Nazirlikdən qərar: 500 min şagird bu fənni xüsusi keçəcək
Süni intellekt artıq şagirdlərin yalnız internetdə məlumat axtardığı və ya suallarına cavab aldığı texnologiya olmaqdan çıxaraq təhsil prosesinin özünə daxil olur. Azərbaycanda da bu istiqamətdə yeni mərhələyə start verilib. Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında təhsil sahəsində süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsini nəzərdə tutan üçillik Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, müəllim və şagirdlər üçün AI əsaslı tədris imkanlarının yaradılması, müəllimlərə yeni texnologiyalardan istifadə üzrə təlimlərin keçirilməsi və məktəblərdə süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair yanaşmaların hazırlanması nəzərdə tutulur.
Əməkdaşlığın diqqətçəkən istiqamətlərindən biri riyaziyyat, təbiət elmləri və oxu üzrə təhsil prosesinin OpenAI texnologiyalarından istifadə edilməklə inkişaf etdirilməsidir. Müəllimlərin dərs planlaşdırması, tədris materiallarının hazırlanması və şagirdlərin qiymətləndirilməsi prosesində süni intellekt əsaslı dəstək alması, həmçinin müxtəlif təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır. Bu, may ayında başlayan və 500 mindən çox şagird üçün AI əsaslı adaptiv öyrənmə imkanlarının yaradılmasını nəzərdə tutan əməkdaşlığın da davamıdır. Bəs dünyanın ən tanınmış süni intellekt şirkətlərindən biri ilə bu əməkdaşlıq Azərbaycan məktəbləri üçün konkret olaraq nə vəd edir?
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, OpenAI ABŞ-nin, xüsusilə də süni intellekt proqramları tərtib edən böyük bir şirkətidir:

"Bu şirkətin əsas məhsullarından biri də ChatGPT-dir; yəni bu da həmin şirkətə məxsus bir sistemdir. Lakin Elm və Təhsil Nazirliyinin ümumi təhsil məktəblərində təhsilalanların və təhsilverənlərin əməkdaşlığı üçün imzaladığı memorandum sırf ChatGPT ilə bağlı deyil. Bu, bilavasitə süni intellekt proqramlarının və resurslarının ümumi təhsil məktəblərində tətbiqi, təhsilverənlərə və təhsilalanlara fayda verməsi istiqamətində lazımi əməkdaşlığın aparılması ilə bağlıdır".
EKspert qeyd edib ki, xüsusilə də ümumi təhsil məktəblərində süni intellekt ixtisası üzrə təlimlərin keçirilməsi, müəllimlərə xüsusi süni intellekt təlimlərinin təşkil olunması, istedadlı və bacarıqlı şagirdlərə lazımi dəstəyin göstərilməsi, tədris planlarının hazırlanması və proqramların formalaşdırılması, bütün lazımi materialların ümumi təhsil məktəblərində ən yararlı şəkildə tətbiq olunması bu əməkdaşlığın əsasını təşkil edir: "Bu şirkət dünyanın bir çox ölkəsi ilə təhsil sahəsində əməkdaşlıq edən nəhəng bir qurumdur. Hesab edirəm ki, Azərbaycan da bu istiqamətdə lazımi bilik və bacarıqları əldə edə biləcək. Çünki hal-hazırda süni intellekt dövrüdür və yaxın 4-5 il ərzində süni intellekt, demək olar ki, həyatımızın ayrılmaz bir parçasına çevriləcək. Məhz indidən bunun təməlini atmağımız, təhsil sahəsində belə böyük bir şirkətlə əməkdaşlıq etməyimiz gələcəyə yönəlmiş böyük bir uğurun başlanğıcıdır. Çünki bu şirkətin gördüyü işlər və fəaliyyəti danılmazdır. Süni intellekt istiqamətində həm şagirdlərə, həm də müəllimlərə kifayət qədər biliyin aşılanması və təhsil istiqamətində bütün lazımi məlumatların verilməsi sahəsində dürüst bir əməkdaşlığın həyata keçirilməsi Azərbaycan təhsilinə, şübhəsiz ki, öz töhfəsini verəcəkdir. Dünyanın digər inkişaf etmiş ölkələrində olduğu kimi, bu əməkdaşlıq sayəsində lazımi biliklərin mənimsənilməsi Azərbaycan üçün də böyük uğurların qazanılmasına təkan verəcəkdir.”
Zeynəb Həsən
17:30 23.09.2026
Oxunuş sayı: 38