Bir üzrlə hər şey düzəlmir: Münasibətlərdə itirilmiş etimad necə bərpa olunur?
Münasibətlərdə etimad tərəflər arasında emosional yaxınlığın və psixoloji təhlükəsizliyin formalaşmasında mühüm rol oynayır. İnsan qarşı tərəfə güvəndikdə hisslərini daha rahat ifad edir, zəif tərəflərini göstərməkdən çəkinmir və münasibətdə özünü daha təhlükəsiz hiss edir. Lakin etimadın pozulması yalnız qarşı tərəfə münasibəti deyil, insanın münasibətdəki emosional davranışlarını və gözləntilərini də dəyişə bilər. Etimad sarsıldıqda insan baş verən hadisədən inciməklə yanaşı, onun yenidən təkrarlanacağından da narahat ola bilər. Bu isə münasibətdə şübhə, qısqanclıq, emosional uzaqlaşma və qarşı tərəfin davranışlarına nəzarət etmək istəyini gücləndirə bilər. Bəzən sevgi və emosional bağlılıq davam etsə də, əvvəlki güvən hissi itir. Bəs belə vəziyyətdə etimadı yenidən qurmaq üçün yalnız üzr istəmək kifayətdirmi, yoxsa bunun üçün daha uzunmüddətli dəyişiklik lazımdır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən psixoloq Mətanət Əliyeva bildirib ki, üzr istəmək, açıq ünsiyyət və davranış dəyişikliyi etimadın bərpasında bir-birini tamamlayan proseslərdir:

"Münasibətlərdə etimadın itirilməsi insanın münasibətlə bağlı formalaşdırdığı gözləntilərin sarsılması deməkdir. Bu zaman insan yalnız baş vermiş hadisədən incimir, eyni zamanda gələcəkdə həmin hadisənin təkrarlanacağından narahat olur. Nəticədə şübhə, təşviş, qısqanclıq, emosional uzaqlaşma və qarşı tərəfin davranışlarını davamlı nəzarətdə saxlamaq istəyi yarana bilər. Burada maraqlı psixoloji məqamlardan biri odur ki, etimadın itirilməsi ilə emosional bağlılığın itirilməsi eyni şey deyil. İnsan bəzən qarşı tərəfi sevməyə davam etsə də, ona əvvəlki kimi güvənə bilmir. Məhz bu ziddiyyət münasibətlərin bərpasını çətinləşdirən əsas amillərdən biridir. İnsan bir tərəfdən münasibəti qorumaq, digər tərəfdən isə özünü yenidən incinməkdən müdafiə etmək istəyir. Üzr istəmək münasibətin bərpası üçün mühüm başlanğıc ola bilər. Ancaq psixoloji baxımdan səmimi üzr istəmək yalnız peşman olduğunu bildirmək deyil. Burada insan öz davranışına görə məsuliyyət götürməli və qarşı tərəfə yaşatdığı emosional təsiri anlamağa çalışmalıdır. Bəzən insanlar münasibəti itirmək qorxusundan üzr istəyirlər. Bu zaman əsas məqsəd yaranmış narahatlığı tez bir zamanda aradan qaldırmaq olur. Halbuki səmimi üzr istəmək qarşı tərəfin yaşadığı incikliyi qəbul etməyi, öz davranışına bəraət qazandırmamağı və dəyişiklik üçün məsuliyyət götürməyi nəzərdə tutur".
