AMEA-da “Azərbaycanın Qarabağ ərazisində Alban abidələri: tarixi reallıq və erməni saxtakarlığı” mövzusunda elmi konfrans keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycanın Qarabağ ərazisində Alban abidələri: tarixi reallıq və erməni saxtakarlığı” mövzusunda elmi konfrans keçirilib.
Crossmedia.az xəbər verir ki, konfransı giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbirin əhəmiyyətini vurğulayıb.
Akademik qeyd edib ki, ermənilərin abidələr üzərindəki cızmaqara yazılarını qədim dövrlərə aid kimi qələmə vermək cəhdləri aydın şəkildə göstərir ki, onlar təkcə qədim tarixi deyil, yaxın keçmişi də saxtalaşdırmaq yolu tutublar: “Tarixi abidələrə süni şəkildə kobud müdaxilələr edilir, onların üzərinə yalançı kitabələr həkk olunur. Əsl tarixi kitabələr isə vaxtilə oğurlanaraq İrəvana aparılıb, dəyişdirilib və abidələrin həqiqi mətnləri təhrifə məruz qoyulub. Hətta son dövrlərdə də bu abidələri qəsdən zədələyərək guya erməni irsinə aid olması barədə yalan təsəvvür formalaşdırmağa çalışırlar. Bütün bunlar Qafqaz Albaniyası tarixinə yönəlmiş əsassız erməni iddialarının və tarixi saxtakarlığın növbəti bariz nümunəsidir”.
Akademik İsa Həbibbəyli torpaqlarımız işğaldan azad edildikdən sonra AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən arxeoloji ekspedisiyaların təşkil olunduğunu, ərazidə genişmiqyaslı qazıntı işlərinə başlanıldığını, alimlərimiz müstəqillik dövrünün tələblərinə uyğun olaraq Alban abidələrini yenidən dərindən və elmi əsaslarla tədqiq etdiklərini bildirib: “Məhz bu elmi həqiqətlərin üzə çıxarılması Ermənistan tərəfini ciddi şəkildə narahat edir. Bu səbəbdən erməni saxtakarlığı yenidən fəallaşıb, son vaxtlar azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisindəki qədim Alban abidələrini özününküləşdirmək məqsədilə beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn süni və əsassız iddialar irəli sürürlər”.
Akademik bildirib ki, yaranmış vəziyyət alimlərimizin qarşısına mühüm və təxirəsalınmaz vəzifələr qoyur. Bu vəzifələr qaldırılan hər bir əsassız iddiaya operativ, qətiyyətli cavab vermək və Akademiyada Qafqaz Albaniyasına dair sistemli, fundamental tədqiqatları daha da dərinləşdirmək kimi məsələləri əhatə edir.
AMEA rəhbəri onu da bildirib ki, hazırda Akademiyanın həm Tarix və Etnologiya İnstitutunda, həm də Arxeologiya və Antropologiya İnstitutunda Qafqaz Albaniyası irsini araşdıran ixtisaslaşmış şöbələr fəaliyyət göstərir. Bununla yanaşı, bir müddət öncə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı, Tarix və Etnologiya İnstitutunun təşəbbüsü ilə qədim Alban dilinin tədrisi üzrə onlayn dərslər təşkil edilib. Bu cür təşəbbüslər yeni nəsillərə tarixi mədəniyyətimizin əsl köklərini dərindən öyrətmək və elmi həqiqətləri qorumaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycan ərazisində olan Qafqaz Albaniyası abidələrinə dair irəli sürdükləri iddiaları qətiyyətlə pisləyir və bu səslənən fikirləri qeyri-elmi, tarixə əsaslanmayan fikirlər kimi rədd edirik.
Sonra Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Azərbaycanın Qarabağ-Zəngəzur abidələrinin ermənilər tərəfindən saxtalaşdırılması cəhdləri və tarixi reallıqlar” mövzusunda çıxış edib. Alim Qarabağ və Zəngəzur ərazilərindəki tarix-mədəniyyət abidələrinin tədqiqi zamanı əldə olunan arxeoloji materialların obyektiv şəkildə öyrənilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Fərhad Quliyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasından dərhal sonra ərazidə fəaliyyətə başlayan arxeoloji ekspedisiyalar ilkin nəticələrini və erməni işğalçılarının Azərbaycan abidələrinə münasibətdə törətdiyi cinayətlərin təsnifatını ictimaiyyətə təqdim ediblər.
