Uilyam Harri və övladlarının titullarını ləğv edə bilər
Böyük Britaniya taxtının vəliəhdi şahzadə Uilyam taxta çıxdıqdan sonra qardaşı Harri və onun övladları Arçi və Lilibetin kral titullarından məhrum edilməsini nəzərdə tutan dəyişikliklər etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Daily Mail” jurnalist Tom Sayksın gələcək kitabına istinadən məlumat yayıb.
Sayksın iddiasına görə, Uilyam taxta çıxdıqdan sonra kral ailəsinin titul və imtiyazlarının verilməsi qaydalarını dəyişmək istəyir. Yeni qaydalara əsasən, şahzadə və şahzadə xanım titulları yalnız kral ailəsinin rəsmi vəzifələrini yerinə yetirən üzvlərində saxlanılacaq.
Bu statusa malik şəxslər maaş, müavinət, eləcə də pulsuz və ya güzəştli yaşayış yeri ilə təmin ediləcəklər. Rəsmi vəzifə daşımayan digər ailə üzvləri isə bu imtiyazlardan və “Əlahəzrət” müraciət formasından məhrum ediləcəklər. Jurnalist bu məlumatları Uilyamın yaxın dostlarından birinə istinadən yayıb.
Dəyişikliklər Uilyamın öz övladlarına da şamil oluna bilər. Belə ki, qızı Şarlotta və kiçik oğlu Lui gələcəkdə kral ailəsindən kənarda müstəqil karyera qurmaq istəsələr, titullarından imtina edə biləcəklər.
Lakin taxtın gələcək varisi hesab olunan böyük oğlu Corcun statusunun dəyişikliklərdən təsirlənməyəcəyi bildirilir.
Qeyd edək ki, sözügedən təkliflər Tom Sayksın 2027-ci ilin fevralında nəşr olunması gözlənilən “Dukes of Hazard” adlı kitabında yer alacaq. Kensinqton sarayı isə kitabda səsləndirilən iddialarla bağlı şərh verməkdən imtina edib.
18:56 22.11.2026
Oxunuş sayı: 48