Bir insanın ölümü dörd insanı xilas edir - həkimlərdən çağırış
Azərbaycanda orqan transplantasiyası ilə bağlı cəmiyyətdə yanaşmaların dəyişməsi məsələsi diqqət çəkir. Müsəlman ölkəsi olan Azərbaycanda yaxınlarını itirən insanların mərhumun orqanlarının başqa şəxslərə köçürülməsinə münasibəti fərqli ola bilər. Bununla yanaşı, son dövrlərdə dünyasını dəyişən şəxsin orqanlarının başqa insanların həyatını xilas etməsinə imkan verilməsinə müsbət yanaşanların da sayı artır. Azərbaycanda donor və orqan transplantasiyası ilə bağlı qanunvericilik formalaşdırılıb və bu sahədə müəyyən hüquqi mexanizmlər mövcuddur. Bu baxımdan, donorun razılığı və şəxsin öz iradəsini əvvəlcədən ifadə etməsi məsələsi də aktuallıq daşıyır.
Mövzu ilə bağlı tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bu məsələyə münasibət müəyyən mənada mentalitetlə bağlıdır:

“Öncə qeyd edim ki, Azərbaycan müsəlman ölkəsi olduğu üçün bu məsələ müəyyən mənada mentalitetimiz üçün çətin qəbul olunur. Çünki insanlar yaxınları dünyasını dəyişdikdən sonra onların orqanlarının başqa şəxslərə köçürülməsini istəməyə bilirlər. Amma son zamanlar cəmiyyətdə yanaşma dəyişir. İnsanlar düşünürlər ki, əgər dünyasını dəyişən şəxsin orqanları başqa bir insanın həyatını xilas edə biləcəksə, bu, müsbət addımdır. Dini baxımdan da başqa bir insana həyat vermək məqsədi daşıdığı üçün bu məsələyə müsbət yanaşanlar var. Azərbaycanda donor və orqan transplantasiyası ilə bağlı qanunvericilik də formalaşdırılıb və bu sahədə müəyyən hüquqi mexanizmlər mövcuddur. Burada əsas məsələlərdən biri də donorun razılığıdır. Orqanın başqa şəxsə köçürülməsi ilə bağlı proses qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir”.
F. Museyibov qeyd edib ki, uzağa getməyək, Türkiyədə bu proses uzun müddətdir həyata keçirilir:
“Türkiyədə sürücülük vəsiqəsi alınarkən şəxs ölümündən sonra orqanlarının transplantasiya məqsədilə istifadəsinə razılığını əvvəlcədən bildirə bilir. Yəni insan öz iradəsini əvvəlcədən ifadə edir. Azərbaycanda da orqan transplantasiyası sahəsində müəyyən təcrübə formalaşıb. Ürək və böyrək transplantasiyası ilə yanaşı, digər orqan və toxumaların transplantasiyası istiqamətində də işlər aparılır. Ümumilikdə, transplantasiya başqa bir insanın həyatının xilas edilməsinə imkan verirsə, bunu müsbət yanaşma kimi qiymətləndirirəm. Bir insanın ölümündən sonra onun orqanlarının başqa bir insanın həyatına ümid verməsi mühüm məsələdir”.
Nuray Mehtiyeva
17:00 29.09.2026
Oxunuş sayı: 51