Uşaqlara qarşı cinsi zorakılığa görə ömürlük həbs: qanun dəyişir?
Özbəkistanda uşaqlara qarşı xüsusilə ağır cinsi cinayətlərə görə cəzaların sərtləşdirilməsi təklif olunur. Ölkə parlamentinin Qanunvericilik Palatasında birinci oxunuşdan keçən qanun layihəsinə əsasən, 14 yaşdan kiçik uşağa qarşı cinsi zorakılığa görə uzunmüddətli və ya ömürlük azadlıqdan məhrumetmə cəzasının tətbiqi mümkün ola bilər. Sənəd “Adolat” Sosial Demokrat Partiyasının fraksiyası tərəfindən təqdim edilib və Cinayət, Cinayət-Prosessual və İnzibati Məsuliyyət məcəllələri də daxil olmaqla bir sıra qanunvericilik aktlarına dəyişiklikləri nəzərdə tutur.
Təklif uşaqların cinsi zorakılıqdan qorunması istiqamətində cəza mexanizmlərinin sərtləşdirilməsi məsələsini yenidən gündəmə gətirib. Lakin belə hallarda cəzanın hansı meyarlarla müəyyənləşdirilməsi, cinayətin ağırlaşdırıcı halları və daha sərt sanksiyaların cinayətlərin qarşısının alınmasına təsiri hüquqi müstəvidə ayrıca qiymətləndirilən məsələlərdir. Azərbaycanda isə cinayətə görə cəzalar Cinayət Məcəlləsi ilə müəyyənləşdirilir və cinayətin yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi cəzanın müəyyənləşdirilməsində nəzərə alınan hallardan biri kimi çıxış edir. Maraqlıdır bu qanun Azərbaycanda da qəbul edilə müzakirəyə çıxarıla bilərmi?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycanda tətbiq edilən cəzalar Cinayət Məcəlləsinə əsasən müəyyənləşdirilir və müxtəlif ölkələrdə eyni əmələ görə fərqli cəzaların nəzərdə tutulması mümkündür.

"Azərbaycan Respublikası anglo-sakson deyil, roman-german hüquq sisteminə daxil olan dövlətdir. Dövlətimizdə verilən cəzalar yalnız Cinayət Məcəlləsində nəzərdə tutulduqdan sonra tətbiq olunur. Dövlətlər üçün hər hansı cəzaların müəyyənləşdirilməsi ilə bağlı vahid kriteriya yoxdur və bu, dövlətlərin özlərinin daxili işidir. Məsələn, hər hansı ölkədə konkret əmələ görə nəzərdə tutulmuş cəza digər dövlətdə həmin əmələ görə müəyyən edilən cəza ilə müqayisədə daha yüngül və ya daha ağır ola bilər. Azərbaycanda Cinayət Məcəlləsində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilib. Ağırlaşdırıcı hallardan biri cinayətin azyaşlılara, o cümlədən köməksiz vəziyyətdə olan şəxslərə qarşı törədilməsi, eləcə də şəxsin öz üstün mövqeyindən istifadə etməsidir. Bu hallar cinayəti ağırlaşdıran hal kimi xarakterizə olunur və cəzanın təyin edilməsi zamanı nəzərə alınır".
Hüquqşünas qeyd edib ki, azyaşlılara qarşı müxtəlif formada cinayətlərin törədilməsi — istər seksual xarakterli hərəkətlər, istər sağlamlıq əleyhinə cinayətlər, istərsə də yetkinlik yaşına çatmayan şəxslərin hər hansı cinayətin törədilməsində istifadə olunması — Cinayət Məcəlləsində nəzərdə tutulan hallardır:
"Şəxsin islah olunması baxımından isə cinayətlərə görə cəzaların ağırlaşdırılmasından daha çox maarifləndirici tədbirlərin və nəzarət mexanizmlərinin artırılmasına ehtiyac var. Bununla bağlı dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilir. Bu tədbirlər bütün halları əhatə etməsə də, müəyyən məsələlərdə dövlətin tənzimləyici müdaxiləsi müşahidə olunur. Belə halların müzakirəsi dövlətin siyasi elitası səviyyəsində aparıla bilər və bu məsələdə hüquq ictimaiyyətinin mövqeyinin öyrənilməsi də vacibdir".
Zeynəb Həsən
13:00 29.09.2026
Oxunuş sayı: 48