DNT-nin gizli müdafiə mexanizmi həyatın Yer üzündə yaranmasını izah edə bilər
Alimlər DNT-nin əsas komponentlərindən biri olan timinin Yerin ilkin dövrlərində həyatın güclü ultrabənövşəyi şüalanmadan qorunmasında mühüm rol oynamış ola biləcəyini müəyyən ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Texas A&M" Universitetinin tədqiqatına istinadən ScienceDaily məlumat yayıb.
Tədqiqatçılar müəyyən ediblər ki, timin ultrabənövşəyi şüaların təsirini tamamilə aradan qaldırmasa da, yaranan molekulyar zədələnmələri daha asan bərpa oluna bilən formaya yönəldə bilər.
Maraqlıdır ki, Yer kürəsinin ilkin dövrlərində ozon təbəqəsi indiki kimi inkişaf etmədiyindən planetin səthi Günəşin zərərli ultrabənövşəyi şüalarına daha çox məruz qalırdı. Bu şəraitdə genetik materialın qorunması həyatın davamlılığı üçün mühüm əhəmiyyət daşıyırdı.
Alimlər timin və RNT-də mövcud olan urasili xüsusi ultrabənövşəyi şüalanmaya məruz qoyaraq onların reaksiyalarını araşdırıblar. Nəticələr göstərib ki, timin zədələnməni molekulun daha asan bərpa edilə bilən hissələrində cəmləşdirə bilər.
Tədqiqatın müəllifləri bu xüsusiyyəti molekulyar günəş qoruyucusuna bənzədirlər. Onların fikrincə, məhz bu mexanizm DNT-nin təkamül prosesində niyə timindən istifadə etməyə başladığını izah edə bilər.
Araşdırmanın nəticələri gələcəkdə suyun ultrabənövşəyi şüalarla dezinfeksiyasının effektivliyinin qiymətləndirilməsi və zərərli mikroorqanizmlərin daha sürətli aşkarlanması üçün də faydalı ola bilər.
Tədqiqat ABŞ-nin Proceedings of the National Academy of Sciences (PNAS) elmi jurnalında dərc olunub.
06:07 23.11.2026
Oxunuş sayı: 24