İnstitutun direktoru bildirib ki, tədqiqatlar zamanı işğal dövründə Azərbaycan irsinə qarşı sistemli və məqsədyönlü şəkildə həyata keçirilən cinayətlərin biri Tunc dövrünə və daha qədim mərhələlərə aid yaşayış məskənlərinin, kurqanların qondarma arxeogenetik tədqiqatlarla ermənilərin əcdadlarına bağlamaq, guya bölgənin ən qədim sakinlərinin ermənilər olduğu barədə saxta rəy yaradılmağa çalışmaq olub. İkincisi, xristianlıq dövrünə məxsus alban məbəd və monastırlarının memarlıq detallarının zorakılıqla dəyişdirilərək dini-mədəni baxımdan tamamilə erməni-qriqorianlaşdırılması siyasətinin yürüdülməsidir. Üçüncüsü isə Azərbaycan xalqına məxsus məscid və qəbiristanlıqların tamamilə dağıdılması, ya da məhv edilə bilməyən abidələrin azərbaycanlıların deyil, guya başqa müsəlman xalqlarının, xüsusən İran mədəniyyətinin mirası kimi qələmə verilməsidir.
Alim vurğulayıb ki, Azərbaycan arxeoloqları artıq Xocavənd, Kəlbəcər və Ağdərə rayonlarında geniş tədqiqatlara başlayıblar. Xüsusilə Xocavənd rayonunun Tuğ kəndində yerləşən Dövlət Tarix-Memarlıq Qoruğunda Alban knyazlarının saray kompleksində, həmçinin ərazidəki 2 və 3 nömrəli qədim Alban xristian abidələrində, Hadrut və Çanaqçı kəndlərində aparılan arxeoloji qazıntılar erməni yalanlarını elmi dəlillərlə ifşa etməyə imkan verir.
AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ramil Ağayev “Qafqaz Albaniyasının maddi-mədəni irsinə dair” mövzusunda təqdimatında Qafqaz Albaniyası dövlətinin xristianlıq irsi, Alban və erməni kilsələri arasındakı fundamental teoloji fərqlər, eləcə də erməni tarixçilərinin öz mənbələrində gizlədə bilmədikləri tarixi həqiqətlərə dair faktları diqqətə çatdırıb.
Məruzəçi bildirib ki, tarixi salnamələrdə, o cümlədən Musa Kalankatuklunun əsərində albanların xristianlığı ermənilərdən əsrlər öncə qəbul etdiyi faktlarla təsdiqlənir. Eyni zamanda kilsələrin etiqad baxımından tam fərqli cərəyanlara mənsub olduğu vurğulanır. Alim ermənilərin Qarabağ və Naxçıvan abidələrini təkcə yazı və əlifba vasitəsilə mənimsəmə cəhdlərinin beynəlxalq elmi prinsiplərə zidd olduğunu qeyd edib: “Albaniya dövlətinin süqutundan sonra xalqın böyük qismi İslam dinini qəbul etsə də, Xaçın knyazlığı timsalında xristian ənənələrini qoruyan albanların maddi irsi erməni abidələrindən köklü şəkildə seçilib. Qriqorian abidələrindən fərqli olaraq, Alban xaçdaşlarında və qəbirlərində qədim dünyagörüşün izləri olan Ay, Günəş və quş simvolları yer alır. Ərazidəki qəbir abidələrinin əksəriyyətinin üzərindəki adların erməni deyil, birbaşa albanəsilli tarixi şəxsiyyətlərə aid olduğu görülür”.
Daha sonra Tarix və Etnologiya İnstitutunun Azərbaycanın qədim dövr tarixi şöbəsinin müdiri Ramin Əlizadə “Müasir Ermənistanda kulturosid siyasəti və Qafqaz Albaniyası” adlı məruzəsində bildirib ki, Qafqaz Albaniyasının tədqiq edilməsində ən mühüm yanlışlıq bu dövlətin qədim tarixinin və mədəniyyətinin müasir sərhədlər kontekstində araşdırılmasıdır: “Bu yanaşma SSRİ dövründə erməni əsilli tədqiqatçıların albanşünaslığa vurduğu ən böyük zərbədir. Qədim tarixi müasir sərhədlər daxilində öyrənmək əslində onu təhrif etmək və saxtalaşdırmaq deməkdir. Halbuki həm arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş artefaktlar, yerüstü tarixi-mədəni və dini abidələr, həm də yazılı mənbələrdə əks olunmuş məlumatlar bu saxtakarlığı ifşa edir”.
