Tramp Zelenskiyə təzyiq göstərib Ukrayna ərazilərini Rusiyaya vermək istəyir
Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təmaslar son həftələrdə yenidən intensivləşib. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner əvvəlcə Moskvada, daha sonra Kiyevdə danışıqlar aparıb. Ukrayna Prezidenti Volodimir Zelenski bu təmasların danışıqlar prosesinin yenidən başlaması baxımından əhəmiyyətli olduğunu bildirib. ABŞ tərəfinin vasitəçilik səyləri fonunda Vaşinqton Moskva və Kiyevlə təmaslarını davam etdirir. Zelenski sentyabrın əvvəlində ABŞ emissarları ilə görüşdən sonra danışıqların mümkün formatlarının müzakirə edildiyini açıqlayıb. Bununla yanaşı, tərəflər arasında əsas fikir ayrılıqları, xüsusilə ərazi məsələsi və müharibənin dayandırılmasının şərtləri ilə bağlı mövqelər qalmaqdadır. Ukrayna rəhbərliyi paralel olaraq hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini də prioritet kimi təqdim edir. Zelenski ABŞ-lə təmaslarda Patriot sistemləri üçün raketlərin istehsalına dair lisenziyalar və digər müdafiə imkanlarının genişləndirilməsini gündəmə gətirib. Bu fonda BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclası çərçivəsində Tramp və Zelenski arasında mümkün görüşün gündəliyi də diqqət mərkəzinə gəlir. Görüşün əsas mövzularından birinin Ukrayna müharibəsinin dayandırılması və Vaşinqtonun diplomatik təşəbbüslərinin gələcək istiqaməti olacağı gözlənilir.

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, indiyədək Prezident Tramp və həmkarı Zelenski arasında keçirilən görüşlər ciddi bir nəticə verməyib: "Eyni zamanda Trampın Moskva və Kiyevə səfər edən emissarlarının vasitəçilik cəhdləri də real nəticələrdən uzaq qalıb. Böyük ehtimalla BMT platformasında Zelenski və Trampın görüşü də ciddi nəticə verməyəcək. Çünki əsas məsələ bundan ibarətdir ki, Amerika Birləşmiş Ştatları Ukrayna müharibəsinin dayandırılması məqsədilə bir saziş layihəsi hazırlayıb və həmin saziş layihəsi bütövlükdə Rusiyanın maraqlarını ifadə edir. ABŞ-nin sülh modelinə görə, Ukrayna öz ərazilərini işğal olunmuş ərazilərini Rusiyaya güzəştə getməlidir. Rəsmi Kiyev isə bununla razılaşmır. Ona görə də sülh prosesində ciddi bir irəliləyiş yoxdur".
Politoloq qeyd edib ki, böyük ehtimalla, əgər bu dəfə də görüş keçirilərsə, yenə də TrampUkrayna Rusiyanın işğal etdiyi əraziləri Rusiyaya güzəştə getməsi üçün Zelenskiyə təzyiq göstərəcək: "Təbii ki, Zelenski də bununla razılaşa bilməz, çünki Zelenskinin belə bir səlahiyyəti yoxdur. Ona görə də anlaşmanın olmayacağı qətiyyən şübhə doğurmur. Görüşün məqsədi hər iki tərəfin öz maraqlarını təmin etməkdən ibarətdir. Yəni Tramp Zelenskiyə təzyiq göstərib Ukrayna ərazilərini Rusiyaya vermək istəyir; Zelenski isə Trampla anlaşaraq Amerika Birləşmiş Ştatlarının dəstəyini daha çox almağa çalışır. Çünki Ukraynanın hazırda “Patriot” raket sistemlərinə, raketlərə və eyni zamanda digər silah-sursat növlərinə ehtiyacı var. Böyük ehtimalla Zelenski bu görüşdə ABŞ-dən Ukraynaya silah-sursat göndərilməsinə nail olmağa çalışacaq. Eyni zamanda hazırda Rusiyanın tərəfdaşı kimi çıxış edən Amerika Birləşmiş Ştatlarını inandırmağa çalışacaq ki, Rusiya ilə belə münasibətlər bütün dünya üçün təhlükəlidir və ABŞ Rusiyaya yox, məhz Ukraynaya siyasi cəhətdən də dəstək verməlidir. Yəqin ki, məhz bu iki istiqamət üzrə qarşılıqlı fikir mübadiləsi aparılacaq və hələlik bu iki dövlət başçısının hansısa məsələdə anlaşma ehtimalı o qədər də inandırıcı görünmür”.
Zeynəb Həsən
18:00 17.09.2026
Oxunuş sayı: 48