Psixoloq qeyd edib ki, ikinci mühüm mərhələ açıq və təhlükəsiz ünsiyyətdir: “Münasibətlərdə etimad pozulduqdan sonra tərəflər çox vaxt eyni hadisəni fərqli emosional mövqelərdən qiymətləndirirlər. Etimadı zədələyən tərəf hadisənin artıq geridə qaldığını düşünə bilər. Lakin incinmiş tərəf üçün həmin hadisənin emosional təsiri hələ də davam edə bilər. Belə vəziyyətlərdə tərəflərin bir-birini dinləməsi, yaşanan hadisənin yaratdığı emosiyaları müzakirə etməsi və gələcək gözləntilərini aydınlaşdırması vacibdir. Burada xüsusilə emosional validasiya, yəni qarşı tərəfin hisslərini qəbul etmək və anladığını göstərmək mühüm rol oynayır. İnsan öz incikliyinin başa düşüldüyünü hiss etdikdə müdafiə mövqeyindən tədricən uzaqlaşa və münasibətdə yenidən emosional yaxınlıq qurmağa daha açıq ola bilər. Lakin yalnız danışmaq kifayət etmir. Etimadın bərpasında həlledici məqamlardan biri sözlə davranış arasında uyğunluğun yaranması və bu uyğunluğun uzun müddət qorunmasıdır. Psixoloji baxımdan etimad həm də təcrübə əsasında formalaşır. İnsan qarşı tərəfin davranışlarını müşahidə edərək onun nə dərəcədə etibarlı olduğuna dair təsəvvür yaradır. Etimad pozulduqdan sonra bu təsəvvürün dəyişməsi üçün yeni və müsbət təcrübələrə ehtiyac yaranır. Qarşı tərəf verdiyi sözlərə əməl etdikdə, münasibətdə şəffaflıq nümayiş etdirdikdə, sərhədlərə hörmətlə yanaşdıqda və əvvəlki zərərli davranışlarını təkrarlamadıqda etimadın tədricən bərpası üçün şərait yaranır. Bəzən insanlar etimadı bərpa etməklə əvvəlki münasibətə qayıtmağı eyni anlayış kimi qəbul edirlər. Halbuki psixoloji baxımdan münasibət ciddi etimad pozuntusundan sonra əvvəlki formasına qayıtmaya bilər. Tərəflər hadisədən sonra bir-birinin ehtiyaclarını, emosional sərhədlərini və münasibətdən gözləntilərini yenidən müəyyənləşdirməli ola bilərlər. Başqa sözlə, məqsəd hər zaman əvvəlki münasibəti geri qaytarmaq deyil, daha sağlam münasibət modelini formalaşdırmaq olmalıdır. Bağışlamaq və yenidən güvənmək də eyni anlayış deyil. Bağışlamaq insanın yaşadığı incikliklə münasibətinin dəyişməsi prosesidir. Yenidən güvənmək isə qarşı tərəfin gələcək davranışlarına dair etibarın formalaşmasını tələb edir. İnsan qarşı tərəfi bağışlasa belə, ona dərhal etibar etməyə hazır olmaya bilər. Bu səbəbdən etimadı zədələyən şəxsin qarşı tərəfdən dərhal bağışlanmağı və hər şeyin əvvəlki kimi olmasını gözləməsi münasibətdə əlavə emosional təzyiq yarada bilər”.
Psixoloq vurğulayıb ki, cütlük terapiyasında da əsas diqqət yalnız tərəflərin bir-birini bağışlamasına deyil, münasibətdə mövcud olan davranış modellərinin, emosional ehtiyacların və ünsiyyət çətinliklərinin müəyyən edilməsinə yönəldilir: “Xüsusilə emosiyaya fokuslanan cütlük terapiyasında tərəflərin münasibətdəki emosional təhlükəsizlik ehtiyacları və bağlılıq nümunələri üzərində işlənilir. Koqnitiv-bihevioral yanaşmalarda isə etimadı zəiflədən düşüncə və davranış modellərinin dəyişdirilməsi əsas istiqamətlərdən biri ola bilər. Bununla yanaşı, bütün münasibətlərdə etimadın bərpasının mümkün olduğunu düşünmək də doğru deyil. Əgər münasibətdə davamlı yalan, manipulyasiya, psixoloji və ya fiziki zorakılıq mövcuddursa, əsas məsələ münasibəti nəyin bahasına olursa-olsun qorumaq deyil, insanın psixoloji və fiziki təhlükəsizliyini təmin etməkdir”.
Zeynəb Həsən
16:00 29.09.2026
Oxunuş sayı: 45