Ukraynanın hərbi istehsalında maliyyə və kadr böhranı yaşanır
Ukraynanın müdafiə sənayesi silah və hərbi texnika istehsalını genişləndirmək imkanlarının məhdudlaşması ilə üzləşib. Maliyyə çatışmazlığı, ixtisaslı kadr azlığı və Rusiya hücumları səbəbindən istehsal müəssisələrinin fəaliyyətini genişləndirmək çətinləşib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin yazdığına görə, əsas problemlərdən biri maliyyə resurslarının bölüşdürülməsidir. Belə ki, maliyyələşmə 1300-dən çox müəssisə arasında bölüşdürülür və nəticədə ən səmərəli istehsalçılar belə kifayət qədər vəsait əldə edə bilmirlər.
Məsələn, Ukrayna özünün ən effektiv raketlərindən hesab olunan “Neptun” raketlərini Rusiya ilə müqayisə edilə biləcək həcmdə istehsal edə bilmir.
Digər ciddi problem ixtisaslı işçi qüvvəsinin çatışmazlığıdır. Bundan başqa, zavodlar Rusiya hücumları təhlükəsi səbəbindən istehsal güclərini təhlükəsiz şəkildə genişləndirə bilmirlər. Müəssisələr istehsal sahələrini müxtəlif ərazilərə köçürməyə, təhlükəsiz məkanlar tapmağa və icarəyə verənləri həmin obyektlərin hücum hədəfinə çevrilməyəcəyinə inandırmağa məcbur qalırlar.
ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti, Ukrayna hökumətinə müdafiə sənayesinin inkişafı ilə bağlı məsləhətlər vermiş Nik Vudsun fikrincə, bəzi şirkətlər ordunun real ehtiyaclarına ciddi töhfə vermir, əksinə, məhdud maliyyə resursları uğrunda rəqabəti artırır.
Bu səbəbdən Ukrayna müdafiə sənayesi şirkətləri getdikcə daha çox xarici bazarlara üz tuturlar.
Məlumata görə, “Ark Robotics” şirkəti baş ofisini Estoniyaya köçürüb və burada pilotsuz uçuş aparatlarının istehsalını təşkil edib. “Fire Point” biznesindəki payın bir hissəsini satmaq imkanını nəzərdən keçirir. “Swarmer” startapı isə mart ayında Nyu-York birjasında listinqə çıxıb və hazırda ABŞ-nin Texas ştatının Ostin şəhərində fəaliyyət göstərir.
Şirkətlər xarici ölkələrdə yalnız maliyyə vəsaiti deyil, həm də istehsal üçün təhlükəsiz məkanlar axtarırlar. Çünki Ukraynada istehsal fəaliyyətini davam etdirmək getdikcə çətinləşir.
21:48 22.11.2026
Oxunuş sayı: 55