Fransa hökümətinin sonu - XALQ AYAQLANDI
Fransada orta məktəb şagirdlərinin etirazları ölkə üzrə genişlənərək təhsil sistemindəki problemləri yenidən gündəmə gətirib. Oktyabrın 2-də təxminən 400 liseyin fəaliyyətini dayandırdığı bildirilir. Şagirdlər əsasən siniflərdə sıxlıq, müəllim çatışmazlığı, dərs şəraitinin qeyri-qənaətbəxş olması və təhsilə ayrılan resursların yetərsizliyindən narazıdırlar. Etirazların böyük hissəsi dinc xarakter daşısa da, Paris, Marsel, Nant və digər şəhərlərdə bəzi aksiyalar qarşıdurma və zorakılıq halları ilə müşayiət olunub. Məktəblərin bağlanması fonunda hökumət şagird təşkilatları və valideynlərlə görüşlər keçirərək tələbləri müzakirə etməyə başlayıb.
Crossmedia.az-a açıqlamasında politoloq Abutalıb Səmədov Fransada lisey şagirdlərinin başladığı etirazların prezident Emmanuel Makron və hökumətin nüfuzuna təsir göstərə biləcəyini bildirib. O, etirazların digər əhali qruplarının da prosesə qoşulması ilə genişlənə biləcəyini istisna etməyib:

“Lisey şagirdlərinin Fransada başlanan etirazı şübhəsiz ki, həm prezident Makronun, həm də hökumətin nüfuzunu bir az da aşağı salacaq və tamamilə mümkündür ki, bu etirazlar digər əhali qruplarının qoşulması ilə daha da şiddətlənsin”.
Politoloq Fransada keçirilən rəy sorğularının prezident və hökumətə ictimai münasibətdə mənfi dinamika göstərdiyini bildirib: “Sentyabrın son günlərində keçirilən rəy sorğuları göstərdi ki, prezident Makronun nüfuzu tarixdə ən aşağı səviyyəli göstərici kimi qiymətləndirilir. Cəmi 18 faiz, rəyi soruşulanların 18 faizi Makronu yaxşı prezident sayır. Və təqribən iki ay bundan əvvəl keçirilmiş rəy sorğuları ilə müqayisədə onun reytinqi 7 faiz düşüb”.
Abutalıb Səmədov hökumət başçısının da oxşar vəziyyətlə üzləşdiyini qeyd edib: “Eyni şeyi hökumət başçısı haqqında da demək olar. O, Makrona nisbətən bir az nüfuzlu olsa da, onun da nüfuzu son iki ayla müqayisədə, daha doğrusu, iki ay bundan əvvəl keçirilən rəy sorğusu ilə müqayisədə 8 faiz aşağı düşüb”.
Politoloq Fransada əhalinin narazılığına səbəb olan əsas məsələlərdən birinin yanacağın qiyməti olduğunu bildirib: “Fransızların əsas narazılığı təhsildən əvvəl yanacağın qiyməti ilə bağlıdır. Sentyabrın sonunda dizelin qiyməti 2,4 avro olub. Benzin də təqribən 2 avrodan bir az artıqdır. Bu da təbii ki, bütün sahələrə öz təsirini göstərir və əhalinin vəziyyətini son dərəcə ağırlaşdırır”.
Abutalıb Səmədov Fransada etirazların bundan sonra da genişlənə biləcəyini və bunun prezident və hökumət üçün siyasi təzyiq yarada biləcəyini düşünür: “Bir sözlə, həm hökuməti, həm prezident Makronu ağır günlər gözləyir. Əhalinin etirazı bundan sonra da yəqin ki, artacaq, müxtəlif sahələri əhatə eləyəcək və bunun qarşısında prezident Makron və hökumət necə dayanacaq, ciddi sual altındadır. Tamamilə mümkündür ki, hətta vaxtından əvvəl prezident seçkilərinə getmək məcburiyyətində qalsın”.
Nigar Xəlilli
18:50 02.10.2026
Oxunuş sayı: 47