Alim bildirilib ki, Türkiyə Cümhuriyyətinin Van şəhəri yaxınlığında, qədim qaya üzərində 200-ə yaxın kitabə mövcuddur ki, səfərimiz zamanı bu kitabələrdə urartu dilində yazıların olduğunu gördük: “Qayaüstü yazının yerləşdiyi tarixi ərazidə vaxtilə İosif Orbeli və Nikolay Marrın ekspedisiyaları tərəfindən qeydiyyata alınan bu kitabələrin bəzilərini ermənilər sonradan qəsdən zədələyərək izləri itirməyə çalışıblar. Lakin mətnlərin foto-sənədləri və ilkin nəşrləri elmi dövriyyədə qorunub saxlanılır. Bu yazılarda Alban ölkəsi ilə yanaşı, Göyçə gölü hövzəsinə və Qarabağ bölgəsinə aid digər qədim ərazi adları paralel şəkildə sadalanır”.
Ramin Əlizadə çıxışda vurğulayıb ki, Urartu mixi yazılarında Alban ölkəsinin adının qeyd olunması Qafqaz Albaniyası tarixinin hüdudlarını xristianlıq mərhələsindən qat-qat əvvələ aparır və ermənilərin bu irsi təkcə kilsə müstəvisində özününküləşdirmək iddialarını kökündən darmadağın edir.
Tədbirdə Tarix və Etnologiya İnstitutunun Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Ramil Niftəliyev “Qafqaz Alban katolikoslarının Alban kilsələrinin qriqorianlaşdırılmasına qarşı mübarizəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Alban kilsəsinin tarixi inkişafı, Alban katolikoslarının fəaliyyəti və kilsələrin dini-mədəni kimliyinin qorunması istiqamətində aparılan mübarizə tarixinə diqqət çəkilib.
Ramil Niftəliyev albanların Qafqazın yerli xalqı kimi Azərbaycan xalqının etnogenezində və dövlətçilik tarixində silinməz iz qoyduqlarını deyib. Qeyd edib ki, “Alban tarixi” salnaməsində yer alan erməni katolikosu Avraamın etirafına görə, Alban patriarx taxtı ermənilərinkindən qat-qat əzəlidir. Bundan əlavə, Alban katolikosluğunun ilkin dini mərkəzləri məhz Azərbaycanın tarixi şəhərləri olan Qəbələ və Çola (Dərbənd) şəhərlərində fəaliyyət göstərib.
Konfransda AMEA Memarlıq və İncəsənət İnstitutunun Təsviri, dekorativ-tətbiqi sənətlər və heraldika şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimov “Qafqaz Albaniyasının mədəni inkişaf dövrləri” adlı təqdimatında Qafqaz Albaniyasının mədəni inkişafının müxtəlif mərhələlərinə toxunaraq, həmin dövrün memarlıq, təsviri və dekorativ-tətbiqi sənət nümunələrindən bəhs edib. Məruzəçi qeyd edib ki, Alban heykəltaraşlığı ibtidai dövr, antik dövr və erkən orta əsrlər mərhələlərini əhatə edir. Heykəllərin yaranış fəlsəfəsi animizm, totemizm, qoruyucu və simpatik (bənzərlik) magiya təsəvvürlərinə, erkən orta əsrlərdə isə xristianlıqla yanaşı birbaşa qədim türk dünyagörüşünə bağlıdır.
Alim təqdimatında Mingəçevirdən tapılmış e.ə. VII–VI əsrlər Skif dövrünə aid maral, bala və hücum edən qurd motivinin təxminən iki min il sonra eynilə XIII əsr Şirvan abidələrində də təkrarlandığını nümayiş etdirib. Bildirib ki, bu fakt dövrlərin və dinlərin dəyişməsinə baxmayaraq, Azərbaycan və Qafqaz Albaniyası incəsənətindəki bədii ideyaların köklü və qırılmaz vəhdət təşkil etdiyini təkzibolunmaz şəkildə sübut edir.
Konfransın yekununda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli elmi konfransın materiallarının nəşr edilməsi, Qafqaz Albaniyası irsinin fundamental əsaslarla tədqiqi və erməni saxtakarlıqlarına qarşı sistemli elmi mübarizənin təşkili məqsədilə Akademiyada kompleks Tədbirlər Planının hazırlanması barədə tapşırıq verib.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, hazırlanacaq sənəddə tədqiqatların müasir dünya elminin tələbləri səviyyəsində qurulması üçün arxeoloji ekspedisiyaların maddi-texniki təchizatının təmin edilməsi məsələsi xüsusi yer almalıdır. Bununla yanaşı, tədqiqatların nəticələrini əks etdirən fundamental elmi əsərlərin nəşrlərinin hazırlanması, bu həqiqətlərin beynəlxalq nüfuzlu jurnallarda dərci və geniş yayılması tədbirlər planının əsas prioritetləri kimi müəyyənləşdirilməlidir.
10:42 23.09.2026
Oxunuş sayı: 39