyətlər əldə edilir. Lakin bunlar xəstəliyin birdəfəlik aradan
qaldırılması demək deyil.
Nə qədər canlı orqanizm varsa, bir o qədər də xərçəng xəstəliyinin müxtəlif
formaları meydana çıxa bilər. Əksinə, xərçəng xəstəliyinin sayının artması
ehtimalı var. İnsanların sayı artır, ekoloji problemlər də genişlənir. Nəzərə
alaq ki, xərçəngin yaranma səbəblərinin 95 faizi xarici amillərlə, 5 faizi isə
genetik faktorlarla əlaqələndirilir. Bütün bunları nəzərə alsaq, xərçəng
xəstəliyinin yayılmasının artmaqda davam edəcəyini düşünmək olar. Təbii ki, bu
sahədə böyük inkişaflar və yeni nailiyyətlər olacaq. Ancaq bu, problemin tam
həlli demək deyil.
Qazaxıstanda hazırlanan yeni preparata gəlincə, əlbəttə, bu istiqamətdə atılan hər bir addım alqışlanmalıdır. Hər bir yenilik inkişafa doğru atılmış addımdır, lakin hələ ki, problemin tam həlli deyil”.
Məhəbbət Tərlanoğlu
18:05 13.11.2026
Oxunuş sayı: 107